Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:16

Axı, burada da “tapş” var... (Vaqif İbrahimoğlunun Türkiyə gündəliyi)


Vaqif İbrahimoğlu

Vaqif İbrahimoğlu

Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi

əvvəli burda


21 dekabr, cümə. 1984-cü il

Bu gün tez oyandım, səhər yeməyini yedim, çimdim və özümü əmək və müdafiəyə hazır hiss etdim; heç də təəccüblü deyil ki, adamın əsəbləri gəriləndə “boşalmaqdan” qorxur.

İlk məşqi ikinci mərtəbənin foyesində keçirdim. Dünən birinci səhnəni qurtara bilmədiyim üçün tələsirdim. Vaxt itirmədən əvvəl elədiklərini xatırlatmağa çalışdım. Amma nə yazıq ki, hər şeyi tezcə də unudurlar. Foyedə Süleymanın gəlişi yerinədək irəlilədim. Yeri gəlmişkən, bu rolun ifaçısı bariton Bülənd dediklərimin hamısını elə ağzımdan qapır. Onun gözlərindən vokalçıya xas olmayan ağıl, maraq və çalışmaq yanğısı işarır.

Rəqsləri özüm qurur, o yan-bu yana “çaparaq” artistlərdə özümə sayqı oyadırdım. Bizim rəqslər haqqında anlayışları yox idi. Özlərini itirib, qımışa-qımışa, mənim hərəkətlərimi təkrarlayarkən, mən də özümü ustad xoreoqraf sayırdım. Bu gün ikinci Cahanı (Nuranı) “prova”dan keçirdim (Türkiyə türkcəsində məşqə “prova”, tamaşaya da “temsil” deyirlər). Birincisi (Fevziyye) yaman təlaşlanırdı. Nuranı daha çox bəyəndim – təxminən 40 yaşlarında iriəndamlı bir qadın idi və həmən rola girmişdi.

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

O, yəqin, elə ilk tamaşada da oynayar. Donuqgöz Əsgər (Cümhur) çox sıxılqandır, hərdən açılışdığı olur, amma sonra yenə əsnəyib durur və eləcə “Anladım! Evet! Peki!” – deyir. Vəli də (İzzet) küt və ümidsiz birinə bənzəyir. Onu “yontalamaq” lazım gələcək.

Fasilədə aşağı – rəssamların yanına düşdüm. Yolüstü Hüsaməddin bəyə baş çəkəndə, o, mənim işimi görən yerli rejissor gələrkən məşqi saxlamadığıma görə narazılığını bildirdi. Cavabı gecikdirmədim:

- Hüsaməddin bəy, lap baş bakan da gəlsə, mən provanı durdurmam! (Amma nə cavab verdim, hə?!).

Onun baxışlarından anladım ki, məni bir anlığa ya başıxarab, ya da araqızışdıran saydı.

Rəssamların yanına düşdüm. Mənə təhkim edilən geyim rəssamı Minə (Mine) xanım bir səndviç alsa da, axıracan yeyə bilmədim. Əvvəla, çox yekə səndviç idi və yeyib-qurtarmaq olmurdu, sonra da göy-göyərtisi duzlu və acıydı – adam yanğısını yatıra bilmirdi... Əlimdəki bloknotu Minə yaman bəyənmişdi, amma özümü bilməzliyə vurdum. Onunla işləmək xoş idi, vaxtın necə keçdiyini də bilmirdin – adamı elə ilk sözdən anlayır, Solmaz Haqverdiyevanın üslubunu qoruyur və Bakıda sandığımız kimi, hər şeyə qulp qoymurdu. “Xalçaları” çıxarıb, mənə xalça elementlərinin lazım olduğunu anladandan sonra o soruşdu:

- Şunu ben 3-4 gün saklıya biliyormuyum, şef?
- Yok! – deyə həmən sözünü kəsdim – şunu siz 10 il saxlaya ve yalnız 10 ildən sonra mənə qaytara bilərsiniz...
- Anlamadım, şef...
- Peşkəşdir, Minə xanım!..
- Vay!.. Teşekkür! Teşekkür!!.

Sonra dəhlizə çıxarıb Əhəddən də soruşur ki, bloknota görə nə qədər pul verməlidir... Sevimli qızcığaz...

Savaşa miniatür bağışladım, götürdü, ancaq xeyli soyuq davrandı. O, ümumən, bir az qəribə adamdır, İstanbul ləhcəsində danışdığından sözlərini çətin anlayıram (Misal üçün, hamı “təbii” deyir, amma o, “tobi”).

İkinci məşq balet sinfində keçdi. Birinci səhnəni qurtardım. Rəqslə çox əlləşdim, sonra istədiyimi aldım və qan-tər içində rəqs 27 dəqiqə çəkdi, halbuki 20 dəqiqəni aşa bilməzdik (Demək, rəqslərə ayrıca “prova” götürmək lazım gələcək).

Vaxt vardı deyə, ikinci səhnənin məşqlərinə başladım. Gülçöhrəni Keriman, Asyanı Hale, Tellini Rezzan oynayırdı. Qısaca yorumumu danışdım, birinci parçanı oxuduq və “prova”nı gerçəkləşdirdik. Keriman adamın kefini açır -- möhtəşəm və yetənəkli aktrisadır, bir işarədən hər şeyi anlayır, necə davranmağı bilir, yumoru duyur. Düşündüm ki, indi onu Bakıya dəvət edib “Məşədi İbad”da oynatmaq nə yaxşı olardı. Hər şey bir yana, çox gözəl səsi və oxuması vardı. Ağlıma bu da gəldi ki, Keriman, elə digərləri də, hər şeyi anlamır və soruşmağa da çəkinir yəqin. Sabah bu barədə danışmaq lazımdır. Qərəz, Keriman elə çalışır, sanki illərdir bir yerdə məşq aparmışıq. Tanrıya and olsun ki, düz deyirəm. Bu, ilk təəssüratım deyil, onun kortəbii peşəkarlığı var!..

Elə güclü səsi olmasa da, balaca və toppuş Hale, yəni Asya da pis baxılmır, ancaq Telli (Rezzan) heç yarıtmırdı. Ona yol göstərəndə “Tabii! Evet! Peki! Tamam!” cavablarını alırsan, amma istədiyini edə bilmir ki, bilmir... Eynən bizim Gülnar kimi, ha çalış-vuruş, xeyri yoxdur. Qismət olsa, dəyişərəm onu – yekəpərliyini, avropoidliyini və ağır, üstəlik də him-cimsiz operasayaq ifasını niyə gözardı edəsən ki?!. Görək, necə olacaq... Axı, burada da “tapş” var, pıça-pıç var, ilk tamaşa məsələsi və s. və i.a. var. Hüsaməddinə çatdırmışdılar ki, Soltan bəyin ifaçısını – Cahidi işdən buraxmışam (ondan narazıdırlar). Ona açıq və kəsə dedim ki, Cahidə TV-də beş-üç qəpık qazanması üçün yox (!), sırası çatmadığından mənə gərək olmadığına görə icazə vermişəm. Daha sonra incik bir sifətlə, çənəmin tüklərini darta-darta Hüsaməddin bəyə dedim ki, nə etdiyimin fərqindəyəm və mənim burada yalnız rejissor deyil, rəhbər olduğumu da bilmənizi istərdim. Hüsaməddin bəy baxışlarını üzümdən çəkməsə də daha dinmədi. Sonralar, rejissor köməkçisi Oğuzun söylədiyinə görə, bu cavabım şefin xoşuna gəlmişdi. Aman Tanrım, adamlar necə də bir-birinə bənzəyərmiş! Bəstəboy və bir vaxtlar bariton səsli müğənni olan Hüsaməddin hakimiyyətini sezdirməkdən təsəlli tapır. Bizim bir ümumi tanışımıza – Bakı teatrlarından birinin direktoruna bənzəmirmi? Daha əvvəl də yazmışdım ki, Babər bəy də birə-bir Georgi Xaçaturoviçin bənzəridir. Tək fərqi odur ki, o, hərflərin hamısını tələffüz edə və yağlı boyalı rəsmlər çəkə bilir.

Sözün qısası, deyəsən, lap baş direktordan başqa hamıyla tanış olmuşdum. Yeri gəlmişkən, onların aktyorlardan direktor təyin etməklə bağlı maraqlı sistemi var. Açıqlaması sonraya qalsın...

Bu yerdə yazıma da ara verim: radioda dedilər ki, ömrünün 80-ci ilində SSRİ müdafiə naziri Ustinov dünyasını dəyişib...

Məşqdən sonra mən, N. Rzayev, Əhəd və adını-soyadını unutduğum 55 yaşlı rus baletmeyster qadın avtobusla Zaur Paşayeviçin qaldığı otelə yollandıq. Bəh-bəh! Qamaşıqlı otel, qamaşıqlı otaq...

İndi şəhərin üstü qap-qara qurumla örtülüb. Külək əsmir və hava soyuqdur. Örtülü yerə girincə, ağzındakı dad diqqət çəkir – sanki bir xeyli daş kömür yeyəndən sonra üstündən benzin içmisən.

Zaur Paşayeviç hal-əhval tutub, iş-güc xəbər aldı və sonra bildirdi ki, baletmeyster bir gürcü lovğa davranışlarıyla hamını özünə qarşı çevirsə də, türklər bizim mütəxəssislərdən razıdırlar. Oturduq, hələ antialkoqol qərarının çıxmadığı bir vaxtda “Vişne suyu”, yəni albalı şirəsi içib dağılışdıq. Əhəd mənə 50 lirə verib (özü bir qəpiksiz, yəni lirəsiz qalsa da) avtobusa oturtdu və beləcə, ilk dəfə Ankaranın bahalı dükanlarının yanından (Atatürk caddəsindən) keçdim. Vitrinlərdə, bütün dəfə-darağı ilə, hər iki cinsə mənsub çılpaq manekenlər vardı. Opera Meydanına çatınca avtobusdan düşüb, “Güleryüz”ə girərək bir çaynik çay ismarladım. Çayı azərbaycanlı qarson gətirdi. Dünəndən qəmiş olmuşdu ki, Zeynəb Xanlarovayla hər
Zeynal Məmmədli

Zeynal Məmmədli

gün görüşürəm, ya yox. “Hə” cavabını alınca, bir görəydiniz mənə necə həsədlə baxırdı!..

Bu dəfə aclıq çəkib-çəkmədiyimizi, dindarların damlanıb-damlanmadığını və başqa “antisovet hədyanları” soruşdu. Xaricdə öz Vətənini təmsil edən bir sovet adamı olaraq, belə uydurmaların gülünclüyündən və SSRİ-nin sülhsevər xarici siyasətindən danışdım. Yoldaş Tixonovun qarşıdakı səfərindən də söz saldım. O, yalnız qarson idisə, bəlkə də, onu inandıra bildim. Bu azərbaycanlı SSRİ-dən gəlmiş bir müğənni – məndən yuxarıdakı qatda yaşayan Mayboroda haqqında da danışdı və onun yalnız konserv yediyini və onu ələ salmaq istəyənlərə “boğazımı qoruyuram” dediyini bildirdi. Qarson harasa aşağıya – yaxşı adam olan bir başqa azərbaycanlının yanına getməyi də təklif etdi və -- “Onun videosu var” – sözlərini əlavə etdi. Qorxduğuma görə yox, yorğun olduğum üçün və yeni təəssüratların məni daha da üzəcəyinə görə boyun qaçırdım. Qarson inanmadı və mən – “Paraylamı video?” – deyə soruşanda, özündən çıxdı:

- Nə para, canım?! Biz qardaşıq!

Hər necədirsə də, getmədim.

Dünən bütün axşam (və bu gün səhər də) radioda Türkiyə müğənnilərinin ifasında bizim mahnılar səsləndirildi. Bir neçə sözü dəyişsələr və tutalım, “Gecələr, ay gecələr” yerinə “Axşamlar, ay axşamlar” söyləsələr də, azərbaycanca oxuyurdular.

Teatrda çox istidir. Hər mərtəbədə bufet var. Bu bufetlərdə yeməli və yeməməli nə desən və çay satılır. İstədiyin sexə, istədiyin otağa çay və ya səndviç gətirdə bilərsən. Sifarişləri yeniyetmə oğlanlar özəl-gözəl sinilərdə gətirirlər.

Balet sexi aşağıda -- yerin altındadır. Çox isti və rahatdır. Xor sinfi tibb institutlarındakı auditoriyalara bənzəyir – amfiteatrlıdır və düz ortada iki musiqi aləti var. Bir sözlə, səhnənin altında, bütün sexləriylə bərabər, ikinci teatr yerləşir. Binanın özü dışarıdan maraqsız görünsə də, içəri memarlığı – çox sayda zərif və incə sütunları bizim miniatürləri xatırladır.

Dünən “Esmeralda” baletinə (dirijor N. Rzayev) prezident də baxdı. Hər girişdə və teatrın çevrəsində silahlı əsgərləri görmək adama qəribə gəlirdi. Polislər əllərində qısa və lüləsiz avtomat patrul xidmətini yerinə yetirirdilər.

Şəhər təmizdir, amma tünlükdür. Adamlar yol keçidlərindən, az qala, qaça-qaça keçirlər. Əslinə qalsa, hələ şəhər haqqında danışmamalıyam, axı heç düz-əməlli gəzə bilməmişəm. Saat 10.00-da teatra gəlir və axşam 6-7-də, heç nahar eləməyə də macal tapmadan, gedirəm. Eynən evdəki kimi...
Sabah 1-ci səhnəyə baxıb, 2-cinin məşqini davam etdirəcəyəm. Öyrətmək üsulumu dəyişdirmişəm, çünki nə desən, xeyri yoxdur, gərək göstərəsən. Düzdür, yenə öncə izah edir, sonra ara verir, sonra yenə izah edir və hər hansı parçanı doyum nöqtəsinə çatdırmaq üçün əlləşib-vuruşuram. Keriman (xanımım Nelya deyəcək – “Yenə o!..”) hər şeyi birinci dəfədən bacarır. Hamı ona oxşasaydı, bütün işi 2 həftəyə bitirərdim. Amma-ancaq-lakin indi... Tamam.

22 dekabr, şənbə

Sabah istirahət günü olduğundan bu gün teatrda az çalışacağıq. O üzdən saat 10.00-dan 12.00-dək böyük səhnədə məşq etdik. İstəyirdim 1-ci səhnənin nə qədər sürdüyünü dəqiqləşdirim, ancaq
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

səhnə mizanlarını unutmuşdular deyə alınmadı.

Özəlliklə Cümhur (Əsgər) hər şeyi bir-birinə qatırdı. Qızışıb rusca söyüşlər də yağdırdım.

Yaxşı ki, Meran bəy, pardon, İlhan bəy qulağıma pıçıldadı ki, zavallının başı dərddədir – arvadını boşayır.

Bundan sonra Cümhurun xətrinə dəymədim. Rəqsin başına oyun açdılar, özəlliklə axırını lap korladılar (Yeri gəlmişkən, burada yardımçı öz rejissorunu addım-addım izləyir və ayrıca bir kağızda onun bütün göstərişlərini yazır və səhnə mizanlarının rəsmini çəkir.

Görəvini tam anlamadığım başqa birisi də var – məşqin sonunda mənə bir vərəqə imza atdırır.

O vərəqdə məşqin məqsədi, yeri və iştirakçıları göstərilir. Belə anlayıram ki, bu, bizim tabelin -- iş cədvəlinin bənzəridir və ayın sonunda maaşı həmin kağıza görə verirlər).

Fasilədə rejisssor köməkçisi çalışan Oğuzdan artistlərin söylədiklərimi anlayıb-anlamadığını soruşdum. “Hə” cavabını alınca, həmən “Bəs pis çalışmalarının səbəbi nədir?” sualını verdim. Çox arın-arxayın cavab eşitdim:
- Ferasetsizler, efendim!

İkinci səhnəni başlamağımızla bitirməyimiz bir oldu. Cahid, Cümhur və Kerimanın qalıb, bir saat foyedə çalışmalarını rica etdim. Beləcə, saat 2-dək çalışdıq və Kerimanın birinci mərtəbədə haray-həşir salan əri olmasaydı, məşqi kəsməzdik.

Cahid də işin çəmini tez tapıb. Öncə sevinir, bir ucdan gülüb-danışır, amma sonra deyiləni birə-bir gerçəkləşdirir. Daha ondan nigaran deyiləm. Tamam.

Guya “Romeo və Cülyetta”dan (eyvan səhnəsindən) acı gülüş dolu bir sitat gətirib, Quluyla Əsgərin kefini açıram: “Meran bəy, yəni İlhan bəy dedi:
- Arşinla tabloya vuruldum (yəni Arşın səhnəsini bəyəndim)”.

Çox gözü və könlü tox şəkildə başımı aşağı salıb, söhbəti işgüzar axara yönəldirəm. Bazar ertəsi xoru da işə qatıram. Baxaq-görək, necə çalışacaqlar. Təbii ki, hələ baleti, yəni solistləri də görməmişəm.

Məşqdən sonra “Güleryüz”ə dönüb “demlik”, yəni çaynik ismarladım. Birdən dəhşətə gəldim: Yaxası-başı açıq küçəyə çıxdığımdan soyuq tutmuşdu məni. Kürəyim sancmağa, dişim ağrımağa başlamışdı. Başımı itirərək əlimdə olan bütün
Ankara Opera və Balet Teatrı

Ankara Opera və Balet Teatrı

dərmanları içib, çayniki də lüləsindən soranda (yaman tünd çay idi) mədəm bulandı. Vanna otağında “köhnə dostum Böyükağa”nı çağırandan, mədəni desək, qusub-qaytarandan sonra, deyəsən, vəziyyət bir az düzəldi. Allah, sən özün saxla!

Saat 3.00 üçün operaya gedib “Esmeralda”nın birinci pərdəsinə baxdım. Antraktda Zaurla görüşüb, özümü yerli Mədəniyyət Nazirliyinin işçisi kimi tanıtdım. Bütün qalan vaxtı Əhədlə söhbətdə keçirdim. Düzdür, bundan öncə Hüsaməddinə də baş çəkmişdim. O, məni adını unutduğum bir xoreoqraf qadınla tanış etdi. Bu xanımla vədələşdik ki, bazar ertəsi görüşüb-danışarıq.

Əhədlə söhbətləşərkən xorçu qızlardan biri yanaşıb “Arşın mal alan”da işləmək istədiyini bildirdi. Razılaşdım, amma...

... Səhər məzəli bir əhvalat baş verdi. Köşkə yanaşıb – “Sizdə kibrit varmı?” – deyə soruşdum.
- Tabi.
- Bu çatarmı? – utana-utana satıcıya dünənki avtobus pulundan artıq qalan 5 lirəni uzatdım.
- Buna yarısı düşür!.. – satıcı bu sözləri nifrətli baxışlarla söylədi.
Düşündüm ki, onlar kibriti dənə-dənə də satarlar. Ö üzdən tam Türkiyə ləhcəsində dedim:
- Vər yarısını!..
Satıcı qutudan bir kibrit çöpünü çıxarıb yarı böldü və kükürdlü tərəfini deyil, o biri yarısını mənə uzatdı. İşin nə yerdə olduğunu indi anladım. “Tabii” və “Tamam” dedim.

... Ustinov yoldaşın ölümü üzündən yoldaş Tixonovun səfəri ayın 25-ə keçirildi.

Dünən yatmazdan öncə radioda 85-ci ilin büdcəsiylə bağlı Məclisdə gedən debatlara qulaq asdım. Çox maraqlıdır. Parlaqdır (daha sonra Vaqif İbrahimoğlunun cızdığı xətt və nöqtələrdən anlamaq olar ki, açıqlama sovet senzurasına görə yarımçıq saxlanıb – yazı-pozunu yoxlayırdılar, axı! – Tərc.)...

İndi şam eləyib, televiziyaya baxmaq üçün aşağıya – holla düşdüm. Xəbər proqramına və bir-iki videofilmə baxdım. “Boş şeydir” deməyə dilim gəlmir, amma -- “Bəsitdir” – söyləyə bilərəm. Qərbə tərəf gücənir, Şərqə də, utana-utana, pornosalam göndərirlər.

Sonra daha üç adam mənə yanaşdı – bir azərbaycanlı, bir türk və bir kürd. Türk – araq, bizsə çay içdik. O getdi, amma biz qalıb – daha çox azərbaycanlı danışsa da, söhbətləşdik. Onların bizlər, sovet quruluşu və qaydaları barədə xeyli birtərəfli təsəvvürləri var. Hətta bəsit də demək olar, hərçənd, “İşçi Banka”da çalışırdılar. Bizlərdən anlayışları yoxdur. Onlarla müqayisədə, mən Türkiyənin böyük bilicisi sayıla bilərəm. Bu qərara gəldik ki, barış içində yaşamalı, bir-birimizi daha yaxşı tanımalı və hər hansı sualdan diksinməməliyik. Sözyox, ayıq-sayıqlığı da itirmək olmaz, amma-ancaq-lakin hamını düşmən gözündə görmək də yaraşmaz bizlərə.

Daha səviyyəli kəsimin adamlarıyla danışmaq istərdim, amma neyləyəsən, iş çoxdur... Bazar ertəsindən gündə 6 saat çalışır və axşam gəlincə, sustalıb-durursan...

Deyəsən, xəstələnirəm, axı. Bir bilsəniz, bundan necə qorxuram. Sabah saat 2-də maestronun yanına gedib, musiqi və rəqsləri işləməliyəm. İndi qaynar duş alıb, yatmağa çalışacağam.

Neçə gündür, elə Musiqili Komediya Teatrı yuxuma girir.—yuxumda Atabalanı, Bəhramı, Turabovu görmüşəm. Bütün yuxular günün mövzusuna uyğundur: guya qayıdıb Türkiyədən danışıram. Bu gecə yuxuda Fərhadı gördüm: ona təzəcə Türkiyədən söz açmağa başlamışdım ki, bir də baxdım, mənə türkcə cavab verir. “Türkcəni harada öyrəndin?” – deyə soruşunca, -- “İstanbulda düz 4 ay çəkilişlərə qatılmışam” – deyir. Danlayıram ki, “Bəs niyə mənə baş çəkmədin?”... O da cavabında uzun-uzadı müqavilədən, günlük xərclərə ayrılan pullardan, Dövlət Konsert Birliyindən, lirənin məzənnəsindən söz açır. Ona diqqətlə qulaq verir və səsində Əhədin danışıq tərzini hiss edirəm. Qusmanla dalaşmağım da yuxuma girmişdi... Yaman bərk döyürdüm onu. Öz şefini satan Qoniyev də bütün bunları şərh edirdi...

(Davamı olacaq)

Günün bütün mövzuları

XS
SM
MD
LG