Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:52

Talibanı qızlar məktəbinə razı salan isveçlinin xatirələri


Əfqan qız məktəb həyətində
Əfqan qız məktəb həyətində
Bu günlərdə 65 yaşlı Anders Fange öz doğma vətəni İsveçdə Əfqanıstanla bağlı mühazirələr oxuyur. Əsas məqsədi skeptik auditoriyanı Əfqanıstan haqda formalaşmış yanlış fikirlərdən daşındırmaqdır. Bu işdə ona sözügedən dağlıq ölkədə keçirdiyi 30 illik təcrübəsi köməyə gəlir.
Fangenin ictimai çıxışları və şəxsi söhbətləri Əfqanıstanla bağlı detallı bilikləri ilə diqqət çəkir.
Fange ilk dəfə Əfqanıstana gənc radio jurnalist kimi 1980-ci illərin əvvəllərində - əfqanlar sovet işğaçlılarına qarşı döyüşə başlayanda gedib. Daha sonra humanitar yardım işinə keçib və Birləşmiş Millətlərin bu ölkədəki siyasi diplomatik heyətinin üzvü kimi çalışıb.
«Əfqanıstan insanı daim təəccübləndirir. Siz hər şeyin daim yeni izahını almış olursuz» – Fange belə deyir. Deyir ki, Əfqanıstan bir çox cəhətdən mürəkkəb ölkədir, bu da onu çətin və həyəcanlandırıcı edir.
MÜCAHİDLƏRLƏ KEÇƏN GÜNLƏR
1984-cü ildə Fange üç ayını vadilərdə, meşələrdə mücahidlərlə gəzməklə keçirib. Onlar tez-tez kənd məscidlərində qalırlarmış. Fange mücahidlərin sovet konvoyları və hökumət qarnizonlarına necə hücum etdiklərinin şahidi də olub.
«O vaxtdan mən həmişə deyirəm ki, Əfqanıstanın gələcəyi ilə bağlı qərar Kabulda deyil, vadilərdə, kənd sahələrində verilib» – Fange belə deyir.
Fange dediyinə görə, Əfqanıstan mədəniyyətinin, xüsusən də onların qonaqpərvərliyinin heyranıdır.
1990-cı illərin əvvəllərindən Fange İsveç Əfqanıstan Komitəsinə qoşulur və Pakistanın qərbində Peşəvar şəhərində yaşamağa başlayır. Assistent kimi çalışarkən əfqan dilini də öyrənir.
Fange həm də əfqanlıların möhkəmliyinin, qüvvətliliyinin heyranıdır. Deyir ki, çalışqanlıq, ən çətin işlərin belə öhdəsindən gələ bilmək qabiliyyətlərinə görə əfqanlılara tay ola biləcək ikinci bir xalqın olduğuna şübhə edir.
TALİBANLA MƏKTƏB SÖVDƏLƏŞMƏSİ
Anders Fange
Anders Fange
Əfqanıstanda vətəndaş müharibəsi zamanı, Taliban hərbçiləri şəhəri viran qoyanda İsveç Əfqanıstan Komitəsi ölkəyə ən böyük yardım qruplarından birinə çevrilibmiş. Fange dediyinə görə, bir çox Taliban rəsmiləri ilə əlaqədə olub. Danışır ki, Talibanın da onların humanitar yardımına ehtiyacı yaranırdı.
Fangein danışdığına görə, Talibanla danışıqlar apardığı ən həssas məsələ 40 min əfqanlı qızın təhsil aldığı kənd məktəbi ilə bağlı olub. Rejimin təhsil naziri Amir Khan Muttaqi ilə uzun-uzadı danışıqlardan sonra, Talibanın İsveç Əfqanıstan Komitəsinə ölkədə işləmək icazəsi verən protokolu imzalamasına müvəffəq olur.
Bu arada, məktəblər Talibanın müdaxiləsindən yan keçmirdi. Fangenin dediyinə görə, 2001-ci ildə yerli mollalar ucqar kəndlərdə məktəblərin bağlanmasına nail olmuşdular.
Amma Fange xatırlayır ki, o zaman Taliban onlara qızlar üçün məktəblə bağlı razılıq vermişdi, amma müəyyən çərçivələri keçməmək şərtilə.
FANGENİ MƏYUS EDƏN SİYASİ SƏHVLƏR
11 sentyabr hadisələrindən sonra Fange BMT-nin Əfqanıstandakı missiyasının aparıcı üzvlərindən birinə çevrilir. Amma tezliklə o əfqan liderlərinin və beynəlxalq ictimaiyyətin yenidəın qurulan ölkədə buraxdıqları siyasi səhvlərdən məyus olur.
«Əksər tanınmış səhra komandirlərinə hədsiz səlahiyyətlər verildiyi halda, əhalinin müəyyən təbəqələri vətəndaş hüquqlarından məhrum olurdu» – deyə Fange danışır.
«Qərb daim öz siyasi sistemi haqda yaxşı sözlər deyir» – deyən Fange əlavə edir ki, qərb ölkələri əsrlər boyu öz demokratik sistemlərini təkmilləşdirmək üçün mübarizə aparıblar.
«Amma Əfqanıstana gəlincə, onlar demokratiyanı sadəcə bu ölkəyə atdılar və dedilər ki, bunu qurmaq üçün 10 iliniz var, əlbəttə ki, bu baş tutan iş ola bilməzdi» – Fange belə deyir.

Sayta hazırladı: Ülkər Akifqızı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG