Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:21

Bayraq Meydanında sonuncu bina


Bayraq Meydanında sonuncu bina
Gözlə

No media source currently available

0:00 0:04:53 0:00
Direct-ə keçid

Bayraq Meydanında sonuncu bina


Küləyin səsinin qulaq batırdığı, qardan göz-gözü görməyən, dörd yanı açıq 9 mərtəbəli bu bina Dövlət Bayraq Meydanında hələ tam sökülməyən sonuncu tikilidir. Burada hələ də 30-a yaxın ailə yaşayır. Dediklərinə görə tez-tez qaz, su, elektrik, telefon da kəsilir.

Sahibləri köçən mənzillərin sökülməsi burada yaşayanların, öz dilləri ilə desək, onsuz da qara olan gününü bir az da qaraldıb. Sakinlər evdə də papaqlı-paltolu otururlar. Qar dolmuş blokda addımlamaq, hətta küləyə güc gəlib blokun qapısını belə açmaq müşkülə çevrilib.

EVDƏ QARTOPU OYNAMAQ OLAR

Sakinlərin dediklərinə görə, iki həftədən çoxdur onları liftdən də məhrum ediblər.

Nüşabə Məlikova:
“Dünəndən qazımızı kəsiblər, bütün qonşular ayağa qalxandan sonra indi-indi deyirlər ki, qazı verəcəklər. İşığımız da keçmişdi, usta gətirtdik ki, birləşdirsin. Gah suyumuzu vurub partladırlar, gah damı uçururlar.

Pis vəziyyətdə yaşayırıq, düz əməlli pulumuzu vermirlər ki, çıxaq gedək. 1500 nədir ki? İstədiyimizi versinlər ki, gedək heç olmasa fərli ev alaq da”.

Mətanət Məmmədova:
“Evin içində qarı görürsüz, lap qartopu oynamaq olar. Divarlardan su axıb, nə günə qalıb”.


“BOMJ” KİMİ YAŞAYANLAR...

Aqil Əliyev 5 ünvanında yaşayan sakinlərin köçürülməsinə ötən ildən başlanıb. Artıq yaxınlıqdakı bir neçə bina tamamilə sökülüb.

Həmin ərazidə həm də bu ilin mayında keçiriləcək Eurovision mahnı müsabiqəsi üçün arenanın tikintisinə başlanıb. Sakinlər elə bu arenanın qurbanı olduqlarını deyirlər.

Amma ötən il sakinlərə paylanan rəsmi bildiriş vərəqələrində qeyd olunurdu ki, bu ərazidə abadlıq və yaşıllaşdırma işlərinin aparılması ilə əlaqədar yaşayış sahələri köçürülür.

Hökumət mənzillərin hər kvadrat metrinə görə 1500 manat təklif edir. Bu məbləğin bazar qiymətindən qat-qat aşağı olduğunu iddia edən bir qrup sakin təkliflə razılaşmır, çətinliklərə baxmayaraq hələ də yaşadıqları mənzilləri tərk etmirlər.

Xədicə Güləmirova:
“Köçən qonşuların evlərini uçurdublar, mümkün deyil burda dayanmaq. Bomj kimi yaşayırıq. Belə soyuqda qazı kəsərlər?”

Natalya Bailova:
“Heç bir ölkədə belə şey yoxdur. Nəyə görə biz əziyyət çəkməliyik? Haqqımız olanı bizə vermək istəmirlər. 1500-dən başqa bizə 30 faiz də kompensasiya verməlidirlər. Onu da vermirlər, deyirlər hamısı 1500 manatın içindədir”.

Sakinlərin dediklərinə görə, onlara fevralın 5-dək vaxt qoyulub ki, binanı tərk etsinlər. Onlardan biri olan Xalıq Bağırovun dediyinə görə, onları hədələyirlər ki, köçməyəcəkləri halda hər kvadrat metrə görə 1500 manatı da ala bilməyəcəklər:

“Bizə hədə-qorxu gəlirlər ki, məcburi köçürəcəyik sizi. Gah 5 gün, gah 10 gün vaxt verirlər. İndi də fevralın 5-ə kimi vaxt qoyublar, deyirlər o vaxtadək kim Forma 1 aldız, pulu veriləcək, almasanız fevralın 5-dən sonra o da olmayacaq, ancaq ev verəcəklər”.

BU EVDƏN GƏLİN KÖÇƏN DƏ VAR

Qurbanovlar ailəsində isə toy işi var. 10 gündən sonra qızını gəlin köçürəcək ana – Zülfiyyə Qurbanova təlaş içindədir. Deyir qızını bu cür dağıntının içindən, bu əhval-ruhiyyədə köçürəcəyini heç ağlına da gətirməzdi. Bu azmış kimi Bakı Şəhər İcra Hakimiyyətinin binanı sökmək üçün quraşdırdığı krana bu evin pəncərəsindən əlini uzatsan çatar. Zülfiyyə Qurbanova qarlı-küləkli bu havada hər gün kranın evin üstünə aşacağı qorxusu ilə yaşayır:

“Kran görün haradadır, evimizin üstünə gəlir, uşağıma bir şey olsa, mənə cavab verəcəklər”.

“POLİSLƏR BİZİ EVDƏ TUTUB SAXLADILAR”

Sakinlərin dediyinə görə, müraciət etmədikləri, şikayət ünvanlanmadıqları rəsmi qurum qalmayıb, amma səslərinə səs verən yoxdur. Mətanət Məmmədova:

“Heç kim şikayətimizə baxmır. Prezidentə nə qədər məktub yazmışıq, bir dənə də cavab yoxdur. Prezident Dövlət Bayrağına baxmağa gəlmişdi, polislər bizi evdə tutub saxladılar, buraxmadılar ki, sözümüzü deyək. Nəyə görə biz sözümüzü İlham Əliyevə deyə bilmərik?”.

Sakinlər haqlarını tələb etmək üçün artıq məhkəməyə müraciət ediblər. Deyirlər ki, şikayətlərinə ölkə daxilində baxılmazsa xarici təşkilatlara, İnsan haqları üzrə Avropa Məhkəməsinə üz tutacaqlar.

Bakı şəhər İcra Hakimiyyətinin rəsmiləri bu mövzuda suallara cavab verməkdən imtina edirlər. Onlar yalnız vurğulayırlar ki, sakinlərə evlərinin hər m2-ə 1500 manat verilir, vətəndaşlar da bu pula özlərinə başqa mənzil almalıdırlar.
XS
SM
MD
LG