Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:39

Dunayda piratlar var?


Dunay çayı
Dunay çayı
Rumıniyanın cənub-şərqində Dunay çayı boyunca çay gəmilərinin konvoyu görünür. Qış olmasına baxmayaraq, yağıntı az olduğundan çayda suyun səviyyəsi aşağıdır.
Çayın xüsusilə dayaz hissələrindən keçmək üçün bu gəmilərin yedəyə alınması lazım gəlir. Ona görə də bu gəmilər saatlarla yedək gözləməli olurlar. Bu çay gəmiləri dəmir filizi, ya da daş kömür ilə dolu olur. İçərisində cəmi bir neçə heyət üzvünü olduğu gəmilərin bəziləri gözlədikləri bu müddətdə sahilə çəkilirlər.
Dunayın Rumıniyadakı hissəsində bu alışılmış səhnədir. Dunay Avropanın əsas nəqliyyat yollarından biri olduğuna görə bu gəmilər müxtəlif ölkələrə məxsusdur.
Yanvarın 4-də baş vermiş insident Ukrayna gəmiləri ilə bağlı olub. Konvoyun sahibi Ukraynanın Dunay Gəmiçilik Şirkətidir. Bu şirkətdən bildiriblər ki, onların biri yedək gözləyərkən konvoydakı digər gəmilərdən təcrid edilərək soyğuna məruz qalıb. Bıçaqla silahlanmış bir qrup şəxs gəmiyə daxil olaraq gəmidəkiləri suya atmaqla hədələyib. Onlar pul, yanacaq, spirtli içki və siqaret götürüblər. Getməzdən qabaq özləri ilə iri trosu da aparıblar. Həmin vaxt xəsarət alan olmayıb.
ŞİRKƏT RUMINİYANIN SAHİL POLİSİNƏ MÜRACİƏT EDİB
Bildirib ki, bu pirat hücumudur. Ukraynanın Xarici İşlər Nazirliyi Kiyevdəki Rumıniya səfirini nazirliyə çağırıb. Nazirliyin sözçüsü Oleksandr Dikusarov insidentlə bağlı bunları deyib:
«Hadisə yanvarın 4-də baş verib. Onlar gəmilərə, o cümlədən Ukrayna gəmilərinə hücum edən cinayətkarlardır. Onlar 100 metrlik tros oğurlayıblar. Əvvəlcə biz Buxarestdəki səfirliyimizə tapşırdıq ki, Rumıniya hakimiyyəti ilə əlaqə saxlayıb izahat alsın. Biz indi cavab gözləyirik».
Rumın balıqçılar
Rumın balıqçılar
Rumıniya Xarici İşlər Nazirliyinin sözçüsü Doris Mircea isə deyib ki, Ukraynanın şikayəti yanvarın -26-da təqdim olunub, tədqiqat başlayıb:
«Şikayət Rumıniyanın Daxili İşlər Nazirliyinə ünvanlanıb. Belə şikayətləri Daxili İşlər Nazirliyi araşdırır. Rumıniyanın Kiyevdəki səfirliyi həmin hücumla bağlı aparılan araşdırma haqqında Ukrayna Xarici İşlər Nazirliyini məlumatlandırıb».
Əvvəllər belə hadisənin qeydə alınmadığı bildirilir. Baxmayaraq ki, Bolqarıstan və Ukrayna mediasında gəmiləri soyan rumın piratlar haqda məlumat yayılıb, indiyə qədər belə insident qeydə alınmayıb.
BU SOMALİ PİRATLARI DEYİL…
Əgər başdan ayağa silahlı, girov qarşılığında milyonlarla dolar tələb edən Somali piratlarını düşünürsünüzsə, onda belə piratlar yoxdur. Mediada yayılmış məlumatlarda o da bildirilir ki, əslində çaydan keçən gəmilərin heyət üzvləri öz yüklərini oğurlayıb satırlar, sonra da dırnaqarası piratları günahlandırırlar.
Adının çəkilməsini istəməyən istintaqa yaxın rəsmilərdən biri bildirib ki, bu piratçılıq deyil. Sadəcə kiçik miqyaslı kontrabandadır. Rumın kəndlərindən olan balıqçılar bəzən çay boyunca öz məhsullarını satmaq, ya da nəsə almaq üçün çaydan keçən gəmilərə qalxır. Bu kəndlərdə əsasən etnik ruslar yaşayır. Onlar üçün ən yaxşı pula gedən şey metal qırıntılardır. Onlar metalı dənizçilərdən ucuz alıb bazarlarda baha satırlar. Çox vaxt bu sövdələşməni içki ilə də qeyd edilər. Sözləri çəp gələndə isə aralarında dava-dalaş düşür. Çox güman ki, yanvarın 4-də də belə bir hadisə baş verib.

Sayta hazırladı: Kəbiran Dilavərli

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG