Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:25

Bulqakov özünün Qafqaz macəraları haqda


Mixail Bulqakov, 1935
Mixail Bulqakov, 1935
Böyük rus yazıçısı Mixail Bulqakovun bu avtobioqrafik hekayəsi ilə "Oxu zalı"nda tərcümə layihəsinə başlayırıq. Bu layihədə sizə həm klassik dünya ədəbiyyatından seçmə əsərləri, həm də müasir dünya yazıçılarının hekayələrini (özlərindən icazə alınmaqla) Azərbaycan dilinə çevirərək təqdim edəcəyik.


Mixail BULQAKOV

BOHEMA

Ədəbiyyatın köməyilə necə dolanmalı

(Avtobioqrafik hekayə)

(SEYFƏDDİN HÜSEYNLİnin tərcüməsində)

I

PYESİN BELİNDƏ TİFLİSƏ

Nəyə layiq olduğum özümdən soruşulsa, Haqq Təalanın hüzurundaymışam kimi, belə deyərəm: katorqa əməyinə layiqəm mən.

Özü də Tiflis üzündən yox ha, Tiflisdə elə bir sarsaq əməlim olmayıb mənim, Vladiqafqazdakına görə cəzalandırılmalıyam!

Vladiqafqazda keçən son günlərimdə aclığın amansız kabusu (şablon ki şablon: «Amansız kabus»... Heç vecimə də deyil! Onsuz da bu yazı heç vaxt üzə çıxmayacaq!), hə, məhz bu cür deyərdim - aclığın amansız kabusu mənim order əsasında qaldığım xudmani mənzilin qapısını döydü. Həmin kabusun ardınca isə, sifəti işıldayan, fırçabığ, parlaq bir şəxsiyyət və mahal məhkəməsinin andlı müvəkkili olan Genzulayev döydü qapımı.

Aramızda gedən söhbəti olduğu kimi yazıram.

- Siz niyə belə pis gündəsiniz? - Genzulayev soruşdu.

- Hə, belə görünür ki, mən sizin bu murdar Vladiqafqazda acından gəbərməli olacam…

- Söz yox, Vladiqafqaz murdar şəhərdir. Hətta dünyada bundan murdar şəhər çətin tapılar. Amma siz niyə gəbərməlisiniz, axı?

- Ayrı neyləyə bilərəm ki... Əlim hər yerdən üzülüb. İncəsənət bölməsində pul yoxdur, maaş verməyəcəklər. Tamaşalar üçün giriş mətnləri yazmaq məsələsi bitib. Burda, yerli qəzetdə bir felyetonum çıxdı, əvəzində 1200 rubl və belə bir xəbərdarlıq aldım ki, əgər yenə buna oxşar nəsə çap etdirsəm, məni Xüsusi Şöbəyə aparacaqlar.

- Nəyə görə? (Genzulayev təşvişə düşdü. Aydın məsələdi: ora aparmaq fikirləri varsa, deməli, heç də düz-əməlli adam deyiləm.)

- Elə-belə, məzələnmək üçün.

- Əəəh, boş söhbətdir. İş ondadır ki, burdakıların felyetondan-filandan başı çıxmır. Bilirsiniz nə var...

Görün Genzulayev neylədi: məni onunla şərikli qaydada burdakı mühit əsasında, inqilabi mövzulu bir pyes yazmağa şirnikləndirdi. Genzulayevdən bu sarıdan çox narazıyam. O məni bu yola çəkdi, mən də, cavanlığım, naşılığım üzündən razılaşdım. Pyes yazmağın Genzulayevə nə dəxli vardı, axı? Məlum məsələdi, qəti dəxli yoxdu. Elə həmin andaca özü etiraf elədi ki, ədəbiyyatdan zəndeyi-zəhləsi gedir, bu da məndə ona alovlu bir rəğbət oyatdı. Axı, mənim də ədəbiyyatdan zəhləm gedir, özü də, inandırım sizi, Genzulayevdən də qat-qat artıq. Ancaq bir cəhəti vardı ki, Genzulayev burdakı həyatın - əlbəttə, əgər səhərlər dünyanın ən eybəcər dağlarının ətəyində kabablamağı, geydirmə poladdan olan xəncərləri, ələngə madyanları, darkeş yeməkxanaları, zəhlətökən, tıncıxdırıcı musiqiləri həyat adlandırmaq olardısa - hər dəlmə-deşiyinə bələd idi.

Aha, belə çıxır ki, mən pyes yazacam, Genzulayev isə ona yerli həyata aid qırıntılar səpəcək.

- Bu cür pyesə ancaq axmaqlar pul verərlər.

- Əgər belə bir pyesi yazıb sata bilməyəcəyiksə, deməli, axmaq bizik...
Biz həmin pyesi yeddi gün yarıma, yəni dünyanın yaradılışına sərf olunandan hələ günyarım da artıq bir vaxtda tamamladıq. Bununla belə, dünyanın özündən də bərbad alındı o pyes.

Təkcə bunu deyim ki, əgər nə vaxtsa ən mənasız, düşük və sırtıq pyes üçün müsabiqə keçirilsə, bizimki birinci olar (hərçənd 1921-24-cü illərdə yazılan bəzi pyesləri yadıma salanda, bu dediyimə indi özümün də inanmağım gəlmir), lap birinci də olmasa, ən azı ikinci, ya da üçüncü yeri tutar.

Xülasə, bu pyes üstümə silinməz bir damğa kimi yapışdı, ümidim bircə bunadır ki, bəlkə o yazı yerli incəsənət bölməsinin zirzəmisində çoxdan külə dönüb. Qonorar qəbzi qalıb amma... Qalsın də, cəhənnəmə ki! 2 yüz min rublluq qəbz idi -
yüzü mənim, yüzü də Genzulayevin.

Pyes üç dəfə oynanıldı (yüksək göstəricidir), müəllifləri səhnəyə çağırdılar. Genzulayev çıxıb, əlləri sinəsində, təzim elədi. Mən də çıxdım, sir-sifətimi qəsdən əydim ki, şəkilli vərəqəyə baxan olsa, tanınmayım. Səhnəni maqnezium işığında çəkirdilər. Bu əyri-üyrü sifətimə görə şəhərdə söz yayıldı ki, guya mən həm dahiyəm, ancaq həm də başdanxarabın biriyəm. Məni ən çox yandıran bu oldu ki, sən demə, üz-gözümü əyməyə heç ehtiyac yoxmuş: bizi teatra icbari cəlb olunan, buraya təhkim edilən bir fotoqraf çəkirmiş, ona görə də şəkildə nəsə bir tüfəng təsvirindən, «Yaşas…» kəlməsindən və dumanlı zolaqdan başqa heç nə çıxmamışdı.

Mən o 100 mindən 7-sini 2 günə yedim, qalan 93-üylə də Vladiqafqazdan əkilmək fikrindəydim.

***

Axı niyə məhz Tiflisə? Nəyə görə? Öldürün məni, hələ də anlaya bilmirəm. Hərçənd, güclə yadıma gəlir, hey eşidirdim ki:

1) Tiflisdə bütün dükanlar açıq olur;
2) Tiflisdə hava isti keçir, mer-meyvə ucuzdu;
3) Tiflisdə çoxlu qəzet çıxır və sair və ilaxır...

Getməyi qərarlaşdırdım. Yubanmadan yır-yığış elədim. Nəyim vardısa, götürdüm - odeyal, alt paltarı və kirəqaz.

1921-ci ildə vəziyyət 24-cü ildəkindən fərqliydi. Ən əsas da qəfil səfərlər mümkünsüzdü: birdən-birə şələ-küləni yığıb harasa gedəsən - olmazdı! Görünür, əhalinin gediş-gəlişinə nəzarət edən adamlar təxminən bu cür düşünürdülər:

- Elə hər yerindən duran səfərə çıxmaq fikrinə düşsə, bunun axırı nə olar?
Buna görə də, yola çıxmaq üçün əvvəlcədən icazə almaq lazım gəlirdi. Mən yubanmadan lazımi yerə ərizə verdim, özü də «Səfərdən məqsədin nədir?» sualı olan qrafaya iftixar hissilə bu cümləni yazdım: «Tiflisə, inqilabi mövzulu pyesimin tamaşaya qoyulması ilə əlaqədar gedirəm».

Cəmi Vladiqafqazda məni üzdən tanımayan bircə nəfər tapılardı ki, sən demə, həmin adam da məhz Tiflisə səfər üçün orderlərin paylandığı masanın yanında, ona yapışıbmış kimi dayanan o belitapançalı, gözəgəlimli gənc imiş.

Növbə mənə çatanda orderimi almaq üçün əlimi irəli uzatdım, amma oğlan onu havada saxlayıb ucadan, qətiyyətli səslə soruşdu:

- Nədən ötrü gedirsən?

- İnqilaba həsr olunmuş pyesim səhnələşdirilir, ona görə.

Elə bunu demişdim ki, oğlan orderimi zərfə qoyub surğucladı, zərfi də, məni də tüfəngli bir nəfərin öhdəsinə verib dedi:

- Xüsusi Şöbəyə.

Soruşdum:

- Axı nəyə görə?

Cavab gəlmədi.

Sol tərəfimdəki tüfəngli adamla yanaşı addımladıqca göydə par-par yanan Günəşin istisi (Vladiqafqazda ürəyimcə olan təkcə bu idi) məni azca dirçəltdi.

Yanımdakı söhbətə tutub guya kefimi açmaq istədi:

- İndicə bazarın içindən keçib gedəcəyik, bax, qaçmağı ağlına da gətirmə ha! Pis olar...

- Lap israr eləsəniz də, mən belə bir iş tutmaram, - cavabımda tam səmimiydim.

Ona papiros verdim. Dostyana papiros çəkə-çəkə Xüsusi Şöbəyə getdik. Həyətdən keçib gedəndə bütün qara əməllərimi təlaş içində xatırlamağa çalışdım. Bu üçü gəldi ağlıma:

1)1907-ci ildə Krayeviçin «Fizika»sını almaqdan ötrü verilən 2 rubl yarımı kinoya getməkçün xərcləmişdim;
2) 1913-cü ildə, anamın dediyini saya salmayıb, evlənmişdim.
3) 1921-ci ildə o məlum felyetonu yazmışdım.

Nə, pyes? Yox, bir dəqiqə, bəlkə heç pyes qəbahət sayılmaz? Əksinə...

Xüsusi şöbəyə yolu düşməyənlər üçün təsvir edim: döşəməsi xalçalı geniş otaqda həddindən artıq iri yazı masası, yaşıl, narıncı, boz rəngli şnurları olan, müxtəlif formalı səkkiz telefon aparatı vardı, masanın arxasında isə balacaboy, hərbi geyimli, xoşsifət bir adam oturmuşdu. Otağın açıq pəncərələri tutqun şabalıdı rəngdəydi.
Masanın arxasındakı adam məni görən kimi sifətindəki o xoş ifadəni dəyişməyə, qaşqabağını töküb üzünü bozartmağa çalışdısa da, buna ancaq yarıbayarı nail ola bildi.

O, masanın siyirməsindən şəkili bir vərəqə çıxarıb növbəylə gah ona, gah da mənə baxmağa başladı.

- Yoox, xeyr, ordakı mən deyiləm, - tez-tələsik dilə gəldim.

- Ola bilsin, bığını qırxmısan, - xoşsifət adam fikirli-fikirli söyləndi.

- Yox, axı, bir əməlli baxın də, - dedim, - o şəkildəki adam ayaqqabı mazı kimi qaradır, hardasa 45 yaşı olar yəqin. Mən isə sarışınam, özü də 28 yaşım var.

- Rənglənibsə? - balacaboy adam inamsız tərzdə cavab verdi.

- Bəs keçəllik? Üstəlik, bir burnuma baxın də, xahiş edirəm sizdən, bir mənim burnuma yaxşı-yaxşı baxın hələ...

Balacaboy adam burnuma diqqətlə baxdı. Onu məyusluq bürüdü.

- Hə, düzdür. Oxşamır.

Bir an çakitlik oldu və nəhayət, mürəkkəbqabının içində gün işığı oynadı.

- Siz hesabdarsınız?

- Allah eləməsin.

Yenə də sükut. Şabalıdı pəncərələr. Kirəc tavan. Sevgi allahının təsvirləri.

- Bəs Tiflisə nədən ötrü gedirsiniz? Tez cavab verin, fikirləşməyin, - balacaboy adam hüdüləyib tökdü.

- İnqilab haqqında pyesimin səhnələşdirilməsi üçün, - mən də eyni tərzdə cavab verdim.

Balacaboy ağzını ayırıb geri addımladı və onun üstündə gün işığı bərq vurdu.

- Siz pyes yazırsınız?

- Hə. Hərdən olur.

- İşə bax e. Yaxşı yazmısınız?

Onun sualında elə bir ahəng vardı ki, istənilən adamı yumşalda bilərdi, təkcə məndən başqa. Yenə də deyirəm, mən katorqalığam. Gözlərimi yayındırıb dilləndim:

- Əlbəttə, yaxşıdır.

Hə, hə, hə! Bu mənim dördüncü, həm də əvvəlkilərin hamısından ağır günahım oldu. Əgər mən onda Xüsusi Şöbədə dürüst davransaydım, onda mütləq belə cavab verməliydim:

- Yox. Yaxşı pyes deyil. Zibildi. Amma neynim ki, mən mütləq Tiflisə getmək istəyirəm.

Gözlərimi nimdaş çəkmələrimin burnuna zilləyib susurdum. Ta balacaboy adam mənə papiros və səfər üçün order verənə qədər beləcə qaldım.

Balacaboy, yanımca gəlmiş tüfəngliyə səsləndi:

- Yazıçını yola sal.

***

Xüsusi Şöbə! Yadından çıxart bunu! Görmədin, mən heç nəyi danmadım ki. Üç ilin yükünü atdım üstümdən. Xüsusi Şöbədə çıxardığım o hoqqa mənim nəzərimdə təxribatdan, əksinqlabçılıqdan, vəzifə cinayətindən betərdi.
Amma unut getsin e!!!


I I


DAİMİ YOLÇULAR

Danışırlar ki, 1924-cü ildə Vladiqafqazdan Tiflisə getmək çox asanlaşıb:

Vladiqafqazda maşın tutursan, ətrafı qeyri-adi dərəcədə gözəl olan Hərbi-Gürcüstan yoluna çıxırsan, vəssalam. Cəmi 210 versttlik yol var. 1921-ci ildə isə elə «maşın tutmaq» ifadəsinin özü Vladiqafqazda tamam yad bir kəlmə kimi səslənirdi. Ancaq bu qaydada yola çıxa bilərdin: əvvəlcə odeyal və kerosinka götürüb vağzala gedirsən, sonra da ordakı yolların arasında, sayı bilinməyən, içisobalı ticarət vaqonlarına baxa-baxa xeyli vurnuxursan.

Yeddinci yolda durub tərimi siləndə qapısıaçıq vaqonların birində ayaqlarına gecə başmaqları keçirmiş yelpiksaqqal bir adam gördüm. O, çaynik yaxalayır və tez-tez «Bakı» deyirdi.

- Məni də vaqona götürün, - ondan xahiş elədim.

- Götürmərəm, - saqqallının cavabı belə oldu.

- Xahiş edirəm, mən inqilaba aid pyesimin tamaşasından ötrü gedirəm.

- Götürmərəm.

Əliçaynikli şələsaqqal, taxta ayaqaltının üstüylə yeriyib vaqona keçdi.
Mən odeyalı qızmar relsin üstünə qoyub oturdum. Siqaret yandırdım. Vaqonların arasından qatı bürkü yayılırdı. Durub yolun qırağındakı krandan su içdim. Təzədən qayıdıb oturdum. Elə bil qatar qızdırma içində yanırdı.
Saqqallı yenə peyda oldu.

- Nə pyesdi o elə? - soruşdu.

- Budur, alın, baxın, - pyesi odeyalın arasından çıxarıb göstərdim.

- Özünüz yazmısınız? - vaqonun yiyəsi inamsız tərzdə xəbər aldı.

- Genzulayevlə birlikdə.

- Elə bir adam tanımıram.

- Mən getməliyəm, mütləq...

- İki nəfər gəlməlidir, onlar gəlib çıxmasalar, götürərəm sizi. Amma könlünüzdən dəm-dəstgah keçməsin ha. Elə bilməyin ki, pyes yazmısınız deyə, burda hər kefinizə yerləşəni eləyə bilərsiniz. Yolumuz uzundu... Biz də siyasi maarifçilərdənik.

- Yox, mən dəm-dəstgahı neynirəm, - bu sözləri dediyim an o qaynar bürküdə canıma ümidin gətirdiyi bir sərinlik doldu. - Lap quru yerdə də gedərəm mən.
Saqqallı, yanını taxta yatacağa qoyub soruşdu:

- Yol azuqəniz yoxdur?

- Bir az pulum var.

Saqqallı, fikrə getdi.

- Görün nə deyirəm… Mən sizə yolboyu öz yeməyimizdən verərəm, ancaq siz də gərək bizim dəmiryol qəzetindən ötrü nəsə yazasınız. Qəzet üçün nə yaza bilərsiniz?

- Nə lazımdırsa, yazaram, - bunu, inandırıcı tərzdə, aldığım bir əlcə çörəyin üstünün quru yerindən qoparıb gəvələyərək, dedim.

- Hətta felyeton da yazarsınız? - bunu soruşanda üzünün ifadəsindən başa düşdüm ki, o məni yalançı bilir.

- Elə mənim peşəm felyetonçuluqdur də.

Taxta yatacağın kölgəsində üç sifət və yalın ayaqlar göründü. Hamı mənə baxırdı.

- Fyodor, burda yatacağın üstündə biradamlıq yer var. Stepan köpəyoğlu gələsi olmadı. - Ayaqların yiyəsi gər səslə dedi. - O yer bu yoldaş felyetonçunun olsun.

- Neynək, olsun də. - Saqqallı, yəni Fyodor çarəsiz razılaşdı. - O yazacağınız
felyetonun adı nə olacaq?

- «Daimi yolçular».

- Nə cür başlayacaq? - yatacağın üstündəkilər soruşdular. - Qalxın bura, bizim yanımıza, gəlin çay içək.

- Hə, lap yaxşı - «Daimi yolçular». - Fyodor çəkmələrini çıxara-çıxara danışırdı. - Relsin üstündə iki saat oturunca elə əvvəlcədən bu felyeton məsələsini açıb deyəydiniz də. Gəlin qoşulun bizə...

* * *
Vladiqafqazın alışıb-yanan gündüzünü hədsiz dərəcədə gözəl bir axşam əvəzləyir. Axşamın sərhədləri göyümtül-boz rəngə çalan dağlara dirənir. Onların üzərinə tüstüyə bənzər axşam dumanı çöküb. Bu mənzərənin aşağısı düzənlikdir. Düzənlikdə isə aram-aram silkələnən təkərlər hərlənir - daimi yolçular gedirlər.
Həmişəlik xudahafiz, Genzulayev! Əlvida, Vladiqafqaz!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG