Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:43
.
"Oxu zalı"nda yeni imzalar


Xatirə (Sadıqova)



ÇIXIŞ YOLU

Öldürdüyü kişiləri doğrayıb
itlərə yedirən qadın
ən humanist adamdı məncə
qisas qiyamətə qalmamalıdı
qalmamalıdı

dəmiryol vağzalında
əlində çətir
hələ də qatarların onun sevdiyini gətirəcəyini
düşünən qadın
ən xoşbəxt qadındı məncə
heç olmasa gözləməyə kimsə var
kimsə...

Bir sabah oyanmaya bilərsən yuxudan
ya da ölülüyə vurarsan özünü
üstündə ağlayan qadının
göz yaşlarının hansı rəngdə olduğunu
görmək üçün
və görəcəksən ki bəyaz
ölüyə ağlayan qadın yalançı deyil,
heç deyil...

İndi içimdə bir qadın var,
bir uşaq
Uşaq dəcəllik edir,
qadın hüzünlü
Ağlayıb boşala da bilmirəm
bilmirik-
uzaqlardan gələn acıya...
Duyan da yox bizi, tanıyan da...
Öldürə də bilmirəm içimi
qadının qəmli gözlərində,
uşağın gülüşlərində
itəcəyimdən qorxuram yəqin...
yəqin...
Bildiyim tək şey var
qadından mələk olmaz
olmamalıdı da
Mən mələk deyiləm...

Və hələ də içimdə bir qadın var
bir uşaq
Uşaq yenə də dəcəl
qadın yenə hüzünlü


İLK VİDA

Məni üzümə dağılan saçlarımla xatırla
titrəyən əllərimlə unut, Səmra
heç bu qədər zəif olmadım, heç…

bilirsən gecədən qorxduğumu…
sənə, əslində özümə oxuduğum
nağıllardan bilirsən
Amma indi
həmin nağıllardakından
daha zəifəm Səmra,
daha acizəm,
daha tənhayam…

ölməyə elə həvəsliyəm ki
qəsdimə duran adamları,
həyatı,
hətta dünyanı da sevməyə hazıram…
hətta şeir də yazıram…
Azalıram Səmra,
ölümə doğru azalıram…

Üzümə dağılan saçlarımla xatırla məni…
ya da…
ya da necə istəsən…
təki unutma məni, Səmra…
ya da…
ya da unut məni, titrəyən əllərimlə unut
ya da… necə istəsən…


ŞƏHƏR , PAYIZ VƏ YOXLUQ

Unutmağa başlamışam
sükut sən yoxsan gerçəyini
çırpandan bəri üzümə

...Səhər pərdələr yellənir küləyə
pəncərələr açılır
küləyə, şəhərə
Şəhərdə payızdı-
yəni ayrılıqlar zamanı
Payızdı və sən yoxsan

Hər gün iki dəfə baxıram aynaya
özümə gülmək və
otağımı kənardan görmək üçün
Dodaq boyası ilə
adını yazıram güzgünün səthinə
üstündən silirəm dönə-dönə
Yenə, yenə də
sən yoxsan

Şəhər-unutmaq məkanı
əyri binalar, qurumuş ağaclar
hamını,
hər şeyi çıxarır yaddan.
Elə mən də bayaqdan
xatırlamağa çalışıram
kim idi, kim idi yox olan...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG