Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54

Akif Səmədin “Seçilmiş əsərləri” çap edilir


Cavid Zeynallı


“Oka-Ofset” nəşriyyatı tanınmış şair Akif Səmədin “Seçilmiş əsərləri”ni çap edir.

Artıq işıq üzü görmüş birinci cilddə yazarın şeirləri toplanıb.

Oxucular bu cilddə Akif Səmədin indiyədək çap edilmiş “Qiblə yelləri”, ”Uzaqlardan gəlirik”, “Adəmdən...”, “Ömrü özünə yaşasan” və “Özümə yol” kitabları eləcə də bu günəcən heç yerdə nəşr olunmamış şeirləri ilə tanış ola bilərlər.

Kitaba ön sözü Türkiyənin 9 Eylül Universitetinin professoru, şair Məmməd İsmayıl, sön sözü isə tənqidçi Bəsti Əlibəyli yazıb.

Kitabda Akif Səmədin Məmməd Dəmirçioğlu, Nəvai Məmmədoğlu və Qafar Sarıvəlli tərəfindən çəkilmiş portretləri də verilib.

478 səhifəlik kitabın tərtibçiləri Ramiz Hümmətov və Həmid Ormanlı, rəssamı Nəvai Məmmədoğlu, redaktorları Aydın Qurbanoğlu və Bəsti Əlibəylidir,

Nəşrə hazırlayanları isə İbrahim İlyaslı və Ehtiram İlhamdır.

Kitabın təqdimatı fevralın 4-də saat 14:00-da Atatürk Mərkəzində keçiriləcək.

Maraqlananlar dəvətlidir.


Akif Səmədin sevilən şeirlərindən...


MƏN BAKIYA OXUMAĞA GƏLMİŞDİM


Məni görüb yaxın ağlar, yad ağlar,
Ağıl ağlar, yaddaş ağlar, yad ağlar,
Ya bərələr, ya dərələr, ya dağlar.
Mən Bakıya oxumağa gəlmişdim.

Köç-ulaqlı aran yolu, dağ yolu,
Oğru yolu, doğru yolu, haqq yolu,
Kəhkəşanda unutduğum ağ yolum,
Mən Bakıya oxumağa gəlmişdim.

Ay qatarçı, ay maşınçı, ay adam,
Bu şəhərə siz doğmasız, mən yadam.
Burax gedim, ay gözəlim, ay qadam,
Mən Bakıya oxumağa gəlmişdim.

Genişiydim səma boyda, çöl boyda,
Ürək verdim, diplom aldım əl boyda,
Ürəyimdə yara açdı gül boyda –
Mən Bakıya oxumağa gəlmişdim.
Mən Bakıya oxumağa gəlmişdim.
XS
SM
MD
LG