Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:42

Vəfa Quluzadə: «Azərbaycan İranla düzgün siyasət aparır»


Politoloq Vəfa Quluzadə. Foto: Samira Najaf
Politoloq Vəfa Quluzadə. Foto: Samira Najaf
AzadlıqRadiosunun «İşdən sonra» proqramında İran ətrafındakı gərginliyi şərh edən politoloq Vəfa Quluzadə belə deyib. Politoloqun fikrincə İranda dəyişikliklər istisna olunmur:
«İran indi çox şiddətli təzyiqlər altındadır. Həm maliyyə embarqosu, həm neft embarqosu İranda daxili vəziyyəti gərginləşdirir. İran valyutası məzənnəsini itirib. Bütün bunların hamısının mənfi təsiri İran cəmiyyətini laxlatmağa aparır».
Vəfa Quluzadə onu da deyib ki, Amerikada seçkilər bitənə qədər İranda hər hansı hərbi əməliyyatın başlanacağına inanmır. Politoloq deyir ki, Qərbin təzyiqi təklikdə İran hökumətinə ciddi təsir edə bilməz:
«Heç bir embarqo ölkəni tamamilə yıxıb sürüyə bilməz, ölkədə dəyişiklik apara bilməz. Ölkədə dəyişiklik ya daxildən, ya da daxillə xaricin birliyindən əmələ gəlir».
Digər siyasi şərhçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Razi Nurullayev isə hesab edir ki, İran öz planını yaxın gözlədiyimiz aylarda dəyişməyəcək. Onun fikrincə əksinə, İran daha sərt siyasət yürüdəcək:
«Qərbin İrana qarşı qoyduğu embarqolara baxmayaraq İran ayaqüstə dayanmağı bacaracaq. İran Çin və digər Asiya ölkələrinə öz neftini sata biləcək. Neft embarqosu vasitəsilə İranın iqtisadiyyatının çökdürülməsi perspektivli görünmür».

«AZƏRBAYCAN HAKİMİYYƏTİ DÜZ EDİR»
Milli Məclisin üzvü, Ana Vətən partiyasının sədr müavini Zahid Oruc Azərbaycanın İran və dünya ilə bağlı paracağı siyasətə toxunaraq bildirib ki, fərdi baxışlarına görə Azərbaycanın sanksiyalara qoşulmasının tərəfdarı olmasına baxmayaraq rəsmi Bakının bu istiqamətdə tutduğu mövqeni dəstəkləyir:
Zahid Oruc
Zahid Oruc
«Çoxluq və rəsmi hakimiyyət də o fikirdədir ki, Türkiyənin ikinci dünya müharibəsində seçdiyi modeli, siyasəti Azərbaycan dünya və İran münasibətlərində təkrarlamalıdır. İran ən böyük hədəflərdən biri kimi daha çox dövləti bu proseslərə qoşmaqla özünə qoruyucu şit yaradacağını düşünür. Buna görə Azərbaycanın davranışlarının həssas, ehtiyyatlı olduğu da bəllidir və Azərbaycan hakimiyyəti düz edir».
Politoloq Vəfa Quluzadə də hesab edir ki, Azərbaycan İranla düzgün siyasət aparır:
«Azərbaycan İranın heç bir daxili işlərinə qarışmır. Dinc qonşuluq siyasəti həyata keçirir. Əksinə İran Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir».
Razi Nurullayev də hesab edir ki, rəsmi Bakının İrana qarşı hər hansı bir ehtiyyatsız hərəkəti Azərbaycanı təhlükəli duruma sala bilər:
«Azərbaycan İranla bağlı çox ciddi və ehtiyyatlı siyasət yeritməlidir. Dinc qonşuluq siyasəti ilə yaşamalıdır. Azərbaycanın İrana qarşı hər hansı bir ehtiyyatsız siyasəti və koalisiyalara qoşularaq hər hansı bir bəyanat verməsi, sanksiyalara qoşulması Azərbaycanın bölgədə təhlükəli vəziyyətə düşməsinə səbəb ola bilər. Azərbaycan İrana qarşı hər hansı addım atsa İran Azərbaycanı sadəcə durub seyr etmiş olmayacaq. Biz orda yaşayan azərbaycanlıları da nəzərə almalıyıq».
Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG