Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:35

Korrupsiya ilə mübarizəyə mane olan miflər


Azerbaijan --- screenshot of the article from the Forbes
Azerbaijan --- screenshot of the article from the Forbes
-

FORBES jurnalının Rusiya buraxılışında bu ölkədə korrupsiya ilə mübarizəyə mane olan 7 mif sadalanır. Müəllif Ali İqtisadiyyat Məktəbinin Mikroiqtisadiyyat Kafedrasının müdiri Mark Levindir.

1996-cı ildən bu mövzunu araşdırdığını deyən müəllif məqaləsində Rusiyada korrupsiya probleminin qarşısının alınmasına mane olan 7 mifi analiz edir. Həmin miflər Azərbaycan cəmiyyətinə də xas ola bilər deyə düşünüb də məqaləni qısa ixtisarla təqdim edirik.

1. Korrupsiyaya qalib gəlmək mümkün deyil

Korrupsiya xəstəliyi ilə mübarizədə uğurlar əldə etmiş çox sayda ölkələr var. Bunlar Avropa Birliyinə daxil olan dövlətlər, Asiyanın yeni iqtisadiyyata sahib ölkələri və Şərqi Avropanın bəzi dövlətləridir. Bu ölkələrdə korrupsiyanın cilovlanması sahəsində uğurlar təkcə onların vətəndaşlarının nümunəvi iqtisadi davranışlarına bağlı deyil.
O ölkədə ki, rüşvət vermək asandır, orada vətəndaşlardan hökumətə sayğı gözləmək əbəsdir.

Uğuru şərtləndirən cəhətlər ümumi iqtisadi qanunlara əməl olunması, məhkəmələrin müstəqilliyi, makroiqtisadi siyasətin sabitliyi, hökumətin nəzarət altında olması və s. daxildir. Bu ölkələrdə korrupsiya riski olan hər bir hal xüsusi diqqətlə izlənir, korrupsiyaya həvəsləndirə biləcək amillər minimuma endirilir.

O ölkədə ki, rüşvət vermək asandır, orada vətəndaşlardan hökumətə sayğı gözləmək əbəsdir. Belə yerdə vətəndaşdan da hökumətin qaydalarına əməl etmələrini gözləmək sadəlövhlük olar. Əksər hallarda məhz bu faktor korrupsiya ilə mübarizənin ən vacib stimulu olur.

2. Məmur rüşvət almasın deyə onun qanuni gəlirlərini artırmaq lazımdır

Bu tezis üzərində müxtəlif ölkələrdə yüzlərlə planlar qurulub. Əlbəttə, məmurun gəlirinin yuxarı olması zəruridir. Amma korrupsiyanı dayandırmağa təkcə bu yetməz.
Məsələn, götürək, təhsil sahəsini.

Avropa ölkələrinin çoxunda korrupsiya ilə mübarizə təhsil sahəsindən başlayıb. Orada söhbət müxtəlif malların alınması, xidmətlərin göstərilməsi zamanı dövlət pulunun “otqat” şəklində mənimsənməsindən gedirdi.

Rusiyada isə təhsilin əsas problemi imtahanlarda rüşvət alınmasıdır. Bunun da analoqu dünyada yoxdur.
İnkişaf etmiş ölkələrdə rüşvət alan məmur təkcə iş yerini itirməklə risk etmir. Bu halda o, yüksək sosial təminatlar, pensiya almaq, iş imkanları əldə etməkdən məhrum ola bilər.

Korrupsiyanı cilovlayan səbəblərdən biri də tibbi sığortanın və təhsil haqlarının olduqca yüksək olmasıdır. Məmur aldığı hansısa rüşvət məbləği ilə belə yüksək sosial təminatı əldə edə bilməz. Üstəlik belə bazarlarda məmura böyük miqdarda rüşvət təklif edəsi adam da çox deyil.

3. Yalnız demokratik dəyərlərlə korrupsiyaya qalib gəlmək olar

Bu fikir xüsusilə liberalların arasında geniş yayılıb. Əlbəttə, demokratiyanın olması olduqca vacibdir. Amma təkcə bu da korrupsiya xəstəliyinə dərman deyil. Demokratik şərtlər daxilində onunla mübarizə aparmaq olduqca asandır.

Amma yenə də demokratik ölkələrin bəzilərində korrupsiyanın səviyyəsi yuxarıdır. Məsələn, İtaliyada korrupsiya bir dövlət idarəetməsi ənənəsi halına gəlib.

4. Rusiya kimi elə ölkələr var ki, orada rüşvət var və həmişə də olacaq. Elə ölkələr də var ki, orada rüşvət yoxdur və heç vaxt da olmayacaq

Korrupsiyanın səviyyəsində ölkənin xüsusiyyətlərinin və dövlət aparatındakı ənənələrin çox vacib rol oynadığını demək mümkündür. Bəzi ölkələr var ki, orada korrupsiya hakimiyyətin yuxarı eşalonlarında mövcuddur, amma aşağılarda yox. Məsələn, Yaponiya, İsrail, Hollandiyada vəziyyəti bu cür izah etmək olar.

Amma maraqlıdır ki, aşağılarda rüşvətin mövcud olduğu, amma yuxarılarda olmadığı ölkə tapmaq mümkün deyil.

Bunun müxtəlif səbəblərini göstərmək olar. Amma bəlkə də əsası odur ki, korrupsiyalaşmış yuxarılar heç vaxt aşağılarda rüşvətlə mübarizədə həvəsli olmurlar. Əlbəttə, o vaxta qədər ki, aşağılardakı vəziyyət onların “işlərinə” mane olmur.

5. Rüşvətin qarşısı yalnız sərt metodlarla alına bilər

Totalitar ölkələrdə rüşvət və “otqat”la amansız üsullarla mübarizə aparılır, amma ciddi nəticə vermir. Sovet hakimiyyəti illərini yada salın. Korrupsiya hətta faşist Almaniyasında da yayılmışdı. O zaman cəzadan yayınmaq və dövlət pullarına çıxış əldə etmək üçün rüşvət verilirdi. Üçüncü Reyxin rəhbərliyi vəzifə səlahiyyətlərindən öz şəxsi mənfəətləri üçün istifadə edirdilər. Hitler özü də buna sərt yanaşmırdı.

Yazıçı Qolo Mannın oğlu, tarixçi Qolo Mann yazırdı ki, Üçüncü Reyxin yüksək vəzifəli rəsmilərinin bir neçə evi, malikanəsi, ov üçün qəsrləri vardı.

Yenə də xatırladaq ki, elmdə korrupsiya aksiom deyil. XX əsrin ikinci yarısında Avropanın müxtəlif ölkələrində yumşaq da olsa, totalitar rejimlər vardı. Portuqaliyaya 50 il António de Oliveira Salazar rəhbərlik etdi, İspaniyaya da Francisco Franco. Qəribədir ki, İspaniyaya nisbətən Portuqaliyada korrupsiya daha az yayılmışdı.
Əgər rüşvət verib qanuni normalardan yan keçiriksə, onda belə istəkdə olanların, deməli həm də qəbul edilmiş normalar çərçivəsindən çıxanların da sayı artır və cəmiyyətin xaosla, böhranla üzləşmə riski kəskin yüksəlir.

Avropada araşdırmaçılar bunun səbəbini Salazarın xüsusiyyətləri ilə izah edirlər. Dinin inanclı və asketik həyat sürən bu adam özü rüşvət almırdı və onunla da sərt mübarizə aparırdı. Franconun İspaniyasında isə rüşvət çiçəklənirdi.

Bu misal birinci şəxsin xarakterinin korrupsiya ilə mübarizədə nə qədər önəmli faktor olduğunu aydın göstərir.

Baqşa bir misal. Belə fikirlər var ki, Çili diktaoru Pinoçet ölkədə nizam-intizam yaradıb, korrupsiyanın səviyyəsini minimuma endirib. Amma əsl həqiqət başqadır. Bu Latın Amerikası ölkəsinin bənzərsiz cəhətlərindən biri də odur ki, orada lap qədimdən rüşvətxorluq aşağı səviyyədədəri.

6. Hakimiyyətin yuxarı dairələrində korrupsiyanın cilovlanmasında ən əsas rolu hökumət oynayır

Dünya bankının hesabatına görə korrupsiya ilə mübarizənin vacib faktorları bunlardır: fikir azadlığı və məsuliyyətlilik, siyasi sabitlik, tənzimləmənin keyfiyyəti, qanunun aliliyi.

Ən təsirli faktor da düz elə axırıncı adı çəkiləndir. Məhkəmə hakimiyyəti tam müstəqil olmalıdır. Əgər hakimlər də rüşvətxordurlarsa, onda hansı normadan söhbət gedə bilər?

7. Korrupsiya əbədidir, necə alırlarsa, gələcəkdə də eləcə almaqda davam edəcəklər

Korrupsiyanın səviyyəsi təkcə dövlət siyasətinin əlaməti deyil, o həm də hakimiyyətin dəqiq indikatorudur. Əgər rejim qeyri-sabitdirsə, onda korrupsiya kəskin qalxır. Bu halda dövlət ayrı-ayrı şəxslərin gələcəyinə təminat verə bilmir, ona görə hər kəs öz gələcəyinə özü təminat yaratmağa çalışır. öz başına çarə qılmağa çalışır.

Buna tarixdən çoxlu nümunələr gətirmək olar. Birinci Dünya müharibəsi və Vətəndaş müharibəsi dövründə Rusiyadakı köklü rüşvətxorluğu qeyd edək. O zaman böhran cəmiyyətin bütün sosial bağlarını dağıtmışdı. Davranış normaları itmişdi. Korrupsiya belə bəladır...

Əgər rüşvət verib qanuni normalardan yan keçiriksə, onda belə istəkdə olanların, deməli həm də qəbul edilmiş normalar çərçivəsindən çıxanların da sayı artır və cəmiyyətin xaosla, böhranla üzləşməsi riski kəskin yüksəlir.

Korrupsiyanın səviyyəsi həm də hakimiyyətin zəifliyinin göstəricisidir. Bu siqnalı da birinci mərhələdə yuxarı eşalonda əyləşənlər alırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG