Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31
-
Yanvarın 16-da prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirib.
O bildirib ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilib:
«Ötən il iqtisadiyyatda ümumi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz olmuşdur. Bu sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına da həlledici təsir göstərmişdir. Ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artmışdır. İnflyasiya birrəqəmli səviyyədə qalmış, əhalinin pul gəlirləri 19,6 faiz yüksəlmişdir. 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunmuş və bu rəqəm 20 milyard dollar təşkil etmişdir. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulmuşdur. Valyuta ehtiyatlarımız ilk dəfə olaraq 40 milyard dolları keçmişdir. Keçən ildə maaşlar, pensiyalar artırılmış, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatmışdır».
Prezident İlham Əliyev bildirib ki, keçən il 94 min yeni iş yeri açılıb, onlardan 73 mini daimidir. Onun dediyinə görə, işsizliyin səviyyəsi 2011-ci ildə 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşüb.
Prezident Azərbaycan xarici siyasətində əldə etdiyi uğurlardan, Ermənistan-Azərbaycan münasibətlərindən də danışıb:
«Azərbaycan öz hərbi gücünü artırır, 2010-cu ildə hərbi xərclərimiz 3 milyard 413 milyon dollar idisə, 2011-ci ildə bu, 3 milyard 474 milyon dollar təşkil etmişdir. Bu gün ordumuz böyük imkanlara malikdir, biz bölgənin ən güclü ordusuna malikik».
İlham Əliyev 2012-ci ildən gözləntilərini də açıqlayıb:
«2012-ci ildə dövlət büdcəsinin xərcləri 22 milyard, icmal büdcə isə 25 milyard dollar olacaqdır».
Dövlət İnvestisiya Proqramının həcminin 5,7 milyard manat təşkil etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, 2012-ci ildə əsas diqqət içməli su və kanalizasiya layihələrinin icrasına yönəldiləcək. Onun sözlərinə görə, 2012-ci ildə ölkədə ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafı da diqqət mərkəzində olacaq, Bakı və paytaxt qəsəbələrinin inkişafı proqramının icrası, sosial-infrastruktur obyektlərinin tikintisi, ekoloji problemlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək.
2012-ci ildə - Londonda Yay Olimpiya Oyunları keçiriləcəyi ildə Azərbaycanda 10 Olimpiya İdman Kompleksi tikiləcək, Olimpiya stadionunun və Gimnastika Kompleksinin tikintisi fəal mərhələyə keçəcək, Tofiq Bəhramov adına stadionun təmir-bərpası davam etdiriləcək. Prezident bunları nəzərə alaraq 2012-ci ili “İdman ili” elan etdi və bununla bağlı müvafiq sərəncamın imzalanacağını bildirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG