Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:26

“İtaliya Titanik”inin kapitanı qəzadan əvvəl Moldova gözəli ilə əylənirmiş?



İtaliya polisi Moldovadan olan 25 yaşlı Domnica Cemortanı axtarır. Polisin məlumatına görə o, azı 11 nəfərin həlak olduğu Costa Concordia gəmisinin yanvarın 13-də sualtı qayalara ilişməsindən az əvvəl kapitanla şərab içirmiş. Deyilənə görə 52 yaşlı kapitan qəzadan əvvəl onunla bir romantik gecə keçiribmiş. Rumıniya qəzetləri artıq onu “İtaliya Titanikində moldovalı su pərisi” adlandırırlar.

Qəzadan dərhal sonra gəmidəki 4200 nəfəri taleyin ümidinə buraxaraq birinci canını götürüb qaçmaqda ittiham olunan kapitan Francesco Schettino onsuz da qəzəb obyekti idi. İndi məlum olur ki, hələ əlavə bir kef söhbəti də varmış...

Amma Cemortan özü Moldovaya qayıdandan sonra yerli jurnalistlərə qısa müsahibəsində öz hərəkətində pis bir şey olmadığını deyib.

Moldovanın Jurnal TV kanalına müsahibəsində o deyib ki, kapitanın gəmini hamıdan tez tərk etməsi barədə məlumatlar yalandır:

- Mən Rusiya mediasından eşitdim ki, kapitan hamıdan tez tərk edib, yaxud ən tez tərk edənlərdən olub. Amma bu, yalandır. Mən şahidəm. Bilmirəm, mənim istintaqa çağıracaqlar, yoxsa, yox. Amma bir şahid kimi mən deyə bilərəm ki, mən kapitanın əmrindən sonra saat 23-:50-də gəmini tərk etmişəm.

Qəzada azı 11 nəfər həlak olub, hələ xeyli sayda adam da itkin hesab edilir. Gəmin kapitanı Schettino hələlik ev dustağı kimi saxlanır.

Özü təlim keçmiş balerina olan Domnica Cemortanı beş il həmin gəmidə xidmətçi kimi işləyib. Amma bu dəfə gəmiyə istirahətə gedən sərnişin kimi minibmiş.

Amma 580 milyon dollar dəyəri olan bu gəminin sahibləri kapitanın qəzadan az əvvəl içki içməsi barədə iddiaları inkar edirlər. Onlar bildirirlər ki, gəminin bütün heyəti tez-tez narkotik maddələr və alkoqol testindən keçirmiş.

İndi həm də Cemortanın gəmidə kapitanın otağına necə gedib çıxdığı araşdırılır. Çünki qeyd edildiyi kimi o, gəmiyə heyət üzvü kimi yox, adi istirahətə gedən sərnişinlərdən biri kimi minibmiş. Cemortan özü deyir ki, qəza vaxtı xilasetmə elanlarının müxtəlif dillərdə, o cümlədən də rus dilində verilməsi üçün onu yardıma çağırıblar.

İndi İtaliya polisi də qəza vaxtı kapitanın nə etdiyini daha ətraflı öyrənmək üçün gənc qadınla söhbət etmək istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG