Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:28

Eurovision: "Bakının yenidən qurulması planının müsabiqəyə dəxli yoxdur"


Sietse Bakker

Sietse Bakker

"Eurovision" müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri, hazırda Bakıda səfərdə olan Sietse Bakker-in AzadlıqRadiosuna eksklüziv müsahibəsi

- Bakıda “Eurovision”a hazırlığın səviyyəsindən razısınızmı?

- Birincisi, biz mayda müsabiqənin keçiriləcəyi rəsmi yerlə bağlı – Bakıda yeni tikilən Crystal Hall-la bağlı vacib qərar verdik. Hall demək olar ki, hazırdır. Biz həmin yeri də ziyarət elədik və hər şey çox yaxşı görünürdü. Ondan əvvəlsə biz “Eurovision”un ev sahibliyinin rəmzi ötürülməsi mərasimini təşkil etdik.

Düsseldorf şəhərinin meri rəsmən müsabiqənin açarını Bakı icra hakimiyyəti başçısına təqdim elədi. Biz yarımfinalların püşkünü atdıq və hansı ölkələrin hansı yarımfinalda çıxış edəcəyini müəyyənləşdirdik. Artıq 43 ölkə, o cümlədən Ermənistan müsabiqədə iştirak edəcəyini təsdiqləyib. Və bu, yekun rəqəmdir. Bu ölkələrin hamısı may ayında müsabiqədə iştirak etmək üçün Bakıya gələcəklər.

- İndiki durumda əsas narahatlıq doğuran, həll olunası məqamlar hansılardır? Nəyin daha yaxşı həll edilməsinə ümid edirdiniz?

- “Eurovision” mahnı müsabiqəsi artıq 57 dəfə təşkil olunub. Yəni bizim çox böyük təcrübəmiz var təşkilatçılıqla bağlı. Hər il biz fərqli məsələlərlə üzləşirik və onları həll edirik. Eyni şey Bakıda baş verir, biz fərqli məsələlərlə üzləşirik və hər şey plana uyğun olaraq gedir. Biz İctimai TV-nin təşkilatçılıqla bağlı yerli tərəfdaşlar və Almaniyadan olan production şirkəti ilə birgə gördüyü işlərdən çox məmnunuq. Odur ki, “Eurovision” mahnı müsabiqəsinin istədiyimiz səviyyədə keçəcəyinə çox əminik.

- Azərbaycanda ictimaiyyəti maraqlandıran bəzi suallar da var. Bildiyiniz kimi, Azərbaycanda “Eurovision” mahnı müsabiqəsindən insan haqlarının pis durumuna diqqət çəkmək üçün istifadə edən bir hərəkat da var. Siz təşkilatçı olaraq ev sahibi ölkədə insan haqlarının durumuna görə özünüzü məsul hiss edirsinizmi? Və ya siz Azərbaycan rəhbərliyinin insan haqlarının durumunu yaxşılaşdırması üçün cəhdlər etmisinizmi? Məsələn, sərbəst toplaşmaq azadlığı ilə bağlı?

- Avropa Yayımçılar İttifaqı (AYİ) bir təşkilat olaraq media azadlığı və insan haqlarına çox böyük önəm verir. 2010-cu ildə Bakıda konfrans olmuşdu və orada AYİ media azadlığı ilə bağlı bəyannamə qəbul elədi, onu Azərbaycan prezidentinə də təqdim elədi.

Üstəlik “Eurovision” müsabiqəsi keçirildiyi üçün Azərbaycana diqqətin artmasından faydalanan çoxlu QHT-lər var. Biz bilirik ki, onlar çox fəallıq göstərirlər. Ancaq bizim onların fəaliyyətinə aidiyyatımız yoxdur. Biz onlarla görüşmüşük, narahatlıqlarının nə olduğunu bilirik. Amma qalanı onların işidir.

Biz “Eurovision” müsabiqəsində heç bir siyasi məqsəd güdmürük, bu, müsabiqənin hədəfi deyil. Amma sözsüz ki, bu cür təşkilatlar müsabiqədən başqa məqsədlər üçün istifadə edirlər.

- “Eurovision”a görə media Azərbaycana çox böyük diqqət göstərir. Və bu zaman onlar Azərbaycanda sərbəst toplaşmaq azadlığı, media azadlığı və hökumətin korrupsiyalaşmasına da diqqət çəkirlər. “Eurovision” təşkilatçıları olaraq siz Qərb mediasında adınızın belə pis insan haqları tarixçəsi olan hökumətlə yanaşı çəkilməsindən narahatsınızmı?

- Təbii ki, biz adımızın bu cür çəkilməsindən narahatıq. AYİ media azadlığına çox böyük önəm verir, çünki bu, təşkilatın bilavasitə marağında olan məsələdir. AYİ təkcə Azərbaycanda yox, Avropa üzrə media azadlığının daha da yaxşılaşması üçün müəyyən fəaliyyət göstərir.

Amma eyni zamanda qəbul etməliyik ki, Azərbaycan “Eurovision” mahnsı müsabiqəsində qalib gəlib, avropalılar Azərbaycanın qələbəsinə səs veriblər. Odur ki, Azərbaycan bu müsabiqəni təşkil eləmək hüququ əldə edib. Bu, adi insanlar üçün olan, ictimai yayımçının təşkil elədiyi və hökumətin idarə elədiyi bir müsabiqədir. Yəni bu, Azərbaycanda
Sietse Bakker Azadlıq Radiosunun Praqa studiyasında, 21 oktyabr 2011

Sietse Bakker Azadlıq Radiosunun Praqa studiyasında, 21 oktyabr 2011

yaşayanlar üçün öz ölkələrini Avropaya nümayiş etdirmək üçün bir imkandır. Və Azərbaycana mediadakı diqqətin artması ölkədə bəzi şeylərin yaxşılaşmasına səbəb olacaq ki, bu da çox yaxşıdır. Ancaq bu, təşəbbüs media ilə bağlıdır, bizimlə deyil.

- “Eurovision”a hazırlıq üçün ev sahibi ölkənin nə qədər xərcləməsi ilə bağlı hansısa limitlər varmı? Crystal Hall, Bakının abadlaşdırılması, infrastrukturun qurulması təbii ki, ölkəyə qoyulan investisiyadır, ancaq bu xərclər həm də bilavasitə “Eurovision”la bağlıdır. “Eurovision”da təşkilati işlər üçün büdcə ilə bağlı hansısa limit varmı?

- “Eurovision” mahnı müsabiqəsinin büdcəsini biz təsdiq eləyirik. Biz büdcəni diqqətlə öyrənirik və indiki mərhələdə büdcə davamlı olaraq dəyişir.

Ancaq bir şeyi dəqiqləşdirmək istərdim. Bakıda aparılan bəzi tikinti işləri, o cümlədən Crystal Hall-un tikintisi əslində şəhərin yenidən qurulması ilə bağlı çox geniş bir planın tərkib hissəsidir. Bu planın isə “Eurovision”a heç bir dəxli yoxdur.

Bakıda uzun illərdir ki, geniş yenidənqurma işləri aparılır, Crystal Hall-un tikintisi “Eurovision” mahnı müsabiqəsi ilə eyni vaxta təsadüf edib, amma “Eurovision” sadəcə burada keçirilən ilk tədbir olacaq. Odur ki şəhərin yenidən qurulması, Crystal Hall-un tikintisi “Eurovision” mahnı müsabiqəsinin büdcəsinə daxil deyil.

- Adətən “Eurovision” müsabiqələrinə müxtəlif ölkələrdən xeyli sayda homoseksual da seyrçi qismində qatılır. Sizcə, Azərbaycan cəmiyyəti onları qəbul etməyə, yerləşdirməyə hazırdırmı? Azərbaycanda bir çox insanların homoseksuallara münasibəti məsələn, Hollandiyadan fərqlidir...

- “Eurovision” müsabiqəsinin Avropada çox fanatı var. O cümlədən bu, siz qeyd etdiyiniz kimi, geylər arasında da populyar kütləvi tədbirdir. Çoxlu sayda homoseksualın “Eurovision”u izləmək üçün müsabiqənin keçirildiyi şəhərlərə səyahət etməsi də həqiqətdir.

Mən anlayıram ki, homoseksuallara münasibət məsələsində Azərbaycanla bir çox Avropa ölkələri arasında fərq mövcuddur və Azərbaycan cəmiyyətinin bu məsələdə keçəcəyi uzun yol var.

Amma eyni zamanda Azərbaycan xalqı çox qonaqpərvərdir və inanıram ki, bu məsələ ilə bağlı Bakıda heç bir problem olmayacaq. Digər tərəfdən homoseksuallar normal insanlardır, onlar Bakıda sərbəst şəkildə gəzə bilərlər. Əminəm ki, onlar həm də yerli ənənələri nəzərə alacaqlar.

- Viza məsələsi ilə bağlı müzakirələr gedirmi? Azərbaycan viza qaydalarını sadələşdirdiyini deyir, vizanın müsabiqə dövründə tamamilə ləğvi mümkündürmü? Ümumiyyətlə, bu istiqamətdə hökumətlə danışıqlar aparılırmı?

- Biz viza məsələsindən çox narahat idik. Çünki Azərbaycanın müsabiqəyə qatılan 43 ölkənin heç də hamısında diplomatik nümayəndəliyi yoxdur. Bundan başqa Azərbaycana gəlmək üçün viza almaq da ümumilikdə asan məsələ deyil.

Ona görə də biz builki müsabiqəyə hazırlıqlar başlayan kimi bu məsələni Azərbaycanın müvafiq dövlət strukturları qarşısında qaldırdıq. Dünən (yanvarın 25-də - AzadlıqRadiosu) bizə deyildi ki, bu istiqamətdə bəzi müsbət dəyişikliklər müsabiqədən əvvəl elan ediləcək. Mən bunun təfərrüatları bərədə çox şey deyə
Crystal Hall layihəsi

Crystal Hall layihəsi

bilməyəcəm. Amma müsabiqə vaxtı Azərbaycana gəlmək üçün viza almaq xeyli asanlaşacaq. Biz gözləyirik ki, yaxın 2-3 həftədə bu barədə bizə daha ətraflı məlumat veriləcək.

- Müsabiqənin təşkilatçısı kimi, sizcə, Bakıya çoxmu qonaq gələcək?

- Mən əminəm ki, mayda müsabiqəni izləmək üçün Bakıya minlərlə insan səfər edəcək. Amma bu həm də bizim nəzarət edə bilmədiyimiz bir çox faktorlardan asılıdır. Bu, Bakıdakı otellərin sayından, Avropanın böyük şəhərlərindən Azərbaycana təyyarə reyslərinin sayından, biletlərin qiymətindən də asılıdır. Hələ ki bu barədə ətraflı məlumatımız yoxdur. Bunlar müsabiqə vaxtı Bakıya nə qədər insanın səyahət edəcəyini müəyyən edən əsas amillər olacaq.

Bu həm də Azərbaycan üçün bir imkandır ki, özünü dünyaya tanıtsın. Ona görə də Azərbaycanın xaricdəki imicindən də çox şey asılı olacaq. Yəni mediadan əldə etdikləri məlumatlar əsasında Avropadakı insanlarda Azərbaycan haqda hansı təsəvvür formalaşacaq? Müsabiqədən sonra da insanlar Azərbaycana səfər edəcəklərmi?

- Viza məsələsindən başqa hansı məsələlərlə bağlı narahatlığınız var?

- İndi viza, otellərin tutumu, müsabiqənin keçirildiyi yerlə bağlı işlər düzgün istiqamətdə gedir. Amma eyni zamanda yaxın aylarda bu məsələlərlə bağlı çox işlər görüləcək. Bununla yanaşı unutmaq olmaz ki, artıq yanvarın axırıdır və artıq aprel ayında qonaqlar Bakıya gəlməyə başlayacaq.

- Keçən ilki müsabiqə zamanı Düsseldorfda ciddi texniki qüsurlar baş vermişdi. Məsələn, canlı yayımda. Bundan başqa telefonlarla bağlı problemlər olmuşdu. Builki müsabiqədə belə şeylərin təkrarlanmayacağına əminsinizmi?

- “Eurovision” müsabiqəsinin özəlliklərindən biri də bu işə təctrübəli production şirkətlərinin cəlb edilməsidir. Amma onu da nəzərə almaq lazımdır ki, “Eurovision” canlı yayımlanan böyük bir tədbirdir və belə tədbirlər hansısa qüsurlardan tam sığortalanmayıb. İldən-ilə bu məsələdə təcrübə toplanır, peşəkarlar bu səhvlərdən öyrənirlər. Ona görə belə problemlərin yenidən baş verəcəyini düşünmürəm.

- “Eurovision-2012”nin loqo və devizi xoşunuza gəldimi?

- Məncə, çox gözəldir. Xüsusən, od rəmzi, “Light your fire” (““Öz alovunu yandır!””) devizi çox xoşuma gəlir. Eyni zamanda quruluşu çox gözəldir, hər müstəvidə istifadəsi asandır. Onu televiziyada, İnternetdə, reklamlarda asanlıqla istifadə etmək olar.

Açığı mən hesab edirəm ki, bu bizim müsabiqələrdə indiyəcən olan ən yaxşı loqo və devizdir. Çünki bu loqo, alov rəmzi həm Azərbaycan tarixi və ənənələrini gözəl ifadə edir, həm də “Eurovision” müsabiqəsinin ruhunu. Çünki “Eurovision” bir musiqi bayramıdır, bayramlarsa həmişə böyük enerji və emosiyalarda ifadə olunur.

Şərhləri göstər

XS
SM
MD
LG