Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 02:58

Şəkidə e.ə II minilliyə aid kurqanlar dağıdılıb [VİDEO]


Şəkidə eradan əvvəl II minilliyə aid kurqanlar dağıdılıb
Gözlə

No media source currently available

0:00 0:04:50 0:00

Şəkinin Kiçik Dəhnə kəndi ərazisindəki "Ağdərə Kurqanlar Qrupu" traktorla şumlanıb. Ərazidəki 136 kurqandan 120-nin yerüstü hissəsi tamamilə məhv edilib.

Şəkidə bizim eradan əvvəl II minilliyə aid kurqanları traktorlarla şumlayıblar. Elə Şəkiyə səfərimizin əsl məqsədi də belə bir hadisənin baş verib-vermədiyini yerindəcə aydınlaşdırmaq idi.

«AĞDƏRƏ KURQANLAR QRUPU»

Şəkinin Kiçik Dəhnə kəndi yaxınlığında yerləşən həmin kurqanları 2006-cı ildə arxeoloq Nəsib Muxtarov aşkarlayıb.

Həmin ərazinin səmadan topoqrafik şəkli çəkilib və burada irili-xırdalı təxminən 136 kurqanın olduğu rəsmi təsdiqini tapıb. İndiyə kimi kurqanlardan 5-i üzərində arxeoloji qazıntı aparılıb.

Dəfn kameralarında (qəbirlərdə) aşkarlanan ölüyə məxsus bəzək və müxtəlif məişət əşyalarının tədqiqi kurqanların eradan 2000 il əvvələ aid olduğunu göstərib. Mədəniyyət və Turizm Nazirliyi kurqanların ölçüsünü, sayını və dərinliyini əks etdirən xəritə də hazırlayıb. Hətta kurqanlara ad belə verilib – «Ağdərə Kurqanlar qrupu».

«120 KURQAN MƏHV EDİLİB»

Arxeoloq Nəsib Muxtarov deyir ki, Azərbaycan tarixinin qədimliyi və zənginliyinin əyani sübutu olan bu kurqanların 2012-ci ilin aprelindən geniş tədqiqi nəzərdə tutulubmuş.

Şumlanmış ərazi
Şumlanmış ərazi

Amma dekabrın sonunda həmin əraziyə gedəndə, gördüklərinə inana bilməyib. Kurqanların yerüstü hissəsinin tamamilə şumlanmasına şahid olub:

«Elə bil kurqanları əlimizlə qoyub getmişdik. Amma gəlib o faciəni gördük ki, 130 kurqandan cəmi 5-6-sı qalıb. «Ağdərə kurqanları»nın mühafizə zonası sənədi Mədəniyyət və Turizm Nazirliyində yaxınlarda təsdiq olunmalı idi. Amma təəssüf ki, biz onun təsdiqinə çata bilmədik.

Kurqanlar məhv edildi. Kurqan - bütövlükdə bir konsepsiyadır. Onun yerüstü hissəsi ilə yeraltı – dəfn kameraları vəhdətdədir. Bu, iki dünyanın vəhdəti deməkdir. Amma onun birinci dünyası yerüstü hissəsi məhv edilib».

Nəsib Muxtarov deyir ki, arxeoloji tədqiqat aparılan 5 kurqanın yerüstü hissəsi buta, aypara, ulduz və müxtəlif bürc formalarında olub.

O, bu formaları həmin dövrdə insanların dünyagörüşünü, onların dini baxışlarını və ideologiyalarını öyrənmək baxımından da əhəmiyyətli sayır.

«MƏSULİYYƏTİ BƏLƏDİYYƏ VƏ İCRA NÜMAYƏNDƏSİ DAŞIYIR»

2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin Şəki şöbəsi bu ərazilərin mühafizə və qorunması üçün Kiçik Dəhnə kənd bələdiyyə sədri və icra nümayəndəsi ilə müqavilə imzalayıb.

Şöbənin müdiri Aydın İbrahimxəlilov deyir ki,


həmin müqavilənin şərtlərinə əsasən, hər iki orqan kurqanların mühafizəsinə məsuliyyət daşıyır:

«Bir daha həm bələdiyyə, həm də icra nümayəndəliyinin nəzərinə çatdırılıb ki, bu ərazilərdə qazıntı və əkin aparılmasın. İradlar tutulub. Hazırda iş dayandırılıb. Gələcəkdə bunun qarşısını almaq üçün daha ciddi tədbirlər görüləcək. Yəni, bundan da əvvəl biz həmin ərazinin mühafizəsini kənd bələdiyyəsinə və icra nümayəndəliyinə tapşırmışdıq, mühafizə üçün təbdirlər aparırdıq».

«YALNIZ KƏNDLİYƏ MƏXSUS TORPAQLARDAKI KURQANLAR ŞUMLANIB»

Şəki rayon İcra Hakimiyyətinin Kiçik Dəhnə kəndi üzrə nümayəndəsi Aslanov Mirhəsənov isə deyir ki, kurqanların hamısının üzəri şumlanmayıb. Şumlanmış torpaqlar isə Nazirlər Kabinetinin 1999-cu il tarixli sərəncamı ilə 92 kənd sakininə məxsusdur:

«Tam şum, əkin aparılmayıb. Yəni, əsas kurqanlar olduğu kimi durur. Bir-iki kiçik kurqanların üzəri şumlanıb. Məsələn, biz ötən il güc-bəla ilə sakinlərlə söhbət apardıq və həmin ərazilərin şumlanmasının qarşısını ala bildik. Dövlət aktı ilə bu torpaqlar vətəndaşlara məxsus olduğundan bu il heç nə edə bilmirik. Qalmışıq belə çıxılmaz vəziyyətdə».

Aslan Mirhəsənov deyir ki, kəndlilər torpaqlarının müqabilində onlara ya kompensasiya ödənilməsini, ya da başqa yerlərdən torpaq verilməsini istəyirlər.

«BU, RAYON SƏVİYYƏSİNDƏ HƏLL EDİLƏN MƏSƏLƏ DEYİL»

Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri Mahir Qasımov isə deyir ki, bu, nə yerli icra hakimiyyəti, nə də bələdiyyə səviyyəsində həll olunası məsələdir:

«Birinci, bələdiyyə torpaqları şoran olduğu üçün əhali təklif olunan torpaqları istəmir. İkincisi, bu məsələ rayon səviyyəsində, bələdiyyə səviyyəsində həll olunan bir məsələ deyil. Bu respublika, Nazirlər Kabineti səviyyəsində həll olunmalıdır. Həmin ərazidə bələdiyyəyə məxsus torpaqlara dəyilməyib.


Amma digər ərazinin sahibi vətəndaşdır. Biz onlara deyə bilmirik axı öz torpağında əkin aparma. Həmin torpaqların da qorunması üçün sakinlərə kompensasiya ödənilməlidir. Bu da mənim səlahiyyətim xaricindədir».

Kənd sakinləri isə bu məsələdə dövlətlə anlaşmağın tərəfdarlarıdır. Hətta bu torpaqları dövlətə bağışlaya biləcəklərini də söyləyirlər. Hərçənd, onlar indi daha çox öz dolanışıqlarının hayındadırlar. Kurqanlar aşkarlanan ərazidə 5 hektar torpaq sahəsi olan kənd sakini Zabir İbrahimxəlilov taxıl əkib, becərir. Deyir ki, ailəsinin əsas qazanc yeri bu torpaqdır:

«ŞORAN TORPAQLARI GÖTÜRMƏKDƏNSƏ, ELƏ ÖZ TORPAĞIMIZI DÖVLƏTƏ BAĞIŞLAYIRIQ»

«Bizə dövlətin verdiyi pay torpaqlarıdır. Taxıl əkirik, yeganə əkin yerimizdir. Amma şoranlıq olmayan yerlərdən torpaq versinlər, biz də çıxaq. Ya da dövlət bu torpaqları alsın bizdən. Biz qaçmırıq danışıqlardan. Nə təklif etsələr, onu da edəcəyik. Amma bizim başqa yerdə torpağımız da yoxdur. Əsas gəlir yerimiz də bu torpaqlardır. Bələdiyyənin ehtiyat torpaqları var, bəzi torpaqlar kimlərəsə icarəyə də verilib. Qoysunlar xəritəni qarşılarına, əkinə yararlı yerlərdən torpaq sahəsi versinlər, biz də çıxaq. Daha şoran torpaqları götürməkdənsə, elə öz torpağımızı dövlətə bağışlayırıq».

QANUNLA KURQANLARIN MƏHV OLMASINA KİM MƏSULİYYƏT DAŞIYIR?

Hüquqşünas Aslan İsmayılov bildirir ki, həmin torpaqlar tarixi əhəmiyyətli yer kimi qeydiyyata götürüldüyü vaxt Mədəniyyət və Turizm Nazirliyi Nazirlər Kabinetinə müraciət etməli idi:

«Bir kurqanın belə məhv olması belə fəlakət sayılmalıdır. Burada isə yüzdən çox kurqan məhv olub. Mədəniyyət Nazirliyinin birinci dərəcəli vəzifəsi bu cür kurqanların qorunmasıdır, gedib hər hansı tamaşaya dizayn vermək yox.
«Ağdərə kurqanları»nın arxeoloji materialları
«Ağdərə kurqanları»nın arxeoloji materialları
Məhz bu kurqanların məhv olmasının məsuliyyəti Mədəniyyət və Turizm Nazirliyinin üzərindədir. Çünki həmin kurqanlar aşkarlan vaxt bu nazirlik Nazirlər Kabinetində bu məsələni qaldırıb, həll etməli idi. Bu bələdiyyə, ya da yerli icra nümayəndəsi səviyyəsində həll olunacaq bir məsələ deyil».

«KURQANLAR HƏM DƏ TURİSTLƏRİ CƏLB EDİR»

Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev bildirir ki, 2011-ci ildə Şəkiyə yerli və xarici olmaqla, ümumilikdə 15 minə yaxın turist gəlib. Onun deməsinə görə, Azərbaycanda ən çox turistlərin məhz Şəkinin payına düşməsinə səbəb buranın tarixi ilə bağlıdır. O əlavə edir ki, xüsusilə kurqanlar turistləri cəlb edir. Çünki burada qədim insanların necə öz əşyaları ilə, hətta bəzən öz qulluqçuları ilə basdırılmasının tarixi turistlərə olduqca maraqlı gəlir:

«Ona görə də xüsusilə Şəkiyə gələn turistlər var. Turistlər əsasən qədim abidələri görməyə üstünlük verirlər. Məsələn, mən oktyabr ayında Almaniyanın bir turizm şirkəti ilə görüşdüm. Bildirdilər ki, ən çox turist məhz bu regionu seçir. Bunun da səbəbi odur ki, burada daha çox tarixi, qədim abidələr var, spesifik xüsusiyyətlərinin olmasıdır. «Eurovision»a görə bu il turistlərin daha çox olacağını gözləyirik».

Arxeoloq Nəsib Muxtarov isə ümid edir ki, ərazidə qalan digər kurqanlar tam məhv edilməmiş dövlət səviyyəsində hansısa addım atılacaq.
XS
SM
MD
LG