Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13

HƏFTƏNİN SUALI: Bu, hansı məşhur Amerika yazıçısının əsərindəndir?


Şəbnəm Xeyrulla

Şəbnəm Xeyrulla

Keçən həftə dərc etdiyimiz parça tanınmış detektiv yazarı Çingiz Abdullayevin "Əclafların qanunu" romanından idi.

"Oxu zalı"na göndərilən cavablar arasında yalnız biri düzgün olub - həmin cavabı oxucumuz Şəbnəm Xeyrulla yollayıb.

Şəbnəm 1987-ci il noyabrın 4-də Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsini bitirib - magistr dərəcəsi var.

Hazırda “Gündəlik Bakı” qəzetində müxbirdir. Ara-sıra mətbuatda və internet saytlarında müəllifi olduğu şeirlər, hekayələr, pyeslər dərc olunur. (“Oxu zalı”nda da şeirləri çap edilib)

Şəbnəmin "Oxu zalı"na dediklərindən:

- Özümü detektiv ədəbiyyatın vurğunu hesab etməsəm də, Çingiz Abdullayevin yaradıcılığı ilə müəyyən qədər tanışlığım var. Təxminən 3 il əvvəl yay tətilimi məhz onun romanlarını oxumağa sərf etmişdim. Səhv etmirəmsə, 14 romanını oxumuşam. Əksəriyyəti elektron variantda olub. Ən bəyəndiyim əsəri “Qanın üç rəngi”dir.

Tələbə vaxtı mütaliəyə daha çox vaxt ayırırdım. Hazırda isə zaman çatışmazlığı hiss edirəm. Yalnız telefona yüklədiyim elektron kitabları oxuya, audiokitabları dinləyə bilirəm. Bu isə daha çox dünya ədəbiyyatı nümunələri olur. Hal-hazırda elektron variantda Ceyms Coysun “Dublinlilər” romanını oxuyuram. Ənənəvi kitablara gəlincə, son oxuduğum Oktay Hacımusalının “Bu vaxtın sahibi” roman-gündəliyi olub. Hazırda isə yalnız istirahət günlərində oxumağa imkan tapdığım “Dünya xalqları əfsanələri”ni mütaliə edirəm.

Qalibi təbrik edir və bu həftənin sualını elan edirik.

Bu, hansı əsərdəndir?

"...bıçağı yerdən qaldırıb qaranlıqda axsaya-axsaya, zorla özünü sahilə çatdıraraq qayıq olan yerə gəldi. Ay buludun dalından çıxanda gördü ki, qayığın ortasını deşiblər. Hiddətləndi. Elə bil canına yeni qüvvə gəldi. Ailəsinin başının üstünü almış qara buludlar kəsifləşir, göydən bəla yağırdi; şər nəğməsi gecəni həyəcana gətirir, manqrov meşəsinin üstünü bürüyür, sahili döyən ləpələrdə də səslənirdi. Babasının yadigarı olan, min dəfələrlə bitum çəkilmiş qayığın dibini deşmişdilər. Bu, ağlasığmayan pislik idi. Adam öldürmək qayıq sındırmaqdan min dəfə yaxşıdır. Qayığın övladı yoxdur, o özünü müdafiə edə bilmir, ona vurulan yara sağalan deyil..."

Düzgün cavab ilk 2 gün ərzində gəlmədiyi üçün ipucu veririk: Bu, 20-ci əsrin məşhur Amerika yazıçısının əsərindəndir.

Cavabınızı bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibinin adını isə gələn həftənin bazar ertəsi elan edəcəyik.

Günün bütün mövzuları

XS
SM
MD
LG