Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:59

Siyasət, yaradıcılıq + məqsədlər?


Flora Kərimova
Flora Kərimova
«Yaradıcı insanlar şəxsi maraq naminə hakim partiyaya üz tuturlar».

Azadlıq Radiosunun «İşdən sonra» proqramına qonaq olan xalq artisti Flora Kərimova sənət adamlarının siyasi partiyalara qoşulmalarına münasibət bildirərkən belə deyib. Onun fikrincə, müxalifət partiyalarının üzvü olmaq risklidir deyə, ora üz tutan yaradıcı insanların sayı azdır:

«Müxalifət partiyalarının üzvü olmaq çox çətindir. Çünki onun fəsadları var. İnsan işindən, imtiyazlarından ola bilər. İqtidar partiyasına üzv olan mədəniyyət insanları isə o mədəniyyəti siyasətə, sənəti isə şouya çevirirlər. İqtidar partiyasına üzv olan yaradıcı insan ən əvvəl öz karyerasını düşünür. Bu çevrədə olan insan kimi onların ən birinci istəyi o olur ki, ad alsınlar, ev alsınlar, maşını imtiyazla alsınlar…».

Xalq artisti hesab edir ki, sənət adamları ehtiyac və şəxsi maraq naminə siyasətə üz tutmalı deyil:

«Sənət adamının siyasətlə məşğul olmağa ehtiyacı olmamalıdır. Siyasətlə məşğul olursa, nəyinsə naminə deyil, xeyirxahlıq naminə, ağlının bəhrəsi olaraq məşğul olmalıdır. Bizdə partiyalara girən sənət adamlarının fəaliyyəti ancaq hansısa bir səhnədə oxumaq olur. Bunun qarşılığında isə mütləq nə isə gözləyir və təəssüflər olsun ki, istədiyini əldə edə bilir».

«YARADICI İNSANLARIN PARTİYALARA ÜZ TUTMASI TƏHLÜKƏDİR…»

Kulturoloq Rəhman Bədəlov deyir ki, normal cəmiyyətlərdə yaradıcı insanın mütləq partiya üzvü olmasına ehtiyac duyulmur:

Rəhman Bədəlov
Rəhman Bədəlov
«Əvvəla hər bir yaradıcı insan vətəndaşdır və onun da mövqeyi ola bilər. Amma normal cəmiyyətlərdə yaradıcı insanın partiyaya qoşulmasına heç ehtiyac da olmur. Onun vətəndaş hüququ var, öz sözünü deyə bilər. Ən əsas da həmin insanın mövqeyi onun yaradıcılığıdır. Yaradıcılığı ilə o, özünü ifadə edir. Öz varlığını göstərir cəmiyyətə. Ona görə də, mən siyasi partiyalara daxil olmağın üstünlüklərini görmürəm. Yaradıcı insanın vaxtını partiya iclaslarına sərf etməsini başa düşmürəm…».

Rəhman Bədəlov deyir ki, yaradıcı insanların partiyalara üz tutması təhlükədən xəbər verir:

«Hakim partiyaya üz tutan insanların əksəriyyəti öz şəxsi maraqlarını fikirləşir. Həm də özlərini riskdən qoruyurlar. Başqa partiyaya üz tutan yaradıcı insanlar isə demək istəyirlər ki, başqa cür adamlar da var. Bu da bir iddiadır. Amma mən mübarizliyi bu halda ifadə etməyin tərəfdarı deyiləm. Bu, artıq qarşıdurmaya apara bilər…».

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG