Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:40

Cavanşir Yusifli "Dolu" romanını tənqid edir


Cavanşir Yusifli
Cavanşir Yusifli
Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Aqil Abbasın "Dolu" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Cavanşir Yusifli


“DOLU” ROMANI VƏ NƏSRİMİZİN PROBLEMLƏRİ

Bəzən ad, əsərin adı assosiasiyalar zənciri doğurur və o qədər hallanır ki, üzülüb gedir, mətnin içi ilə heç cür kontakt tapmayan bu ad çölə daşdanmaqla qısa və “qalmaqallı” ömrünü başa vurur. Kimdir təqsirkar, müəllifmi, əsərmi, yoxsa tənqidçi.

Məncə, hər üçü. Ancaq şübhəsiz ki, ilk növbədə mətn.

Aqil Abbasın “Dolu” romanı çap edilən kimi bu orijinal adla oyunlar başladı (“... mən hələ belə dolu roman oxumamışam” və sair).

Dolu həm də ruscadan “qrad” sözünə uyğun gəlir, məsələn, əkini dolu vurdu, dərhal assosiasiya yaranır: dolu vuran əkin çətin özünə gələ...

“Dolu” romanı bu günün Azərbaycan nəsrinin spesifik problemlərini çözmək baxımından maraqlıdır.

Mövzu – Qarabağ müharibəsi romanı diqqətlə oxumağı tələb edir və bu həm oxucu, həm də müəllifin üzərinə böyük məsuliyyət qoyur.

O mənada ki, artıq bu mövzuda bir neçə zəif nəsr əsəri meydana çıxmışdır, biz müasir dövrün fəlakətlərinin bədii həllini araşdırmaq marağındayıq.

Aqil şübhəsiz ki, istedadlı adamdır, nasir kimi (bu romanıyla) müşahidə qabiliyyətinin itiliyinə, süjet məkanında baş verən hadisələr arasında özünəməxsus fəhm və ustalıqla bağlar yarada bilən, adicə detalı canlı, diri əhvalat şəbəkəsinə qoşan, bir sözlə, sözünün canı olan qələm sahibidir.

Bu romanda Aqilin uğurlu cəhətlərini çox sadalamaq olar, ayrı-ayrı səhnələr, süjet keçidləri, bir-birini zahiri baxımdan, yəni şəkil etibarı ilə deyil, daxili məntiq əsasında doğuran əhvalatların təsviri və sair. Ancaq hamıya bəllidir ki, hadisənin təsvirinin yaxşılığı, parlaqlığı, xüsusən də bədii təsvirlər, deyimlər, bu mənzərələr arasında biri-birini doğuran assosiativ keçidlər.... hələ yaxşı roman demək deyildir. əsərdə mükəmməl mətnə çevrilmə ehtimalı olan detallar yox deyildir.

Yaradılan personajların xarakteri, diqqət edilərsə, məhz bu detallar üzərində “qurulur”, ancaq onlar müəyyən məqamlarda bir-birlərinə yapışmır və sonda hər ikisinin yarımçıq olması meydana çıxır.

“Dolu” romanında Komandir bütöv xarakterdir – hər bir hərəkəti, mimikası, münasibəti, jestləri, üz-göz ifadəsi ... ilə. Müharibə mövzusunda bu tip xarakterləri yaratmaq çox çətindir, ən təhlükəli cəhət həmişə əmrlər verən, döyüşü istiqamətləndirən adamın obrazının sxematik alına bilməsidir. Komandir bir daha xatırladaq ki, canlı və bütöv obrazdır.

Hər şeydən əvvəl ondan başlayaq ki, romanda süjet xəttinin haçalanmasına, bir neçə fərqli əhvalatın qoşulmasına baxmayaraq, ümumi ovqat – müəllifin, yaxud belə deyək, müəllif obrazında bizim – o müharibənin tarixini, tüstüsünü, ağrı-acısını yadda saxlayan hər bir kəsin içində yanıb cızdağının çıxması içəridən duyulur və bu duyğu getdikcə dərinləşir.

Bu proses anbaan daha dərinlərə baş vurur, hiss edilir, çünki burada əvvəlcədən nəzərdə tutulan bir mövqe yox, müxtəlif dillər, işarələr... bir-birinə calanaraq fərqli təəssüratlar doğuran münasibət və mövqelər mövcuddur. Və bunun nəticəsidir ki, əsərdə bir şəhərin timsalında bütöv Qarabağ faciəsi dolğun şəkildə göstərilə bilmişdir.

Bir az əvvəl içindən daşdaşıb min yerə haçalanan, dünyanı gəzib-dolanan və qayıdanbaş bütün dünyanı öz başına dolandıran çox varlı, çox hökmlü, çox ziddiyyətli... özünə sığmayan bu şəhər od tutub yanır, tüstüsü təpəsindən çıxır. Aqil Abbas ən müxtəlif hadisələri dar bir məkanda ən müxtəlif variantlarda qarışdırıb həm şəhərin, həm Qarabağın, həm də müəyyən mənada Azərbaycanın obrazını yaradır – dərdli, kədərli,
faciəli – gülüş, sevinc, şadyanalıq içində də faciəli bir obrazı.

Bu amili dərk etdiyinə görədir ki, nasir ayrı-ayrı personajların taleyini deyil, adını çəkdiyimiz bütöv bir obrazın taleyini bütün ziddiyyətləri, faciəyə gətirən səbəblərin çözülməsi və dinamikasında göstərmək istəyir.

Buna görə də Aqil “Dolu” romanında bu işin öhdəsindən müəyyən mənada gələ bilmişdir. Əsərin qüsurları qarşıya qoyulan problemin mürəkkəbliyindən, dərinliyindən və yazılma perspektivinin ziddiyyətlərindən irəli gəlir.

Romanın daxili quruluşunda ilkin diqqəti cəlb eləyən işarələr və rəmzlərdir.

Bu simvollar romanın adından tutmuş son səhifəsinə, son hadisəyə qədər davam edir. Bu işarələrin əsas özəlliyi semantik baxımdan açıqlıqdır, yəni müharibəni xatırladan hər bir işarə elə bu müharibədə doğulan, davam edən və heç zaman bitməyən hadisələrin içindən çıxır.

Bu mənda “dolu” simvol-motivi roman boyu bütün “qırıq” süjet xətlərini calayır, mənalandırır, müharibənin yaddan çıxmayan hadisələrini öz ladında canlandıran fraqmentlər kimi, yandırılan yurd yerlərinə təzə anlam verir, insan qoruya bilmədiyi sevgisinin acısını çəkir. Motivin süjetyaradıcı potensialı güclüdür. Bunu izah etmək lazımdır.

Ədəbiyyatşünaslıqda “tekst massivi” ifadəsi var. “Dolu” romanında tekst massivini adını çəkdiyimiz motiv-işarələr yaradır. Hər şey vahid – bitib-tükənməyən və həm də bölünməyən (morfoloji yox, semantik və daha çox məntiqi baxımdan-!) mətləbin üstünə gəlir, bol sulu çay kimi onun üstünə tökülür, vahid və tək olanı bölüb çoxaltmaq cəhdi başa varmır.

Proses boyu motivin ən müxtəlif işarələrlə ünsiyyəti o dərəcədə mürəkkəbləşir ki, onun özü də ayrıca süjet xəttinə çevrilir. “Dolu”da semantik valentliyi olan motivlər sırası tekstin sərhədlərindən kənarda romanda danışılan əhvalata paralel olaraq “hadisə kütləsini” yaradır.

Bu – roman içində roman deyildir, əksinə romanın mətn sərhədindən kənara daşınmasıdır. “Motivin nüvəsində inkişaf rüşeymləri yatır, daim kənar motivlərlə zənginləşir. Motiv mürəkkəbləşdikcə süjetə çevrilir” (A.L.Bema). Təhkiyə həmişə obyektiv səciyyə daşıyır, qadağa və məhdudlaşdırmalarla müşayiət edilir, obyektiv təhkiyə və subyektiv diskurs real gerçəkliklə müəllif tərəfindən yaradılan gerçəklikiyin sərhəddində lüğətlərdə və nitq praktikasında olmayan anlamların yaranmasına xidmət edir.

Bədii əsərin, xüsusi halda romanın yazılmasında məqsəd elə budur. Baş vermiş hadisələrin semantik sərhədini genişləndirmək, ona paralellər yaratmaq və bütün bu kimi cəhdlərlə onun əsl mənasını (invarinatını) çatdırmaq. Ancaq bütün bu “həngamənin” içində invariant qurmaq ehtirası uğursuzluqla nəticələnir. Bütün hallarda bu mənada əsərin və adı çəkilən mətləbin (axtarılan mətləbin) taleyi oxucuya tapşırılır.

Belə ki, əsərdə danışılan mətləbdən yayınma ilə (diskurs) mətləbə çəkilmə, canatma (təhkiyə) eyni lad üstündə gedir, əsər tam halında bu “assimetrik” quruluşun mətnin dibinə kip oturması uğrunda mübarizəni və kompromisi xatırladır. “Dolu” motivi bu mənada süjetyaratma imkanının genişliyi ilə seçilir.

Bu mənada, digər işarələr və motivlərə yön verən rəmzlər, məsələn, “At belində olan Adam” uğursuzdur. Dolğunluq mənasında ona yardımçı olan, süjetqurma kontekstində bu ifadə-rəmzin semantikasını açan, bir sözlə onu şaxələrə bölən mətləblər yoxdur.

“At belində olan adam” adı çəkilən “şaxələrin” yoxluğundan sadəcə lüğəvi məna daşıyır, böyüyüb-artmır, roman mətnində ünvanına çatmayan sözə çevrilir.

“Dünyanın ən varlı şəhəri” roman boyu nə qədər sıx-sıx işlənsə də (müəllif sonda əsərin yazılma yerini də belə göstərir:

Dünyanın ən varlı şəhəri), necə deyərlər içindəki mənaya çatmır, elə bil ki, müəllif bilir, ancaq bunu kənar şəxsə bildirmək istəmir. Buna səbəb diskurs-təhkiyə tənasübünün əsərin ziyanına pozulması, yaxud olmamasıdır.

Bu şəhər haqqında romanda “təsvir edilən” hadisələrlə, faktlarla şəxsən mənim bildiklərim üst-üstə düşmür, oxucuya çatdırılan bilgi dərinlərə işləmir, yəni romanın ilk səhifəsindəcə “dünyanın ən varlı şəhəri” ifadəsini anlamaq oxucu üçün çətinlik törətmir (biz demirik çətinlik törətsin-!), yəni bu hər hansı bir şəhər yox, hamımızın tanıdığı bir məkandır.

Dərhal tanınan “rəmzin” daha gizlin qalmağa, ondan ixtiyari bir şəhər kimi bəhs etməyə ehtiyac qalmır, belə olan halda ilk səhifədən hamıya bəlli olan, ancaq yenə də “işarə altında” qalan məkanın semantika baxımından dərinlərə enməyə, roman üçün mənaçoxaldıcı sistem rolunu oynamağa daha çox ehtiyacı vardı.

Yusif Səmədoğlunun “Qətl Günü” romanında Xəstənin kimliyi hamıya bəllidir və həm də bəlli deyildir – personajın ikili oxunuşu, bir nöqtə üzərində dayanıqlı olmaması məhz “alt qatın”, obrazın bətnində yatan mifoloji bazanın hesabınadır, bu həm də obrazın yaradılma mexanizmindən, onu yaradarkən material kimi nədən istifadə olunmasından asılıdır.

Dünyanın ən varlı şəhəri isə sadəcə təsəvvürlərdə bu şəhər haqqında mövcud olan xatirələr, əhvalatlar, qeyri-adi faktlar sayəsində yaşayır, romanda bu ifadəyə dəstək duran heç nə yoxdur. Diqqət edilərsə, romanda ən fəal mövqedə müxtəlif əhvalatlar, onların dili, tanış məkanda müvafiq distansiya keçildikdən sonra təkrarlanması, yaxud diskurs strukturlarının, başqa sözlə desək “janr materialının” üz-üzə gəlməsidir. Bütün əhvalatlar bir dəfə baş verdikdən sonra roman boyu təkrarlanır və təhkiyə boyu “danışılır”, beləcə yayıla-yayıla gedən əhvalatlar bir hadisə haqqında ən müxtəlif rəylər doğurur.

Aydın məsələdir ki, müasir dövrdə roman janr etibarı ilə dəyişmişdir, indi belə deyək, metaromanın təhkiyə məkanı darlaşmış, təhkiyənin özü fraqmentarlaşmış, bu məkanda total mif statusu yoxa çıxmışdır. Yəni “çılpaq təsvir mövqeyi” janrın tarixinə çevrilmişdir.

Janrın əsasında məhz bu texnologiya durur. Aqildə müəyyən məqamlarda bu texnologiya çox uğurlu olsa da, əksər hallarda sadəcə təkrardır, əsərin poetik strukturuna dəxli olmayan və ya belə deyək, publisistik baxımdan aidiyyatı olan üsuldur. Aqil əsər
Aqil Abbas
Aqil Abbas
boyu sadəcə fon yaratmaqla romanı “danışır”, sxematikliyə meyl edir.

Bunun əksinə olaraq, məsələn, Komandirin jurnalistlə iki dəfə - cəbhədə və türmədən çıxandan sonra qarşılaşması və hər iki təsadüfdə müxtəlif üsullarla onun “dərsini verməsi” həm də böyük siyasi məna daşıyır.

Bu hadisədən sonra Komandirin maşından düşüb döyüşü uduzduğu şəhərə getməsi və nəhayət dünya nəhrində azad üzən balıqlara qoşulması mənin fikrimcə romanın uğurudur.

"... Uşaqlıqda olduğu kimi əlini atdı və bu balaca, pırıl-pırıl balıqlardan birini tutsun, tutdu da, Balıq əlinin içində elə çırpınırdı ki, elə bil əlinin içində çırpınan balıq yox, ürək idi. Çəkib sudan çıxarmaq istədi, nə illah elədi bu balaca, pırıl-pırıl balığa gücü çatmadı, Balıq kəhrizin dərinliyinə doğru üzməyə başladı, balıq üzürdü və onu da özüylə çəkib aparırdı, Balıq onu dərinliyə çəkdikcə su daha şirinləşir, daha durulur, bir az da soyuyurdu, Neçə iliydi bu şirinliyin, bu duruluğun həsrətini çəkdiyindən indi ləzzətlə balığın dalınca üzürdü. Və heç fərqində də deyildi ki, bu balaca, bu pırıl-pırıl balıq necə onu arxasınca çəkib aparır..."

Ancaq bunu adı çəkilən texnologiyanın – janr materialının bütün digər fraqmentləri haqqında söyləmək mümkün deyildir. Qədir Rüstəmovun səsi romanın bir neçə məqamında boş yerə təkrarlanır, romanda assosiasiya doğurmayan əlavə, yad səhifələr təsiri bağışlayır.

O mənada ki, müəllif bu kimi fraqmentləri ixtiyari şəkildə düzüb-qoşarkən səthi təəssüratlara varır, sadəcə “texniki işlərlə” məşğul olduğunun fərqinə varmır, bu səsin, bu obrazın qarşısında, belə deyək onunla çoxvariantlı əlaqəsi olan və bu ələqələr sayəsində roman məkanının digər yerlərində cücərəsi mənalar dayanmır, bu mənada Qədir Rüstəmovun səsi sadəcə fondur.

Bunun əksinə olaraq, məsələn, romanda Drakonla Pələngin münasibətləri hansısa hadisəyə və ya olaya fon kimi deyil, süjetin aparıcı xətti kimi verilmişdir. Onlar şəhid olduqdan sonra da bu xətt qırılmır, əksinə kəsişə-kəsişə gedir. Xəbər gəlir ki, türklər gəlib, Ağ Evin həyətindən bayraqları asılıb, amma sonra məlum olur ki, bu, döyüşdə şəhid olmuş Drakonla Pələngin qanlı köynəkləridir.

"Mağara yenə də bir qəbiristanlıq sükutu çökdü, heç kim bu sükutu pozmağa ürək eləmirdi. Çaylar yenə də soyumuşdu və Çayçının bu soyumuş çayları dəyişməyə cəsarəti çatmırdı, çiynində dəsmal boynunu büküb dayanmışdı mağarın ağzında.
Və bir anda bütün şəhərə səs yayıldı:
-Türklər uşaqlara pul göndəriblər...
- Deyirlər özləri də gəlir...
- Di gedin, erməni köpəyoğlu! Elə bilirsiniz qardaşlarımız bizi tək qoyacaqlar...
Və İkinciyə xəbər çatdı ki...
... Batalyonun həyətində Türkiyənin bayrağını qaldırıblar!
... Batalyonun həyətində qaldırılan isə Türkiyənin bayrağı deyildi, Drakonun Pələngin qanına hopmuş köynəyiydi..."


Aqil Abbasın “Dolu” romanı haqqında ən müxtəlif baxış bucağından danışmaq olar və lazımdır. Mətn deyir ki, müəllif bu əsəri sadəcə öz mövqeyini nəzərə çarpdırmaq naminə qələmə alıb, ancaq ard-arda maraqlı detal və cizgilər olsa da adı çəkilən mövqe nəsr kontekstində gerçəkləşməyib.
XS
SM
MD
LG