Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:18

102 yaşında, ağlı başında dünyadan köçdü…


Yanvarın 26-da Türk kültür tarixi araşdırıcısı-- tarixçi yazar Taha Toros 102 yaşında dünyadan köçüb.

MƏN YATMAQ İSTƏYİRƏM...

Oğlu Hilmi Toros atasının son anını türk mediasına belə təsvir edib: “Atam Taha bəy 102 yaşında, ağlı başında Etilərdəki evində son dəfə “mən yatmaq istəyirəm” dedikdən sonra sakitcə vəfat etdi”.

SON ANINADƏK KİTAB OXUYUB

Oğlunun sözlərinə görə Taha bəy yenə kitab yazmağı düşünürmüş. Amma vaxtı çatmayıb. Son zamanlarda daha çox kitab oxuyurmuş. Hər gün ofisinə gedər, dünyada nələr baş verdiyi ilə maraqlanar, arxivçi olduğu üçün qəzetlərdən lazımı şeyləri kəsib götürərmiş.

İKİ DƏFƏ ATATÜRKLƏ GÖRÜŞÜB

Taha Toros Atatürklə iki dəfə görüşdüyü üçün də həmişə medianın marağını çəkib.

Birinci görüş 1923-cü il martın 18-də Atatürk Lətifə xanımla Tarsusa gələndə baş tutub. Atatürkü qarşılayarkən şeir demək üçün uşaq seçirlərmiş. Tahanın üstündə dayanıblar. Taha şeiri ağlaya-ağlaya oxuyub:

Xoş gəldin Tarsusa , qəhrəman Qazi!
Yurdumu düşməndən qurtaran Qazi.
Bayraq ol, göylərdə dalğalan, Qazi
Xoş gəldin, xoş gəldin, qəhrəman Qazi!


HEÇ KƏSƏ DEMƏDƏN UNİVERSİTETƏ GƏLİB

İkinci görüş 1930-cu ildə olur. Atatürk heç kəsə xəbər vermədən yavəri ilə İstanbul Universitetinə, hüquq fakültəsinə gəlir. Hamı çaşıb qalır. Taha Toros Atatürkə öz yerini verir, o da tələbələrlə bir yerdə oturur. Şəkil də çəkdirir.
Oğlu söyləyib ki, Taha Toros Atatürkü tanıdığı üçün həmişə qürur duyurmuş...

OSMANLI TARİXİNİN BİLİCİSİ İDİ

Taha bəyin çox zəngin arxivi olub. O, Osmanlı dövrünün bilicisi, nadir bioqraf idi. Vatikan arxivində Osmanlı dövləti ilə Papalıq arasındakı ilişgiləri araşdırmışdı. Taha bəyin Parisdə türk kültür tarixinə dair araşdırmaları da olub.

Onun zəngin arxivindən xarici araşdırıcılar da faydalanıb. Taha Toros 16 kitab müəllifi idi. Qəzetlərdə və dərgilərdə türk kültür tarixinə aid yazılarla çıxış edirdi. Türkiyənin dörd bir yanını dolaşmışdı. Həm də folklor bilicisi idi.

Taha bəy bir kitabında arxiv işi ilə uğraşmağı “müalicəsi olmayan xəstəlik” adlandırıb:-- “Bu gün xərçəngin belə əlacı var. Amma arxiv xəstəliyinin müalicəsi yox! Nə deyim, Tanrı bu cür xəstəliyə yaxalananları qurtarmasın!”—deyib.
Amma Tanrı onu çox yaşatdı...

ÜRƏYİ BÖYÜK OLUB

Məcazi mənada düşünməyin. Taha bəyin ürəyi doğrudan da vücuduna görə böyük olub. Uşaqlıqda həkimlər belə qərara gəlib. Ünlü taqrixçi yazar uşaqlıqda ürək xəstəliyindən müalicə də alıb.

Amma ürək böyüklüyü ona bir əsrdən çox yaşamağa əngəl olmayıb.
Taha Toros : “heç kim gəlməsin, sadə bir törənlə məni dəfn edin”—söyləyib. Onun vəsiyyətinə əməl ediblər. Ünlü tarixçi yazar Zincirliköy məzarlığında torpağa tapşırılıb.

Ruhu şad olsun!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG