Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:43

Şekspir nə dediyini bilirmiş...


Vaqif Ibrahimoğlu, 2009
Vaqif Ibrahimoğlu, 2009
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ

(Sovet teatr rejissorunun Türkiyə gündəliyi)

əvvəli

23 dekabr, bazar. 1984-cü il

... Dünən gecə düz bir saat (60 dəq.!) qaynar duşun altında soyuqdəyməni çıxarmağa çalışdım. Az qala, buxarın istisindən, bir də gecələr temperatur dəyişir deyə, yataqda üşüməkdən öləcəkdim.

İki dəfə diş ağrısından oyandım, dəhşət içində soda “dəmləyib” ağzımı yaxaladım, dəhşət içində uzanıb, elə dəhşət içində də oyandım... Səhər... təzə-tər və gümrah ayağa qalxdım!

Buna mat qalsam da, səbəbini araşdırmaqdan vaz keçdim. Səhər yeməyini yeyib TV-də “Qalatasaray”la “Gənclər Yığması”nın futbol matçına (1:0) və Sofi Lorenin iştirakıyla mafiya haqqında filmə baxdım – qocalıb, həm də bir az fərsizləşib.

Əhəd gələndən sonra saat 3-də maestro Nazim Rzayevin yanına getdik. Maşını “Türk Dans Toplusu”nun – Folklor Rəqsləri Qrupunun inzibatçısı Əhməd (Ahmet) bəy adlı birisi sürürdü.

Qrupun səs və işıq rejissoru (“yönetmen”i) da bizi müşayiət edirdi. Maşını

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

bacardıqları və istədikləri kimi sürür, kefləri istəyən yerdə dönür, yalnız “ışıklar”a – işıqfora əməl edirlər.

2-ci Əhməd bəy bizi atüstü yemək yerinə apardı: təxminən 10 nəfər tutan kiçik, amma rahat bir yer idi.

Burada xırda-xırda doğranaraq, elə göz önündəcə fırlanan elektrik manqalında qızardılan, yanında soğan, göy-göyərti, kök də verilən və adına “Dönər” deyilən ət yeyir, üstündən də adı gözəl-özü gözəl “Pepsi” içirlər.

Sonra maestro ilə görüşdük və birgə çalışaraq bəzi düzəlişlər etdik (hər “şəkil”in sonunda balet səhnələrini çıxardıq... Əlimi kəssəydilər də, Bakıda buna getməzdim).

Maestro xanımıyla birgə öz hollu olan mənzildə yaşayır. Onlardan başqa bir bolqar xormeyster də burada qalır. Çay içdik, haqqında bizim mətbuatdan xəbər tutduğum bir serialın davamına baxdıq.

Raket ələ keçirmiş yaraqlılarla prezidentin görüşməsindən və öldürülməsindən söz açan bir filmdir. Belə işlərdə amerikalılar da elə dərin ağıl göstərmirlərmiş... Tamam.

Cibişdanımızda pul olmadığından geri pay-piyada qayıtdıq. Bu his və qurum çəkilsəydi, havaya çox gözəl deməmək mümkün deyildi. Bütün şəhərdən keçib qayıdırdıq. Ankaraya gələndən, bilmirəm nədənsə, küçədə hamı mənə boylanır.

Buna Əhəd açıqlıq gətirdi: sən demə, burada xəz papaqdan başqa başlarına nə desən qoyurlar.

Bu papaq mənim yabançı olduğumu, yəni xaricdən gəldiyimi (Mən xariciyəmmiş!!! Mən ha?!.) həmən gözə çarpdırır.

Möhtəşəm papağım sayılıb-sevilir, ona toxunmağı, əl vurub tumar çəkməyi rica edirlər. Mən də, ürəyigeniş bir insan kimi, heç kimin xətrinə dəymirəm.

**

TV-yə baxıb çay içərkən, həm də çox siqaret çəkdiyimi görən bir türk dedi:
- Kusura bakma, efendim, çok içiyorsun siqaranı...

Utana-utana, doğru söylədiyini təsdiqlədim. O da cavabında, görün, nə dedi:

- Biz diyoruz: tutuş, emiş, yutuş... sonra kalkmaz bu kuş...

Sözlərini təkrarlamağı xahiş edib, dediklərini avtobus biletinin qırağına yazdım.

**

Telli rolunun ifaçısı Rezzanla qalmaqal yetişir. Bu... tutaq ki, aktrisa... qulluqçu rolunu heç cür oynamaq istəmir. Bir səhnə mizanı vermişdim: onların üçü də qucaqlaşaraq oturublar. Fasilədə mənə yanaşıb xahiş edir ki, istər oxuyanda, istərsə həmişə ona azadlıq verim. Bu gün maestro Rezzanın Hüsaməddini məhkəməyə verdiyini söylədi və Əhəd də əlavə etdi ki, Kerimanla onun bir-birlərini görən gözü yoxdur. “Dünya bir teatrdır...” söylərkən Şekspir nə dediyini bilirmiş... sabah onu başqasıyla əvəzləyəcəyəm...

**

... Oyunçuları pilləkanlarda yürütməyə başlamışam. Güclə qaçırlar, heç idmançı bacarıqları yoxmuş. Onları təmrinlərə öyrəşdirmək istədim – biri ahıldadı, o biri ufuldadı, az qaldı bellərini qırsınlar.

- Neçə yaşın var? – deyə Bülənddən (Bülent) soruşuram. Cavab verir:


Zeynal Məmmədli
Zeynal Məmmədli
- 28, efendim.

- Bəs 35-ində nə yapacaqsan?

- 35 ben emekta bulunacağım!

“Emekta” sözünə şaşırdığımı (“əməkdar” sözüylə qarışıq salmışdım) görən Əhəd orkestr quyusundan qışqırdı:

- Vaqifciyim, onlar pensiyaya “emekta” deyirlər.

Sözə nə gərək? Aydındır, yəni “əməkdar” – işlə qazanılmış istirahət.

**

Bülənd mənim adamım, mənim aktyorumdur. Məşqlərimin hamısına qatılmasına icazə verməyimi xahiş edib və niyəsini soruşanda belə deyib:

- Yenilik duyuyorum, efendim, siz konuşanda. Tümünü anlıyorum. Eseri okurken her defasında sizin yorumunuz benim için taze olur...

Xoş sözlərdən allanıb-bullanaraq, mehriban-mehriban, onu gözdən keçirirəm.

**

Moskvada Vovadan götürdüyüm “Kodak”ın harada doldurulduğunu öyrəndim. Əhməd bəy daha ucuz başqa yerə aparacağına söz verdi. Lirələr əlimə gəlincə, “Kodak”ı doldurub foto çəkməyə başlayacağam. Tamam və təbii...

25 dekabr, çərşənbə axşamı. 1984-cü il

İki səbəbə görə dünən qeyd aparmadım: 1. Çox yorulmuşdum; 2. Qələmimin mürəkkəbi qurtarmışdı. İndi şam yeməyini yeyib, duşlanmışam, mürəkkəbim də var. Demək, yaşayıram...

Dünən səhər 1-ci səhnəni və 2-ci səhnənin yarısını izlədim. Oyunçuların -- artistlərin səhnə mizanlarını unutmağından dəhşətə gəldim. Keriman xanım hər dəfə daha da irəliləyir, Bülənd ona yaxınlaşır, Hale anlamağa başlayır və... vəssalam. Yerdə qalanların şərti reflekslər aşılanması səviyyəsində yaxşı təlimə ehtiyacları var.
Fasilədə Oğuzla yeməyə getdik.

Yol boyunca söhbətdən anlaşıldı ki, teatrda durum elə təxminən Muskomediyadakı kimidir. Tək fərq burasıdır ki, az qala hamı Hüsaməddin bəydən qorxur. O getsə (və ya getdirsələr) – hər şey dağılar.

...Küftə yedik, susuz-şorbasız. Sonra da bütün gün su içdim – içim yanırdı.
Radiosexin müdiri laz Rengin bəylə danışmaq fürsəti tapdıq.

Ona fonoqramın siyahısını verdim. Radiosex yerin dərinliyində yerləşsə də, oradan səhnəni TV-də izləyirlər. Xüsusi pultdan yararlanmaqla bir çeşid avtotransfokator sayılacaq kameranı sağa, sola və yuxarı yönəltmək olar. İri plan lap iri plan – insan sifətinin yarısı səviyyəsindədir.

Dörd çıxışlı maqnitofon, sığortalı proqram var. Zalla səhnənin hərəsində 4 səsgücləndirici olsa da, onların sayını istənilən qədər artıra bilərlər.

İkinci məşqi (15.00) ara vermədən, həm də saat 18.30-dək, yəni yarım saat artıq apardım. Süleymanın çıxışını saymasaq, 3 pərdəni hazırladım.

Bir dilemma qarşısında qaldım: ya tez-çaparaq başa vurmalıydım, ya da mizanları “oturtmalıydım”. İndi görürəm ki, 1-cini seçməkdə yanılmamışam, sonra yığıb-yığışdıra bilmərəm, axı.

Rəqslər çox vaxt aparır, ayrıca məşqə ehtiyac var.



Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
Hələ dünəndən artıq xaricdə olduğumu unutmuşam və tamaşadan başqa heç nəyi düşünmürəm. Təbii ki, oteldən opera teatrınadək yolun qısalığı da buna öz təsirini göstərir.

Dünən qiyamət hava vardı – 6 dərəcə isti. His də çəkilmişdi və parlaq türk günəşi işıq saçdığından hər şey əla idi. Bu gün, yəni dekabrın 25-də yuxudan güclə ayıldım – çox qatma-qarış yuxular görürdüm.

Səhər yeməyini yeyib duşlandım, amma-ancaq-lakin eynən dünən və ya sırağagünkü kimi, durumum düzəlmədi. Üzümdən zəhrimar yağa-yağa, teatra gəldim və truppa müdirinin otağında gülməcə danışıb türklərin və ən başlıcası,özümün kefini açdım. Beləcə, məşqə dip-diri getdim.

İlkin məşqdən sonra Soltan bəylə Süleymanın görüşü səhnəsini hazırlayıb ara verdim və Oğuzla banka yollandım. Beləcə, həyatımda ilk dəfə əlimə xarici valyuta – 29 min türk lirəsi götürdüm. Bu pulların alıcılıq gücü haqqında təsəvvürüm olmadığından özəl-gözəl duyğular yaşamadım. Sadəcə, əlimdə cürbəcür və əlvan kağızlar tutdum.

Elektrik sexinin müdiri Vedat bəylə danışmağa fürsət tapıb məşqi davam etdirdim. Bu sex Fioletov küçəsindəki səsyazma studiyasına bənzəyir. Nə sükan və tutğaclar, nə də zəncir və məftillər gözə dəyirdi. Orta böyüklükdə otaqda -- çoxlu düyməciyi, mikşeri və tumbleri olan pultun önündə 2 xalatlı əməkdaş oturur.

Bu otağı “budka” adlandırmağa adamın dili gəlmir. “Otaq necə yerləşdirilib?” – deyə soruşsanız, təxminən Azdramadakı tərcüməçi otağını göz önünə gətirin. Üstdə -- sol tərəfdəki lojada yönəldici şəxs üçün mexaniki qurğu quraşdırılıb.

Taxma cihazlar də diqqət çəkir. Tavanda, demək olar, təxminən orkestr quyusunun üzərində daha 2 cərgə qurğular görünür.

Zalda məşq zamanı rejissor bütün gərəkli sexlərlə bağlantı saxlayaraq, pultun arxasında əyləşir (Mən də oturmuşam...). Pult taxma özəlliklidir və kənardan baxanda, “Taxtabiti” tamaşasını izləyən Meyerhold, Mayakovski və Şostakoviçin məşhur fotosunu xatırladır.

... Məşqi qaydasında apardım. Fasilədə xoreoqraf probleminin qızğın müzakirəsi getdi. İşin həcmiylə tanış olan dünənki xanım təklifdən boyun qaçırıb – xorun az yer tutduğuna və ad-san qazandırmayacağına görə. Belə qərara gəldilər ki, bu işi də mən görüm.

... Əhəd mənə baş çəkib, lirələri anlatdı. Bu pula nə ala biləcəyimi öyrəndiyimdən kefim kökəldi. Sevincimdən duşlandım da. Yorulmuşam. Bacarsam, yatmağa gedəcəyəm...

(ardı var)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG