Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:44
Ramiz Abbasov Bakının Lökbatan qəsəbəsində doğulub. Deyir 3 ildir Rusiya-Azərbaycan sərhədini keçib evinə gələ bilmir. Dərbəndə qədər gəlib, sənədləri qaydasında olmadığı üçün orada ilişib qalıb. Xeyli vaxtdır vağzaldakı dükanların birində satıcıya kömək etməklə çörəkpulunu çıxardır:

«3000 RUBL ORA, 3000 RUBL BU TƏRƏFƏ»

«3 ildir burada qalmışam. Pasportum yoxdur deyə, sərhədi keçə bilmirəm. Buraxmırlar da, nə edim? Qoca kişiyəm, sərhədi hoppanıb keçməyəcəm ki?! Ac qalmamaq üçün məcbur olub burada işləyirəm. Evlə - uşaqlarla telefonla danışıram. Amma onlara da köməyim dəymir. Özümü güclə dolandırıram. Kirayə pulu verirəm. Burada Azərbaycan nümayəndəliyi yoxdur. Mənim də sənədləri düzəltmək üçün Moskvaya getməyə imkanım yoxdur. 3000 rubl ora, 3000 rubl da bu tərəfə təkcə yolpuludur. Amma bunun yemək və sair xərcləri də var».

Dərbəndin dəmiryol vağzalının növbətçisi Koroğlu Teymurov deyir ki, Azərbaycan vətəndaşlarının sənəd məsələsində çox ciddi problemləri var. Həm də bu problemin əsas günahı onların özündədir. Çünki sənədlərinin müddəti bitəndən sonra sərhədi keçməyə gəlirlər:

«Bax, bu, neçə ildir gedə bilmir Azərbaycana. Bax, bu qardaş, bax o qardaş da gedə bilmirlər. Sənədlərində problem var. Problemi həll etmək olardı, amma burada Azərbaycanın nümayəndəliyi olsaydı...».

«QƏTİYYƏTLİ OLMAQ LAZIMDIR»

Dərbənd rayon İcra Hakimiyyətinin başçısı Qurban Qurbanov deyir ki, Dağıstanda konsulluğun açılması məsələsində Azərbaycan Xarici İşlər Nazirliyi qətiyyətli olmalıdır. Qurban Qurbanov

Qurban Qurbanov

Vaxtilə Mahaçqalada konsulluq açmaq istəyirdilər, amma bunu hətta Dərbənddə etmək olardı:

«Konsulluq açmaq lazımdır. İndi çoxlu Rusiya-Azərbaycan birgə müəssisələri yaradılır. Azərbaycan prezidenti İlham Əliyevin Dağıstan Respublikasında bir neçə müəssisə yaratmaq və Olimpiya Kompleksinin tikintisi barədə tapşırığı var. Bütün bunlarla yanaşı, hesab edirəm ki, konsulluq da açmaq lazımdır. Düşünürəm ki, bizim respublika bu məsələni dəstəkləyir. Azərbaycan tərəfdən də bir qədər qətiyyətli hərəkət lazımdır ki, konsulluq Dərbənddə açılsın».

Q.Qurbanov deyir ki, 2-3 il əvvəl Dağıstanda konsulluq açılması istiqamətində danışıqlar aparılırdı. Amma son illər nədənsə bu danışıqlarda fəallıq müşahidə olunmur.

MƏSƏLƏ YAXIN PLANDA YOXDUR

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə AzadlıqRadiosuna bildirib ki, Dağıstanda hər hansı bir diplomatik nümayəndəliyinin açılması məsələsi hələ ki, gündəmdə deyil:

Dərbənd şəhəri

Dərbənd şəhəri

«Dərbənddə hər hansı konsulluğun açılması məsələsi hələlik yaxın planda yoxdur».

Dərbənd şəhəri Şimali Azərbaycan xanlıqlarından Dərbənd xanlığının mərkəzi olub. 1796-cı ildə Rusiya tərəfindən işğal edilib. Şəhər 1840-cı ildən Dərbənd qəzasının, 1846-cı ildən isə Dərbənd quberniyasının mərkəzi olub. 1860-cı ildə Dərbənd quberniyası ləğv olunub, onun tərkibindəki Quba qəzası Bakı quberniyasına verilib. Qalan ərazidə Dağıstan dairəsi yaradılıb. 1920-ci ildə 11-ci Qırmızı Ordunun köməyi ilə Dərbənddə sovet hakimiyyəti elan olunub. Dərbənd şəhəri 1921-ci ildə yaradılmış Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edilib. Bununla da Azərbaycanın tarixi şəhəri Dərbənd Rusiya Federasiyasının tərkibinə qatılıb. 1991-ci ildə SSRİ dağıldıqda isə Dərbənd yenə də Rusiyanın tərkibində qalıb. Hazırda Dərbənd əhalisinin təxminən yarısı azərbaycanlılar, qalanı isə başqa xalqlarının nümayəndələridir.

Şərhləri göstər

XS
SM
MD
LG