Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:42
-

«YALANDIR, BÖHTANDIR»


«Yalandır, hamısı yalandır, hamısı böhtandır. Elə onlar gələndə, oğlumu tutanda dedim ki, oyundur, torba tikməyə gəlirsiz. Mənim uşaqlarım nə araq içəndilər, nə siqaret çəkən, o ki ola nəşə çəkən, ya da terrorçu. Biz gördük də. Elə bil içkili adam danışar ey, dili dolaşar, sözü deyə bilməz, o cür danışırdı. Heç o danışmırdı. Başqasıydı. Görmürdüz gözü hara baxırdı? Ona oxutdururdular. Yalandır... 12 ildir kürəkənim Balaqardaşa görə, bu işlər başımıza gəlir».

Şukufə Əliyeva belə deyir, terrora cəhddə ittiham olunaraq həbs olunmuş Rasim Əliyevin anası.

Yanvarın 19-da MTN məlumat yaydı ki, «əcnəbi vətəndaşlar olan ictimai xadimləri öldürmək məqsədi ilə terror aktı hazırlayan qrup yaxalanıb». Həmin ictimai xadimlərin kimliyi açıqlanmadı.

Məlumatda sadəcə deyilir ki, terror aktını Azərbaycan vətəndaşları - Rasim Əliyev, Əli Hüseynov və hazırda İranda yaşayan Balaqardaş Dadaşov planlaşdırıblar.

Məqsəd Bakıda işləyən əcnəbi vətəndaşların xidməti fəaliyyətinə son qoymaq olub. MTN-ə görə, bundan ötrü dəstə üzvləri odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İrandan Azərbaycana keçiriblər.

Nazirliyin məlumatında həmçinin deyilir ki, Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilmədən yaxalanıblar.

«QARAJDAN SNAYPER GÜLLƏLƏRİ TAPDILAR»

Şükufə Əliyeva isə deyir ki, yanvarın 10-da həbs olunan oğluna vəkil tuta bilməyib. Bir neçə vəkilə müraciət ediblər. Amma onlar Rasim Əliyevi müdafiə etməkdən boyun qaçırıblar.

Şükufə Əliyeva israrla təkrar edir ki, oğlu günahsızdır, sadəcə ittihamı boynuna qoyublar. «Oğlunuza işgəncə və ya hər hansı təzyiq göstərilməsi haqda məlumatınız varmı» sualına belə cavab verdi:

«Onu görməmişik. Amma 100 faiz bilirik ki, boynuna qoyublar. Düzdür, İrana gedib-gəlmişik. Amma gömrükdən keçmişik. Yoxlayıb buraxıblar... Gəlib evdə bizi tərpənməyə qoymadılar. Özləri yorğan-döşəyin arasından bükülü tiryək çıxartdılar, qarajdan snayper güllələri çıxartdılar. Narkotiklə boyunlarına qoyub apardılar».

«YƏHUDİ MƏKTƏBİNİN DİREKTORU VƏ YƏHUDİ KEŞİŞİ ÖLDÜRDƏCƏKMİŞ»

Şükufə Əliyevanın sözlərinə görə, az sonra onları Səbail Rayon Məhkəməsinə çağırıblar:

Milli Təhlükəsizlik Nazirliyinin binası

Milli Təhlükəsizlik Nazirliyinin binası

«Cavan qız idi vəkil, zəng elədi ki, məhkəmə olacaq, gəlin görüşün. Heç yaxın da buraxmadılar. Vəkil gəldi ki, onu da buraxmayıblar. Qərarı göstərdi ki, guya terror aktı törədəcəkmiş, yəhudi məktəbinin direktorunu, yəhudi müəllimini öldürtdürəcəkmiş. Buna görə guya Balaqardaşdan pul da alıb. Adam da tapıb. O da (MTN-nin məlumatında adı keçən Əli Hüseynovu nəzərdə tutur- Ş.B.) bədbəxtin, yazığın biridir, qalmağa yeri yoxdur. Tanışdır, heyvan üçün «opilka» gətirir, hərdən də elə-belə 5 manat, 3 manat verirdik. Onu qoyublar üzünə, guya o vuracaqmış. Qarabağ müharibəsinin də iştirakçısıdır o oğlan. Tapıb, düzüb-qoşublar da torba tikməyə».

Anasının dediyinə görə, 34 yaşlı Rasim Əliyevin 2 az yaşlı uşağı var. Biri 2 yaşında, o biri 8 aylıqdır.

«BÜTÜN OYUNLAR BALAQARDAŞ ÜÇÜNÜYDÜ»

Adı MTN-nin məlumatında hallanan, indi İranda yaşayan Balaqardaş Dadaşov adam oğurluğu, qəsdən adam öldürmə və başqa ağır cinayətlərdə təqsirləndirilir. Barəsində beynəlxalq axtarış elan olunub.

Balaqardaş Dadaşov həm də Rasim Əliyevin yeznəsidir. Şükufə Əliyeva kürəkəniylə bağlı deyilənləri də təkzib edir:

«Bütün oyunlar onun üçündür əslində. Deyirlər, ayı min bir oyun eylər, bir armud üçün. Balaqardaş kürəkənimi də böhtanla çıxartdılar. Uşaqları bir il məktəbə apara bilmirdik. Düşürdülər dalımızca, gecə-gündüz axtarış-yoxlama. Uşaqları qorxudan sarılıq tutdu.

Axırı qızım başını götürdü getdi. Bunun boynuna qoyulan cinayətlər vardı, adam öldürmələr-filan, 2004-cü ildə Hacı Məmmədov tutulandan sonra aşkara çıxdı ki, bu eləməyib, Hacı Məmmədovun dəstəsi eləyib. Bununla da polisin ayağı evimizdən kəsildi. Nə biz terrorçuyuq, nə hökumətə qarşı çıxanıq. Allaha şükür bir parça çörəyimiz var, dolanırıq».

İRAN SƏFİRLİYİ

Dövlət televiziyasında yayımlanan süjetdə Rasim Əliyev dəfələrlə deyir ki, tapşırığı onlara İranın xüsusi xidmət orqanları verib. Bu işdə vasitəçi də Balaqardaş Dadaşov olub.

Yanvarın 20-də iş günü olmadığından İranın Azərbaycandakı səfirliyindən münasibət öyrənə bilmədik.

AZƏRBAYCAN XİN-İ İRANLA DANIŞMALIDIR

İlham İsmayıl

İlham İsmayıl

MTN-in sabiq əməkdaşı İlham İsmayılın qənaətincə, əgər doğrudan da rəsmi məlumatda deyildiyi kimidirsə və terrorun qarşısı alınıbsa, bu çox yaxşıdır. Bunu uğurlu əməliyyat adlandırmaq olar.

Amma o düşünür ki, bu məlumatla bağlı istintaq başa çatdıqdan sonra və ya məhkəmə zamanı danışmaq daha doğru olar. O əməliyyatla bağlı dövlət televiziyasında yayımlanan məlumatda açıqlanmayan məqamların olduğunu da deyir.

Amma İlham İsmayıl bu işin qurama olması haqda fikirləri də qəbul etmir. Çünki qarşı tərəf İran dövlətidir və hər hansı dövlət deyil. İlham İsmayıla görə, bu addım görünür hansısa gərgin münasibətlər fonunda cavabdır:

«Bir də Rafiq Tağının ölümündən sonra ikinci belə hadisə, özü də yəhudi əsilli əcnəbinin öldürülməsi şok yaradardı. Bu addımın atılması təhlükəsizlik sisteminin işlədiyinə təminat kimi də başa düşmək olar».

İlham İsmayıl hesab edir ki, Azərbaycan yalnız əməliyyatla kifayətlənməməlidir. Həm də Xarici İşlər Nazirliyi hərəkətə keçməli, İranla danışıqlar aparmalı və ya bəyanat verməlidir.

MTN-nin yanvarın 19-da yaydığı məlumatda deyilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 28.277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işi açılıb.

Şərhləri göstər

XS
SM
MD
LG