Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:02
.
"Oxu zalı"nda yeni imzalar

NAZİLƏ 1992-ci ildə Bakıda anadan olub.

Hazırda Qırğızıstan-Rus Slavyan Universitetinin jurnalistika fakültəsində təhsil alır.

Onun göndərdiyi şeirlərdən bir neçəsini "Oxu zalı"nda çap edirik, oxucularımızın da qiymət verməsini istərdik.


NAZİLƏ


Həyat həndəsəm

Yuvarlanmış həyatımızın
Korbucaqlı insanlarıyıq biz.
Kvadrat düşüncələrlə
Bir prizmadan baxarıq ayrı-ayrı bucaqlardan


Həyat Teatrı

Arzularım başqalarının gerçəyi olmuş,
Bir tamaşaçı kimi qaldım bu teatrda,
Oturdum ən arxa yerdə
əlimdə güllər.
Səhnədə mən deyildim.
Məhkum oldum başqalarını alqışlamağa
Baş rolları həmişə mən itirdim...


Dörd divar

Dörd divar ortasında mən,
Baxdım dörd divara,
Sakinləri,
Məsumlardı,
Bəyazdı onlar.
Kirlənməmişdilər heç
başqa rənglərlə.
Qapalıydılar hayata.
Bir daha baxdım divarlara
Oxşayırdılar bir-birlərinə,
Kədərləri eyniydi dördünün də.
dörd divar, dörd dustaqdı
içində olan insanlara.
Bir də baxdım aynalara
dörd divar gördüm yenə,
ortasında mən.
Divarlar çox böyükdü
Kiçik qaldım mən...
Yüksək və soyuqdurlar,
Həsrətlə böylanarlar həyat günəşinə.
Gündüzləri çox ıssız,
Gecələri çox rəngliydi kölgələr,
Kölgələrdə əksimi axtardım.
Hər gün bir xəyal oldum,
Hər gün bir fiqur,
Divarlar yansıtdı xəyallarımı.
Aynalarsa şəffafdı,
Çirklənməmişdilər pis insan görüntüləriylə!


Oktyabr qırmızısı

Düşüncələrim, hüzün dənizim kimi dərin,
Boğuluram.
Qərarsızlığım, dalğalar kimi.
Vurur düşüncələrimin sahilinə,
İsladır kinimi hər çırpınışında,
Oyandırır xatirələri,
Gizlində saxladığım arzularımı.
Küləklərdən alıram qoxunu
Burnumun ucundasan...
Hər qoxladıqca içimə çəkirəm səni.
Yağışı öpürəm,
damlalar canlandırır keçmişi dodaqlarımda.
Qağayılara söyləyirəm sevdiyin mahnını,
onlar kimi uçur xəyalım,
Üzümü çevirirəm yalnızlığıma.
Avqust kimi darıxıram sənin üçün.
Ad günü şamımı üfləyib,
İçimdə arzum ol istəyirəm,
Sentyabrı sevmirəm.
Səbəbini bilibdə, özümə bildirmədən.
Son bahar yarpağı vurur üzümə,
sarı yarpaqlar,
ayrılığı xatırladarmış kimi.
Unutmaq istəyirəm Sentyabrı-
Sarı yarpaqları.
Başlamaq istəyirəm Oktyabra,
Qırmızı yarpaqlardan,
Sovurmaq istəyirəm qırmızı gülücükləri üzümə,
Qızarsın üzüm,
Döyünsün ürəyim qırmızı-qırmızı,
Eşq olsun, Oktyabr qırmızısı olsun!


***

Özlədim şeirlərimi
Məmləkətimə həsrətim kimi
Susamış kimi
Doyumsuz bir hisslə özlədim şeirlərimi


Atama

Siqaret qoxusu çökmüş üstümə
Darıxmışam heç sevmədiyim qoxudan ötrü.
Darıxmışam siqaret dumanında uçub gedən xəyallardan,
Qaranlıq otaqda, divarlarda canlandırdığım həyatdan ötrü.
Xəyal qırıntıları çökmüş üstümə.
Sevdiyim mahnıların yalnızlıq nəqarəti,
Altında əzildiyim sabahların qorxusu,
O siqaret qoxusu…
Gecənin hüznü sinmiş içimə.
Əldə edə bilməyəcəklərimi itirmə düşüncəsi,
durmuş gözümə.
Əslində “böyük mən” ola bilməyən
“kiçik mənim” çökmüş “mən”im üstümə.


Toz Pəmbəsi

Bir dəyirmanım olsun istərdim
Acılarımı orada üyüdüb,
Toz kimi göyə sovurmaq istərdim.
Bir qara cildli dəftərim,
Əlimdə boya,
Rəngləmək istərəm qaranlığımı,
günəşlə açılan sabahlara.
Nə ağ olmaq istərdim,
Nə qara.
Mən pəmbə olmaq istərdim,
Xəyallarımın toz pəmbəsi…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG