Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

Azərbaycandan Rusiyaya qaz satışı 2 dəfə artırılır


Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü

Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü

Yanvarın 23-də Soçi şəhərində Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyevin iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın «Qazprom» şirkəti Azərbaycandan Rusiyaya satılan qazın həcminin 2 dəfə artırılması barədə razılaşma imzalayıblar.

«APA-ECONOMICS»in məlumatına görə, razılaşma ARDNŞ prezidenti Rövnəq Abdullayev və «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Miller tərəfindən imzalanıb.

Azərbaycan təbii qazının alqı-satqısı barədə ikitərəfli müqaviləyə edilən əlavəyə əsasən, 2012-ci ildə Azərbaycandan Rusiyaya satılan qazın həcmi 2 dəfə artırılaraq 3 mlrd. kubmetrə çatdırılacaq, 2013-cü ildə isə 3 mlrd. kubmetrdən artıq olacaq.

«Qazprom»un mətbuat xidmətinin açıqlamasına görə, A.Miller və R.Abdullayev iki şirkətin neft-qaz sahəsində qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndiriblər. Tərəflər qeyd ediblər ki, «Qazprom» və ARDNŞ-in əməkdaşlığının möhkəmlənməsi hər iki ölkənin strateji maraqlarına cavab verir.

A.Miller bildirib ki, tərəflər karbohidrogen ixracını bundan sonra da artırmaq niyyətindədir:
«Biz Azərbaycandan alınan qazın həcmini ardıcıl olaraq iki ildir ki, artırırıq. Rusiya-Azərbaycan enerji əməkdaşlığı yaxşı sürətlə inkişaf edir ki, bu da karbohidrogen ixracının bundan sonra da artırılması ilə bağlı səylərin olduğunu göstərir. Qaz idxalı ilə bağlı yuxarı həddin olmaması, ərazilərin yaxınlığı, yaxşı qurulmuş qaz nəqli sisteminin mövcudluğu və tranzit zonalarının olmaması Azərbaycana öz qazını Rusiyaya iqtisadi cəhətdən sərfəli ixrac etməyə imkan verir».

«Qazprom» şirkəti ilə ARDNŞ arasında Azərbaycan qazının alqı-satqısı barədə müqavilə 2009-cu il oktyabrın 14-də imzalanıb. Müqaviləyə uyğun olaraq, 2010-cu il yanvarın 1-dən etibarən «Şirvanovka» stansiyasından Azərbaycan qazının Rusiyaya nəqli başlanıb. Həmin il Rusiyaya 0,8 mlrd. kubmetr qaz ixrac edilib. Lakin 2010-cu il sentyabrın 3-də müqaviləyə əlavələr edilməsi barədə tərəflər arasında imzalanmış razılığa əsasən, Rusiyaya satılan qazın həcmi artırılıb.

2011-ci ildə Azərbaycandan Rusiyaya 1,5 mlrd. kubmetr qaz ixrac edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG