Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:04

İlham Əliyevin Münhen görüşünə reaksiyalar


Almaniya. İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən. 03 fevral 2012 (Reuters: Michael Dalder)
Almaniya. İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən. 03 fevral 2012 (Reuters: Michael Dalder)
«O CÜR QƏZƏBLİ, SƏRT CAVABLARLA, SUAL VERƏNİ SAVADSIZLIQDA İTTİHAM ETMƏKLƏ VƏZİYYƏT DÜZƏLMİR»

Müsavat Partiyasının başqanı İsa Qəmbər belə deyir. Azərbaycan prezidenti İlham Əliyevin fevralın 3-də Münhendə üzləşdiyi sual və onun cavabına münasibət bildirərkən.

Almaniyanın Xarici Siyasət və Təhlükəsizlik İnstitutunun direktoru Volker Perthes sual etmişdi: «Öz siyasi strukturuna görə Mubarakin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?»

İlham Əliyevsə sözə belə başlayıb: «Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm». Daha sonra 8 illik prezidentlik dövründə Azərbaycanda ümumi daxili məhsulun 3 dəfə artdığını deyib. «Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb».

Prezident deyib ki, siyasi vəziyyət də sabitdir. Ölkədə çoxpartiyalı sistem var. Mətbuat, din, internet də azaddır. O çıxışını belə yekunlaşdırıb: «Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz».

İsa Qəmbər
İsa Qəmbər
Müsavat Partiyası başqanı İsa Qəmbər deyir ki, bu cavaba nə Avropada, nə də Azərbaycanda inanırlar:

«Artan iş yerləri, dirçələn həyat səviyyəsi barədə, Azərbaycanda guya çoxpartiyalı sistem, demokratiyanın mövcud olması, söz azadlığı, ifadə azadlığı olması barədə deyilənlər heç kimi inandıra bilməz. Gerçəklik Azərbaycanda 180 dərəcə əksinədir. Və həmin toplantıda Azərbaycandakı vəziyyəti bildikləri üçün sual vermişdilər. Ona görə də o cür qəzəbli, sərt cavablarla, sualı verəni savadsızlıqda ittiham etməklə vəziyyət düzəlmir. Əksinə Azərbaycanda vəziyyəti dəyişmək lazımdır. Azərbaycanda həm siyasi, həm iqtisadi azadlıqları bərqərar etmək lazımdır. Bununla da beynəlxalq aləmdə Azərbaycanın cəlbediciliyini, hörmətini, nüfuzunu artırmaq olar. Ona görə də İlham Əliyev haqlı suallara sərt cavablar haqda deyil, o sualları doğuran səbəblərin aradan qalxması haqda düşünsə daha yaxşı olar».

«YANILTMAC OYUNU» VƏ YA BOLQARISTAN NÜMUNƏSİ

REAL ictimai birliyinin təmsilçisi və iqtisadçı Natiq Cəfərli isə İlham Əliyevin sadaladığı bəzi iqtisadi uğurlara diqqət çəkir. Məsələn, ÜDM-in 3 dəfə artması. İqtisadçıya görə, bunun əsas səbəbi hökumətin uğurlu iqtisadi siyasəti deyil. Əksinə İlham Əliyev hakimiyyətə gəldiyi dövrdə neftin hasilatının və qiymətinin artımı idi:

«Bunun sübutu kimi keçən ili götürək. 2011-ci ildə neft hasilatı azalan kimi Azərbaycanın ÜDM-in artım tempi MDB-də sonuncu oldu».

Prezidentin başqa tezisi yoxsulluqla bağlıdır. O, 8 ildə yoxsulluğun 50 faizdən 7 faizə düşdüyünü deyir:

Natiq Cəfərli
Natiq Cəfərli
«Burda da yanıltmac var, rəqəm oyunu var. Çünki minimum yaşayış həddini hökumət özü müəyyən edir. Bu rəqəm ortalama 108 manatdır. Hökumət bu rəqəmi müəyyənləşdirərkən hansı indikatordan, hansı kriteridən istifadə etdiyini açıqlamır. Mən Bolqarıstan misalını göstərə bilərəm. Avropa Birliyinin ən kasıb ölkəsidir. Qiymətlər bizdən 2-3 dəfə ucuzdur. Xüsusən də ərzaq, amma buna baxmayaraq yaşayış minimumu 220 avro müəyyən olunub. Azərbaycanda çoxmu ailə tanıyırıq ki, 4 nəfərlik ailənin 900 manata yaxın və ya artıq qazancı olsun. Bu kriteriyaları götürsək Azərbaycanda yoxsulluq həddində olan əhalinin sayı təqribən 60-65 faiz olacaq. Hökumət rəqəmlərlə oynayaraq kasıblıq həddini aşağı salır».

«BİZİM CAMAATIMIZ CANINI ÇOX SEVİR VƏ AZADLIĞIN DADINI BİLMİR»

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«İlham Əliyevin cavabı sıravi və riyakar cavabdır». Politoloq Zərdüşt Əlizadə belə deyir. «Özünün elan etdiyi yalançı rəqəmlərə söykənir. Amma hamı bilir ki, iş yerləri açılmayıb, söz azadlığı yoxdur, hamı bilir ki, ədalətsiz bir hakimiyyət var. O deyir və utanmır».

Misirlə Azərbaycanın müqayisəsinə gəlincə, Zərdüşt Əlizadə də əmindir ki, bu 2 ölkəni və cəmiyyəti həqiqətən də müqayisə etmək olmaz. «Misirdə yüzlərlə adam həyatından keçdi və küçələrdən çəkilmədi. Amma Azərbaycanda mən belə ehtimalı ağlıma gətirmirəm. Onlar düşünürlər ki, vətən, millət, ümmət yolunda şəhid olub cənnətə gedirlər. Bizim camaatımız düşünür ki, 5 günlük dünyadır, ləzzətini çək. Bizim camaatımız canını çox sevir, azadlıq dadını bilmir. Təbrizlilər bilir, biz bilmirik».

Zərdüşt Əlizadəyə görə, Azərbaycanı ancaq Rusiya ilə müqayisə etmək olar. Orda dəyişiklik olacaqsa, Azərbaycanda da dəyişiklik mümkündür.
XS
SM
MD
LG