Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

Əvəz Zeynallının həbs müddəti 3 ay uzadıldı


Əvəz Zeynallı
Əvəz Zeynallı
Yanvarın 17-də Nəsimi rayon Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs müddəti aprelin 20-dək uzadılıb. İstintaq orqanının həbs müddətinin uzadılması ilə bağlı təqdimatı əsasında qərarı hakim Şəlalə Həsənova çıxarıb.

İstintaq orqanı təqdimatını şahid dindirmələrinin başa çatmaması, ekspertiza rəylərinin alınmaması, üzləşdirmələrin keçirilməməsi ilə əsaslandırıb.

Məhkəmə iclasından sonra vəkillər Elçin Sadıqov və Mənsum Bayramov bildiriblər ki, onlar istintaq orqanının oktyabrın 28-dən bu günədək istintaq hərəkətlərinin nəyə görə başa çatmamasına aydınlıq gətirməsini tələb etsələr də, qarşı tərəf sualları cavabsız qoyub. Vəkillər hesab edirlər ki, istintaq müddətinin uzadılması süründürməçilikdən başqa bir şey deyil.
Vəkil Elçin Sadıqov:

«3 aya yaxın vaxt keçməsinə baxmayaraq Əvəz Zeynallı ilə ona pul verdiklərini iddia edənlər arasında hələ də üzləşdirmə aparılmayıb. Əvəz Zeynallı da istintaq tərəfinin həbs müddətinin uzadılması ilə bağlı təqdimatının təmin olunmamasını xahiş etdi».

Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmə iclasında Əvəz Zeynallı barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət təqdim etsə də, hakim həmin vəsatətə yanvarın 18-də baxacağını bildirib:

«Qanunla vəsatətə də eyni məhkəmə iclasında baxılmalı idi».

Elçin Sadıqov onu da dedi ki, dekabr ayında istintaq orqanından Əvəz Zeynallı ilə Gülər Əhmədova arasındakı söhbətin audioyazısının müdafiə tərəfinə verilməsi ilə bağlı vəsatət versə də, təmin olunmayıb: «Biz bunu obyektiv araşdırma aparılması üçün tələb etmişdik. İstintaqsa bildirdi ki, audioyazı kütləvi informasiya vasitələrində yayıla bilər. Audioyazını dinləyə bilməsək də, audioyazının olduğu CD diskə baxış keçirilməsi ilə bağlı protokolla tanış olmuşuq. Orda pul tələb etmə yoxdur. Danışan da yalnız qarşı tərəfdir. İstintaq bitəndən sonra istintaq materiallarının surətini çıxarmaq hüququna malik olacağıq, o zaman diskin surətini də çıxaracağıq».

Əvəz Zeynallı oktyabrın 28-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunubş Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. O, deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəməkdə şübhəli bilinir. Sonra daha üç nəfər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Əvəz Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Baş redaktor isə ittihamları saxta hesab edir və həbsini fəaliyyəti ilə bağlayır.
XS
SM
MD
LG