Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:03
«Əzizlərim, sakit olun. Əl çalmayın e, qulaq asın. Sizə açıq deyirəm, sizin bu dövrünüzdən, bu yaşınızdan, bundan gözəl vaxtınız olmayacaq. Ona görə ki, siz bu gün kimi istəsəniz söyə bilərsiniz, kimi istəsəniz tərifləyə bilərsiniz. Ona görə ki, bu yaş sizə bu imkanı verir. Ona görə ki, siz hamınız axtarışdasınız...»

Fevralın 1-də Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov əsasən tələbələr olan gənc rəssamları başına yığmışdı. 160 rəssamın 185 əsərini sərgiyə çıxarmışdılar. Hay-küylü gənclik demək istədiklərini rənglərin dili ilə tamaşaçılara çatdırmaq istəmişdilər.

BƏLKƏ O, YÜKSƏKLİYƏ QALXMAQ İSTƏYİR?

«Mən bu əsərə baxıram. Yəqin gənc rəssam nəyisə demək istəyib. Uzaqdan baxanda günəşə də oxşayır, ürəyə də. Kəpənəklər də var. Bəlkə yüksəkliyə qalxmaq istəyir».

Tamaşaçılardan biri İnarə üstündə imzası, adı olmayan əsərə baxa-baxa rəsmi öz başa düşdüyü kimi izah edirdi. Başına da bir neçə ziyarətçi yığışmışdı. Əsərdə müxtəlif rənglərin qarışığından, kəpənəklərdən, «Acığa qayıtdım», «Zərbə», «Hakimiyyət və pul» yazılmış qəzet məqalələrindən istifadə olunub.

Müəllif Ülviyyə Şükürova əsərdə adını yazmasa da gülüşüylə özünü ələ verdi. Tamaşaçıların arasındaydı:

Rəssam Ülviyyə Şükürova

Rəssam Ülviyyə Şükürova

«Əsərin adı «İstiqamət»dir. Burda ağlıma gələn ilk fikir o idi ki, qəzetlərdən istifadə edim. Bütün qəzetlərdən, iqtisadi, siyasi məqalələrdən istifadə etmişəm. Burdakı kəpənəklər rəmzidir. İnsanlar həyatda gəzirlər, uçurlar. Bilmədikləri istiqamətə gedirlər. Burdakı sözlər də rəmzidir. Məsələn yazılıb ki, acığa qayıtdım. Xoşuma gəldi götürdüm. «Hakimiyyət və pul», «Zərbə». Həyat da belədir».

«KÜSMƏYİN, QOVUŞUN»

Səidə Baloğlanova isə zərgər-dizaynerdir. Əsərlərində şəbəkələrdən çox istifadə edir. Hazırladığı bəzək əşyalarında küsülülər, qovuşan buta, sonsuzluqdan başlayıb sonsuzluğa gedən həyat yolu var. Səidə az saylı qadın zərgərlərdəndir, sifarişləri çox olmasa da deyir, adamları öz düşüncələrinə yox, müsbət çalarlara yönəltmək istəyir:

«Çalışıram ki, sifariş verənləri yaxşı istiqamətə yönəldim. Görürəm ki, küsülü buta istəyir, deyirəm, yox gəl sizə qovuşan buta təklif edim. İnanıram ki, bu həmin adama xoşbəxtlik gətirəcək».

İSTİOT, YAQUAR, AZADLIQDAN MƏHRUM OLUNMUŞLAR...

Sərgiyə çıxarılan rəngkarlıq, tətbiqi sənət, heykəltəraşlıq janrında olan əsərlər də gənclər kimi dəli-doludur. Tələbə rəssam Aygül Səfərova istiot çəkib. Günel Behbudova daşlardan, muncuqlardan «Yaquar» yaradıb. Leyla Cavadovanın «Əhval-ruhiyyə» əsəri qırmızı göy, qara, sarı rənglərin qarışığıdır. Günay Mirzəyevanın «Azadlıqdan məhrum olunmuşları» dəmir barmaqlıq arxasından ümidlə baxırlar...

Gənc rəssam Səbuhi Zamanov deyir ki, «biz çəkirik. Ancaq çəkdiyimizə, yaratdığımıza dəstək lazımdır»:

«Gənc rəssama hər bir sahədə köməklik lazımdır. İlk növbədə emalatxanası olmalıdır, onu ruhlandırma lazımdır, ilham pərisi də gəlməlidir».

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov isə gənclərə dedi ki, çətinliklərə ən yaxşı elə gənclik üstün gələ bilər:

«Hamınıza arzu edirəm ki, heç bir şey sizə mane ola bilməsin. Çətinliklər olmalıdır, olacaq. Ancaq sizin gəncliyiniz hər bir çətinliyin üstündən gülə-gülə keçib gedəcək».
XS
SM
MD
LG