Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:43

Lavrov Clintonun telefon zənglərinə cavab vermir?


ABŞ. New York. Aktyorlar Suriya prezidenti Bashar al-Assad və Rusiyanın baş naziri Vladimir Putininin maskalarını taxaraq Suriyada baş verənlərə etiraz ediblər
ABŞ. New York. Aktyorlar Suriya prezidenti Bashar al-Assad və Rusiyanın baş naziri Vladimir Putininin maskalarını taxaraq Suriyada baş verənlərə etiraz ediblər
«QƏTL MAŞINI HƏLƏ DƏ İŞLƏYİR»

BMT-nin Təhlükəsizlik Şurasının üzvləri yanvarın 31-də Ərəb Dövlətləri Liqasının Suriya ilə bağlı planını dinləmək üçün toplaşıblar. Suriyada 10 aydı ki, prezident Bashar al-Assadin istefası ilə bağlı etiraz aksiyaları keçirilir. BMT-nin qiymətləndirməsinə görə, aksiyalar zamanı 5 400 adam ölüb.

Qərb ölkələri Ərəb Dövlətləri Liqasının planını dəstəkləyir. Plana görə, prezident Bashar al-Assad istefaya getməli və müxalifətin iştirakı ilə milli hökumət formalaşdırılmalıdır.

Ərəb Liqasının baş katibi Nabil Elaraby deyib ki, qan tökülməsinin qarşısını almaq üçün «təcili və həlledici» qərar verməlidir.

Qatarın baş naziri Sheikh Hamad bin Jassim al-Thani deyib ki, Suriyada «qətl maşını hələ də işləyir».

«HƏRBİ MÜDAXİLƏ NİYYƏTİMİZ YOXDUR»

BMT-nin Təhlükəsizlik Şurasındakı müzakirələrdə Sheikh Hamad deyib ki, o, hərbi müdaxiləyə çağırmır, amma hesab edir, Suriyaya qarşı iqtisadi sanksiyalar güclənməlidir ki, rejim xalqın tələblərini yerinə yetirməyin vacibliyini anlasın.

ABŞ dövlət katibi Hillary Clinton Suriyaya qarşı hərbi müdaxilə olunacağı ilə bağlı iddiaları təkzib edib:

«Biz növbəti günlər Təhlükəsizlik Şurasında bir qərara gəlib Prezident Assad və onun rejiminə mesaj göndərəcəyik. Fikrimcə, aydındır ki, Ərəb Liqası əhəmiyyətli rol oynayıb və biz onun mövqeyini dəstəkləyirik. Və biz istəyirik qeyd edək ki, burda hər hansı hərbi müdaxilə niyyəti yoxdur».

Hillary Clinton əlavə edib ki, Suriya vətəndaş müharibəsinin astanasındadır.

«TƏRƏFLƏRİN SİYASİ DİALOQUN TƏRƏFDARIYIQ»

Rusiyanın BMT-dəki nümayəndəsi Vitaly Churkin deyib ki, onlar münaqişənin həlli üçün Suriyada tərəflərin dialoqunun tərəfdarıdırlar:

Rusiyanın BMT-dəki nümayəndəsi Vitaly Churkin
Rusiyanın BMT-dəki nümayəndəsi Vitaly Churkin
«Burda bizimlə Ərəb Liqası arasında vacib olan şeylər var və bu, siyasi dialoqun olmasına inamdır. Hökumət və partiyalar məşğul olmalıdır. Rusiya bu istiqamət üzrə işləyir. O cümlədən biz Moskvaya hökumət və müxtəlif qrup nümayəndələrini dəvət etmişik və dəvətimizin mahiyyəti də Ərəb Liqasının siyasi dəyişikliklərlə bağlı ilkin şərtləri olmadan gündəliyi müzakirə etməkdir».

Suriyanın BMT-dəki səfiri Bashar Ja'afari isə bildirib ki, onun hökuməti münaqişələr üçün məsuliyyət daşımır. Ja'afari ABŞ və Avropa ölkələrini regionda müstəmləkəçilik siyasəti yürütməkdə ittiham edib.

SOYUQ MÜHARİBƏ YENİDƏN BAŞLAYA BİLƏR?

BMT-nin Təhlükəsizlik Şurasının bu günkü iclası isə nəticəsiz başa çatıb.
Rusiya və Çin Ərəb Dövlətləri Liqasının planını dəstəkləməkdən imtina edib. Rusiya Suriyada zorakılığı dayandırmağa ünvanlanmış qərar layihəsinə veto qoyub. Belə əsas gətirilib ki, qərar layihəsi xarici hərbi müdaxiləni açıq-aşkar istisna etmir.

Təhlükəsizlik Şurasında müzakirələr başlayan ərəfədə ekspertlər bildiriblər ki, Suriya münaqişəsi üzündən ABŞ-Rusiya diplomatik münasibətləri yenidən pozula bilər. Onlar SSRİ və ABŞ arasındakı «soyuq müharibə» illərini xatırladıblar. Hillari Clinton isə deyib ki, Suriya vətəndaş müharibəsi astanasındadır:

Hillary Clinton
Hillary Clinton
«Əhalinin böyük hissəsi silaha sarılanda zorakılıq nəzarətdən çıxır. Bizim hamımızın bir seçimi var: ya Suriya xalqının tərəfini tutmaq və ya da Suriyadakı zorakılığın məsuliyyətini daşımaq».

YA SURİYA, YA MƏSULİYYƏT

Clinton deyib ki, bu böhran sülh yolu ilə həll olunmalıdır. Onun sözlərinə görə, Bashar al Assad istefaya getməli və demokratik islahatlara yol açan danışıqların başlanmasına şərait yaratmalıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Nyu-Yorka gəlməyib. O, Asiya-Sakit okean regionuna səfərdədir. Rusiya və Qərb mətbuatı yazır ki, o, Clintonla görüşdən qəsdən qaçır, hətta onun telefon zənglərinə də cavab vermir.

Bu iddialara Clinton belə cavab verib ki, o, hər şey barədə Lavrovla danışma niyyətindədir. Amma Lavrov Avstraliyadadır. «Mən də Avstraliyada olanda rabitə əlaqəsində problemlər olub» deyən Clinton əlavə edib ki, bu məsələdə intriqa axtarmağın tərəfdarı deyil.

Sayta hazırladı: Səadət Akifqızı
XS
SM
MD
LG