Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

Joseph Debono Grech müxalifət nümayəndələriylə görüşüb


Yanvarın 31-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Joseph Debono Grech müxalifət partiyalarının nümayəndələri ilə görüşüb.
Görüşdə Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iştirak edib.
AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, siyasi məhbus məsələsi, siyasi partiyalara qarşı atılan addımlar, sərbəst toplaşma azadlığının təmin olunmaması məsələləri müzakirə olunub:
«Gələn il Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı bildirdik ki, nəyə görəsə ATƏT və Avropa Şurasına həmişə seçki islahatlarını həyata keçirməyə vaxt çatmır. Çünki onlar bir qayda olaraq seçki islahatları ilə bağlı tələblərini, o cümlədən, seçki komissiyalarının yenidən təşkil olunması ilə bağlı tələblərin bir qayda olaraq seçki ərəfəsində irəli sürürlər. Hökumət də müxtəlif bəhanələrlə əvvəlcə bu tələblərin yerinə yetirilməsini uzadır, sonra da iddia edir ki, vaxt çatışmadı və növbəti seçki saxtalaşdırılır. Həmin oyun sıfırdan başlanır. Ona görə də bizim tərəfimizdən belə bir məsələ qoyuldu ki, gələn ilə saxlamadan 2012-ci ildə ölkədə azad, ədalətli, demokratik seçkilərin keçirilməsinə zəmin yaratmaq beynəlxalq təşkilatların, xüsusilə də Avropa Şurasının əsas prioriteti olmalıdır. O vaxta qədər artıq seçki islahatı, komissiyaların yenidən formalaşması, sərbəst toplaşma azadlığının təmin olunması, siyasi məhbus probleminin tam və birmənalı olaraq həllini tapması, real çoxpartiyalılığa zəmin yaradılması öz həllini tapmalıdı».
Joseph Debono Grech bildirib ki, müzakirə olunan məsələlər onların da diqqətindədir.

Aprel ayında Azərbaycanla bağlı ciddi məruzə hazırlanacaq. O vaxta qədər bu problemlər öz həllini tapmasa, onda bu problemlərin hamısı məruzəçilərin Azərbaycanla bağlı hazırlayacaqları məruzədə və qətnamədə öz əksini tapacaq.
XS
SM
MD
LG