Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:29

İşə hansı məhkəmə baxsın: inzibati ya adi?


Ülvi Həsənli
Ülvi Həsənli
Ülvi Həsənli Turizm Universitetinin 4-cü kurs tələbəsidir. 3-cü kursda imtahanlarda iştirak edə bilmədiyindən 500 manat ödəyib, ötən ilki dərslərdə iştirak etməlidir. Sonradan həm bu ilki, həm də ötən ilki imtahanları verməldir.

Ötən il imtahanlara buraxılmamasının səbəbi isə 2011-ci il martın 11-də «Gənclərin qəzəb günü» etiraz aksiyasında iştirak etdiyinə görə 7 sutka həbs edilməsdir. Həmin vaxt dəslərdə iştirak edə bilmədiyinə görə imtahanlara buraxılmayıb. Ülvi Həsənli universitet rəhbərliyinə məhkəmənin həbs hökmünü təqdim edib və iradəsindən asılı olmayan səbəblərdən dərslərdə iştirak edə bilmədiyini bildirib. Amma universitetdən ona bildirilib ki, universitetin daxili nizamnaməsinə əsasən qaiblər üzürlü sayıla bilməz. Bundan sonra o, may ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət edib:

«MƏQSƏDLİ ŞƏKİLDƏ PROSESİ UZADIRLAR»

«İnzibati məhkəmə iyulda qərar verdi ki, bu inzibati iş deyil, bu iş rayon məhkəməsində baxılmalıdır. Sonra biz avqust ayında Nərimanov rayon Məhkəməsinə müraciət etdik. İşə Nərimanov rayon məhkəməsində baxıldı və sonda iddiamız təmin olunmadı. Dekabr ayında biz birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verdik. Yanvarın 13-də məhkəmə qərar verdi ki, işə adiyyatı üzrə baxılmayıb. Və iş yenidən 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə göndərildi. Özləri məqsədli şəkildə prosesi uzadırlar ki, nəticə olmasın».

Azərbaycanda İnzibati-İqtisad Məhkəmələri 2011-ci ilin yanvarında yaradılıb. Hazırda ölkədə 6 İnzibati-İqtisad məhkəməsi fəaliyyət göstərir. Onlardan ikisi Bakıda yerləşir.

«ÖTÜR-ÖTÜR OYUNU...»

Hüquqşünas İntiqam Əliyev isə hesab edir ki, Azərbaycanda bir il öncə yaradılan, müraciət və şikayətlərin operativ baxılacağı bildirilən inzibati-iqtisadi məhkəmələrlə bağlı xeyli problemlər mövcuddur:

İntiqam Əliyev
İntiqam Əliyev
«Ən mühüm problemlərdən biri adiyyat məsələsi ilə bağlıdır. Hazırda icraatımızda çoxlu sayda işlər var ki, qanuna görə, inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Amma məhkəmələr bu işləri icraatlarına götürməkdən imtina edirlər. Tutaq ki, İsa Qəmbər və Mirmahmud Fəttayevin Avropa Məhkəməsinin qərarı əsasında işlərinə yenidən baxılması ilə bağlı məhkəməyə müraciət etmişik. Amma 6-7 aydır ki, biz bu işlərin icraata götürülməsinə nail ola bilmirik. Bu məhkəmə ona göndərir, o məhkəmə buna. Burada bir məqsəd var: Ötür-ötür oyunu oynamaqla bu işlərin Avropa Məhkəməsinə getməsinin qarşısını almaq».

«SEÇKİ KOMİSSİYASI, MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ ADI SİYAHIDA YOXDUR»

İntiqam Əliyev hüquqi dövlətlərdə ədalətli qərarların verilməsi üçün əhəmiyyətli olan inzibati-iqtisadi məhkəmələrin Azərbaycanda işləməməsinin səbəbini qanundakı boşluqlarla izah edir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2007-ci ildə 28 avqust tarixli qərarı ilə inzibati orqanların siyahısı bilərəkdən tam təsnif olunmayıb. Beləki həmin siyahıya bir sıra dövlət qurumlarının adı daxil edilib, amma sonda «digər» sözü yazılıb. Məsələn, həmin siyahıya Milli Televiziya və Radio Şurası, Mərkəzi Seçki Komissiyası və digər qurumların adları daxil edilməyib. İntiqam Əliyev bunun bilərəkdən edildiyini hesab edir. Beləki, həmin məsələlərlə bağlı məhkəmələrə müraciət edilərkən əvvəlcə bu orqanların işinə hansı məhkəmədə baxılıb-baxılmaması məsələsi mübahisələndirilməlidir.

MÜƏYYƏNLƏŞDİRİR, AMMA QƏTİLƏŞDİRMİR

Binəqədi Məhkəməsinin hakimi, Məhkəmə-hüquq Şurasının keçmiş üzvü Hüseyn Səfərov Nazirlər Kabinetinin bütün dövlət qurumlarının adlarının siyahıya salınmamasını normal hesab edir:

Nazirlər Kabinetinin binası
Nazirlər Kabinetinin binası
«Nazirlər Kabinetinin qərarı həmin siyahıya daxil olan orqanları müəyyənləşdirir, qətiləşdirmir. Qərarda bildirilir ki, bu orqanlardır və digərləridir. Çünki qanun dəyişdirilir. Və müxtəlif orqanlar da siyahıya salına bilər».

Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli bildirdi ki, inzibati-iqtisadi məhkəmələrin bir illik fəaliyyəti ilə bağlı hesabat hazırlanır. Allahverdi Məmmədli hesabatda bu və digər məsələlərə aydınlıq gətiriləcəyini deyir.

MƏHKƏMƏ PRAKTİKASI FORMALAŞANADƏK...

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bu məsələ ilə bağlı yaranmış problemi normal qarşılayır. O, «İnzibati İcraat haqda» qanun layihəsini hazırlayanlardan biridir. Səyyad Kərimov deyir ki, məhkəmələrə müraciət daxil olarkən məsələnin inzibati məhkəməyə aid olub olmadığı müəyyənləşdirilməlidir:

«İnzibati Prosessual Məcəllə yeni tətbiq olunduğuna görə bu sahədə müəyyən problemlərin meydana çıxması təbiidir, proqnozlaşdırılandır. Bu, gələcəkdə vahid məhkəmə praktikasının formalaşdırılması baxımından da çox əhəmiyyətlidir. Güman edirəm ki, məhkəmələrin adiyyat məsələsini müəyyən etmək üçün yuxarı məhkəmələrə müraciət edilməsi məhkəmə praktikasının yaradılması üçün təqdirə layiqdir. Ola bilər ki, bu konkret hallarda müraciətlərin baxılması prosesini uzada bilər. Amma əvvəl- axır məhkəmə praktikası yaradılmalıdır».

Belə çıxır ki, məhkəmə praktikası formalaşanadək Ülvi Həsənli kimi bir çox iddiaçılar bir neçə aya işə hansı məhkəmədə baxılıb-baxılmamasını müəyyənləşdirməlidirlər.
XS
SM
MD
LG