Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:55
.
Təbrizli şairə Ülkər Ucqarın Bakıda "Qanun" nəşriyyatında çap edilmiş "Balıqçı əllərinə doğru" kitabından


ŞEİRLƏR


məndə bir əmanətin var, sarıcıq çoban!


səsin gəlsin!
səsin gəlsin!
mənim oddan köynəyim
kimə qaldın?
püşk atdılar əsgərlər
İsanın tikişsiz köynəyinə
heyfdir parçalansın deyə
püşk atdılar əsgərlər
İsa çarmıxın başında ikən*
sən kimə düşdün oddan köynəyim mənim?
qollarin kimə yetişdi?
kimə düymələndi yaxan?

səsin gəlsin!
heç bir qız əbədi susa bilməz.
qollarımda gömdüyün sirlər açılası bir gün.
indi köksümün başında bir ilan yatıb,
sabahı nə edəcəyəm?
biri günü?
o biri ili?

qızlar
ilanlardan çox ömr edir görünən.
mən necə saxlayım bu sirri sənə?
qadınlar
sevdiklərindən uşağa qalar
mən səndən bu sandıqçaya qaldım
və üstundə çömbəlib
bıldır-bıldır baxan ilana!
məndə bir əmanətin var, sarıcıq çoban
doqquz ay sonra gəlib alarsan...

_______
* Yəhyanın İncili - 19,23-24


üzümüzə gələn il qıtlıq

dodaqların təndirdə qalan çörək qoxusu
“yandım, məni əkən haray!” çağırır
“yandım, məni biçən haraay!” çağırır
“yandım, məni yapan haraaay!” çağırır*


mən əkəni deyiləm
biçəni deyiləm
yapanı deyiləm
durub baxmayım neylim
qız xeylağı...
heyif dodaqların!
götürülər bərəkət bu evdən
bu şəhərdən
bizim bu adsız yurddan
götürülər bərəkət
üzümüzə gələn il qıtlıq!
üzümüzə gələn il
hardan tapım səni?
üzümüzə gələn il
səni az sevsəm, az sevsəm, nə qədər sevim?
üzümüzə gələn il
çətin keçər
üzümüzə gələn il keçməz
axınar
axınar
axınar...

_________
*xalq inanclarından.



ovsun

səsin nağıllardan gəlir
artıq deyilməyən
eşidilməyən
oxunmayan nağıllar...
mənim də tək günahım budur elə
arşınmalçının da səsini hərdən eşidən kimi oluram
axşamlar bu məndə çox olur
və qapıya çıxmasam sovuşur gedir...
- Təbrizin qızları, hooo! Eşidirmisiz?
hə görürsən, xanım!
eşidənin yox
və mənim,
uzaqdan gələn səslərə uyma xəstəliyim var yaman
və həm
sən artıq
sətirlərdən çıxmazsan,
dalımca gəlməzsən
və həm
sevgilinin dalısınca gələ bilməyən xan nəyə yarar
mənim nağıla yolum yox
mənim ayağım bir ağaca bağlıdır
və ağac yerin düz göbəyində durur...

məni ovsunlayıb sətirlərə sarı çəkmə
məni ovsunlama
nağıllarda savaşlar gedir
nağıllarda qalxanlar, dəbilqələr
mən qorxuram belə,
necə deyilənlər?!

yeddinci arxamacan gəzdim
bir at çapdıranımız yox
bir tək bəyimiz, xanımız yox
məni ovlama
ovsunlama
mənim,
yaman,
uzaqdan gələn səslərə uyma xəstəliyim var...


axıram

dumduru durulmuşam sənə
bu saat
baxsan
balıqçı əllərinə doğru üzən
qızılalalarımı görə bilərsən...

baxsan
o yandan, donumda pöhrələnən
çiçəklərim görünür.
durulmuşam, axıram
axıb gedirəm
xiyabanlar - ala
ev-eşik - ala
barmaqların - ala
şəhərin tərs üzündə mən axıram
avand üzündə maşınlar, insanlar,
bəlkə arxın suları da
dumduru

dumduru durulmuşam
qımız kimi gəlirəm
gəlirəm içimdən
gəlib axıram
toxunsan sınacaq bu bardaq
dağılacağam
səpiləcəyəm
sel götürəcək tikdiyin evi
dağılıb
dağıdacağam səni
axıb
axıdacağam səni
aparacağam səni...

toxunsan sınacaq bu bardaq...
səhəri Xəzərə göz dikən
türkmənlərin toruna
bir cüt qızılala düşəcək,
bir əllərin,
bir mən...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG