Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:17

100 min manatlıq əmanət bankdan necə yoxa çıxıb?


Nazirlər Kabinetinin sabiq əməkdaşı Çingiz Quliyev
Nazirlər Kabinetinin sabiq əməkdaşı Çingiz Quliyev
«2012-ci il yanvarında getdim «Zaminbank»a, dedim, burda mənim adıma pul var. Dedilər ki, pul yoxdur. Pulu çıxarıblar».

Nazirlər Kabinetinin sabiq əməkdaşı Çingiz Quliyevin dediyinə görə, o, 2010-cu il dekabrın 28-də «Zaminbank»la 266 saylı depozit müqaviləsi imzalayıb. Əvvəlcə hesaba 100 manat, 2011-ci il yanvarın 18-də isə daha 99 min manat pul qoyub. Dediyinə görə, bir ildən sonra həmin pulun üstünə 4 min manat faiz gəlməli imiş. Elə həmin faizi götürmək istəyəndə ona hesabında pul olmadığı bildirilib.

Bundan sonra Çingiz Quliyev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin «161» saylı qaynar xətt mərkəzinə müraciət edib. Amma deyir müraciətindən 2 həftəyə yaxın vaxt ötsə də onunla maraqlanan olmayıb:

«Mənə prokurorluqdan zəng olunsa, gedib aydınlaşdırarıq ki, mənim imzam olmadan pulumu bankdan kim götürə bilər? Burda yeganə bir variant var ki, tutaq ki, kimsə mənim imzamı çəkər. Amma mən pulun hesabdan çıxarılması haqqında heç bir sənədə imza atmamışam».

«BİZƏ NƏ BELƏ MÜRACİƏT, NƏ DƏ BELƏ BİR ADAM ŞİKAYƏT EDİB»

«Zaminbank»ın valyuta dəyişmə məntəqəsi
«Zaminbank»ın valyuta dəyişmə məntəqəsi
«Zaminbank»dan isə AzadlıqRadiosuna deyiblər ki, onlara bankdan pul götürülməsi problemi ilə bağlı elə bir müştəri müraciət etməyib. Bank əməkdaşının dediyinə görə, Çingiz Quliyev bazar ertəsi - fevralın 6-da bir daha banka, əməliyyat departamentinə müraciət etsin: «Sənədlərini təqdim etsin, biz də araşdıraq. Amma elə bir şey ola bilməz».

Mərkəzi Bankda da hesab edirlər ki, problemlə üzləşən vətəndaşın müraciətindən sonra bu məsələni araşdıra bilərlər.

«BANK ÖHDƏLİK DAŞIYIR»

İqtisadçı ekspert Samir Əliyev isə müştərinin özü olmadan onun bank hesabından pul çıxarılmasının mümkün olmadığını deyir. Onun sözlərinə görə, ola bilər ki, pul sahibi kiməsə etibarnamə verə bilər. Amma vətəndaş heç kimə etibarnamə vermədiyini və özü də bankdan pulu götürmədiyini deyirsə, bu zaman məsələ aydınlaşdırılmalıdır. Samir Əliyevə görə, əgər hesaba haker müdaxiləsi olubsa belə müştərinin pulunu bank qaytarmalıdır:

«Çünki hər hansı şəxs banka depozit yatırısa, bu zaman bankla həmin şəxs arasında müqavilə imzalanır və öhdəlik götürülür. Əgər haker hesabı silibsə, artıq bank məsuliyyət daşıyır. Əgər doğrudan da belə bir hal baş veribsə, bank həmin zərəri ödəməlidir».

Qaldıkı hesabdakı pulun saxta imza ilə kənar adam tərəfindən götürülməsinə ekspert deyir ki, bankdan pul götürülməsi təkcə imza ilə həll olunmur. İmzanı saxtalaşdıran adam, həm də həmin şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Samir Əliyev
Samir Əliyev
Samir Əliyev deyir ki, Rusiya və bəzi ölkələrdə bu kimi halların olması ilə bağlı məlumatlara tez-tez rast gəlinsə də Azərbaycanda belə bir hadisənin baş verməsini birinci dəfədir eşidir.

SAXTA İMZA İLƏ BANKDAN PUL ÇIXARILMA İLK HADİSƏ DEYİL

Amma Baş Prokurorluğun 2011-ci il dekabrın 15-də yaydığı məlumatdan görünür ki, bu kimi hallar Azərbaycanda yeni deyil. Həmin məlumatda qeyd olunur ki, vətəndaş Oqtay Cəfərov «Royalbank» ASC-yə qoyduğu 30 min manatı geri ala bilmədiyi üçün Yasamal rayon məhkəməsinə müraciət edib. Məlumata görə, işə məhkəmədə baxılarkən məlum olub ki, 2009-2010-cu illər ərzində məxaric orderlərinə Oqtay Cəfərovun adından saxta imzalar atılaraq müxtəlif məbləğlərdə pul keçmiş vəzifəli şəxslər tərəfindən mənimsənilib.

Fakta görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, o cümlədən vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanılıb.

Bu ittihamlar məhkəmədə təsdiqlənsə, bank işçilərini 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzası gözləyir. Amma hələki bank bu ittihamlarla bağlı hər hansı mövqe bildirməyib.

«MƏN 100 MİNİ SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ QAZANMIŞAM»

Baş Prokurorluqdan Çingiz Quliyevin Korrupsiyaya qarşı Mübarizə İdarəsinə etdiyi müraciətə heç bir münasibət öyrənmək mümkün olmadı.

Sonda Çingiz Quliyevin «Zaminbank»a qoyduğu pulun mənbəyi ilə də maraqlandıq. Dediyinə görə, bu pulları sahibkarlıq fəaliyyətindən qazanıb. Sadəcə həmin pulları evdə yox, daha etibarlı hesab etdiyi banka qoymağı qərara alıb.
XS
SM
MD
LG