Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:52

Fəzail Ağamalı: "Rafiq müəllim, siz hadisələrin fövqündə dayanmalısız"


Rafiq Əliyev: "Ziyalılar Forumundakı insanların heç birinin o qızardılmış ətə tamahı yoxdur". "Pen klub"da debat

Fəzail Ağamalı Rafiq Əliyevlə Ramiz Rövşənə normal yanaşır, amma düşünür ki, "Eldar Namazov Ziyalılar Forumu çətiri altında öz siyasi fəaliyyətini göstərməkdədir. Rüstəm İbrahimbəyov qərəzli və ziyalıya yaraşmayan fikirlərini ictimai rəyə ötürməkdədir".

Fəxri Uğurlu: "Sabah bizim millətin xətti imzalar içində olacaqsa, bu millət, bu dövlət yaşayacaqsa, bu ziyalılara görə yaşayacaq, Əli Əhmədov kimi siyasətçilərə görə, yox".


"Ziyalılıq nədir? Ziyalı siyasətlə məşğul ola bilməzmi?" “Pen klub” proqramının bu mövzuda müzakirəsində Ziyalılar Forumundan professor Rafiq Əliyev, millət vəkili Fəzail Ağamalı (telefonla) və yazıçı Fəxri Uğurlu iştirak ediblər.



Rafiq Əliyev:

Adətən bizdə ziyalı anlayışına çox vaxt məntiqli yox, assosiativ, emosional yanaşırlar. Onun emosional yükü daha çoxdur. Ziyalı yalnız oxumuş, savadlı, ali təhsilli, professor, akademik, yaxud böyük yazar olmaq deyil. Bu, çoxatributlu anlayışdır. Bunun çoxlu meyarları var. Bir fərd hansı meyarlara cavab verəndə onu ziyalı adlandırmaq mümkündür? Düşünürəm ki, bunun əsas prinsipi intellektual azadlıqdır. Ziyalı vicdanının səsində, öz fikrində azad olmalıdır. Müstəqil olmalıdır. Əsas prinsip budur. Onun vicdanının səsi onun azadlığının sükançısı olmalıdır və bu sükan ona xüsusən ekstremal şəraitlərdə, məsələn, bizim bu çətin şəraitimizdə həmişə mayak kimi yol göstərməlidir. Bu, peşə deyil. Peşə olsa, ziyalını universitetlərdə hazırlayardılar. Ziyalılıq missiyadır.

İlqar Rəsul:

Fəzail müəllim, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov deyib ki, Ziyalılar forumu şəxsi maraqlarından irəli gələn toplantıdır. Onun bildirdiyinə görə, ziyalı peşəsini buraxıb siyasətə baş vurursa, deməli, o, artıq tükənib, o artıq ziyalı adını və statusunu tükəndirib, indi başlayıb siyasətlə məşğul olmağa... Sizin fikriniz nədir?

Fəzail Ağamalı:

Kütləvi informasiya vasitələrinin, demək olar ki, ən çox maraq göstərdiyi məsələlərdən biri də Ziyalılar Forumu və onun ətrafında baş verən hadisələrdir. Jurnalistlər müraciət edəndə mən də fikirlərimi ifadə etmişəm, çalışmışam ki, tərəf olmayım, siyasi baxışlarımı, düşüncələrimi kənara qoyaraq məsələyə obyektiv münasibət bəsləyim. Çünki, məncə, ziyalılar bütün proseslərin içində olmaqla bərabər cəmiyyətdəki kəsimlərin, ayrı-ayrı qrupların, siyasi qüvvələrin fövqündə dayanacaq səviyyədə olmalıdır. Əgər Ziyalılar Forumu ətrafına toplamış insanlarla birgə siyasi proseslərə qoşulursa və proseslərə siyasi qiymət verirsə, artıq o, siyasi qüvvələrin fövqündən onun içinə düşür və istər-istəməz özünün mövqeyini ortaya qoyur - bu da əlbəttə ki, kifayət qədər problemlər yaradır. Hazırda Ziyalılar Forumunda cəmləşən insanların istər cəmiyyətdə gedən proseslərə, istərsə də ayrı-ayrı məsələlərə çox fərqli yanaşmaları var. Məsələn, mən düşünürəm
Fəxri Uğurlu (sağda) və Rafiq Əliyev

Fəxri Uğurlu (sağda) və Rafiq Əliyev

ki, çox hörmət bəslədiyim Rafiq Əliyevlə orada olan Eldar Namazov və ya Rüstəm İbrahimbəyovun yanaşmalarında çox köklü fərqlər var. Rafiq Əliyev öz fikirlərində daha sərbəstdir, hadisələrin gedişinə çalışır daha obyektiv yanaşsın.

Bir ziyalı olaraq özünün gördüklərini cəmiyyətə çatdırır, narahatlığını ifadə edir. Eldar Namazovun fikirlərində isə başdan-başa siyasət var və o, Ziyalılar Forumu çətiri altında öz işini görməkdə, fəaliyyətini göstərməkdədir. Rüstəm İbrahimbəyov çox qərəzli və ziyalıya yaraşmayan fikirləri, anlayışlarını ictimai rəyə ötürməkdədir - bu da qəbuledilən deyil. Ramiz Rövşən də bu forumda iştirak edib. O da tamam ambisiyadan kənar şair olaraq Azərbaycanda nüfuza malikdir. Onun yanaşması fərqlidir. Bu gün bu dörd nəfərin adını çəkdim mən. Öz müşahidələrimi deyirəm, bunların arasında çox fərqlər var, ona görə də, Ziyalılar Forumunun məqsədi, məramı necədirsə, nədən ibarətdirsə, onu təkcə söyləmiş olduğu bəyanatlar, fikrilər əsasında qiymətləndirmək son dərəcə çətindir. Ziyalı o demək deyil ki, onlar yalnız cəmiyyətdəki neqativ halları qabartmalıdırlar. Bunun üstünə getmək lazımdır. Bunu demək lazımdır, neqativ halları aradan qaldırmaq üçün ziyalı olaraq çarpışmaq, döyüşmək, vuruşmaq lazımdır. Ancaq bu, tünd rənglərlə olmalı deyil, qərəzli fikirləri və siyasi maraqları özündə ehtiva etməli deyil.

Eyni zamanda cəmiyyətin müsbət elementləri də önə çəkilməlidir ki, ziyalının dilindən o neqativ halları eşitdikdə insan düşünsün ki, bu, eyni zamanda əldə olunmuş uğurları da dediyi üçün obyektivdir. Bu, artıq nə iqtidardadır, nə müxalifətdədir. Bu, onların hamısından fərqli olaraq, cəmiyyətin ziyalısı olaraq gördüklərini xalqa, millətə çatdırır və beləliklə, cəmiyyətin inkişafına öz tövhəsini verir. Bu cür fərqli yanaşmalar, əlbəttə, forum haqqında ziddiyyətli vəziyyət yaradıb. Bu ziddiyyətli vəziyyətin yaranması da elə Ziyalılar Forumunun özündə gedən proseslərlə bağlıdır.

Mən eyni zamanda Rafiq müəllimin o fikri ilə razıyam ki, hər adama ziyalı demək olmaz. Birinin deyək ki, sadəcə on diplomu,
Fəzail Ağamalı

Fəzail Ağamalı

elmi titulları varsa, onu mütləq ziyalı adlandırmaq olmaz. Ziyalı cəmiyyətə işıq verən, çoxlarının görə bilmədiyi, dərk edə bilmədiyi şeyləri görərək, dərk edərək, cəsarətlə insanlara deyirlər. Amma elə deməlidirlər ki, bu gün hakimiyyətdə olanlar da, cəmiyyət də, hakimiyyətə gəlmək istəyən müxalifət də buna qarşı ciddi arqument səsləndirə bilməsin.

İlqar Rəsul:

Fəxri bəy, necə düşünürsünüz, Azərbaycan ziyalısına qarşı hansısa təpkilər, təzyiqlər varmı, yoxsa bunlar, sadəcə, mətbuatda işıqlandırılan fikirlərdir?

Fəxri Uğurlu:

Ziyalılıq, əlbəttə, peşə deyil, ayrıca sənət sahəsi deyil. Yəni mən bu gün müəllimliyimi, alimliyimi, yaxud həkimliyimi buraxıb gedirəm ziyalı işləməyə - belə bir anlayış yoxdur. Ziyalı diplomlu da ola bilər, diplomsuz da. Keçmişdə bizim hamımız görmüşük, bilmirəm, bəlkə indi də var. El ağsaqqalları vardı, düşmənləri barışdırırdılar, qanlıçılığı aradan qaldırırdılar, insanlar arasında sülh, razılıq yaradırdılar. Onlar da ziyalılar idi. Ziyalının miqyası ola bilər. Ola bilər bir kənd, bir el səviyyəsindədir, ola bilər bir ölkə səviyyəsində, ola da bilər dünya səviyyəsində.

Bir də ki, ziyalılıq anlayışı ilə bağlı çox mübahisəli yanaşmalar var. Bəziləri deyir ki, bu, "intelligensiya" sözünün bizim dilə çevrilmiş variantıdır və Rusiyadan gələn bir termindir. Dünyada, ümumiyyətlə, belə bir anlayış yoxdur. Ola bilsin ki, bu gün Norveçdə, Finlandiyada və yaxud Danimarkada ziyalı anlayışına ehtiyac yoxdur, çünki orda hər kəs öz işi ilə məşğuldur, siyasətçi siyasətlə, alim alimliyi ilə və ona görə də onlar öz sahəsində etimad qazanıb. Cəmiyyətin problemlərinin hərə öz sahəsində həllinə çalışır. Bizim kimi avtoritar-totalitar cəmiyyətlərdə ziyalı təbəqəsinə ehtiyac var, çünki burda aşağılarla yuxarılar arasında çox böyük, keçilməz uçurum olur. Böyük xalq kütləsi ilə hakim dairələrin səsi bir-birinə çatmır. Ona görə ziyalılar burada həm sipər, həm də ötürücü rolunu oynayırlar, yəni xalqın sözünü yuxarıya çatdırmaq, əzilənləri əzənlərdən qorumaq və s. Yəni bizim kimi ölkələrdə ziyalılığın bir ictimai institut kimi ortada olması labüddür, qaçılmazdır.

Rafiq müəllimin işlədiyi institutda kafedra müdirliyindən uzaqlaşdırılması ilə bağlı cəmiyyətdə kifayət qədər reaksiyalar oldu. Ona qarşı çıxış edənlər də, onu müdafiə edənlər də oldu. Bu da cəmiyyətdəki istehkamın o tərəf-bu tərəfinə baxmağa bizə imkan verdi. Sonradan işıqların söndürülməsi və s. bunlar o qədər aşağı səviyyəli aksiyalardı, təzyiqlərdi ki, adam onlardan danışmağa da utanır. Görünür, kimlərsə ziyalıların öz fikrini
Rafiq Əliyev

Rafiq Əliyev

sərbəst şəkildə bildirməsindən, mövqe bildirməsindən narahatdırlar.

Ziyalı-siyasət münasibətlərinə gəlincə, axı siyasət elə də mücərrəd deyil. Siyasət bizim ölkəmizdə gedən ictimai-siyasi proseslərdir. Burada biri var siyasi proseslərin subyekti kimi çıxış etmək, biri də var, siyasi proseslərə münasibət bildirmək. Münasibəti hər bir Azərbaycan vətəndaşı bildirə bilər - ən azı seçkiyə gedib səs verməklə. Ziyalılar da siyasi proseslərə münasibət bildirə bilər - bu çox təbiidir. Heç kəsin monopoliyasında olmamalıdır siyasət. Bu başqa söhbət ki, Ziyalılar Forumu siyasi subyekt kimi çıxış edirmi? Əlbəttə, xeyr. Bunu dəfələrlə açıq şəkildə deyiblər.

İlqar Rəsul:

Rafiq müəllim, Fəzail Ağamalının fikrinə əsaslanaraq soruşuram, sizcə, ölkədə inkişaf varmı, qüsurlar çoxdur, ya inkişaf?

Rafiq Əliyev:

Bunu belə bölmək çətindir bir az. Təbii ki, indiki Azərbaycan əsasən, iqtisadi inkişaf baxımından, 15-20 il bundan qabaqkı Azərbaycan deyil. Bunları görmək lazımdır. Qüsurlar olsa da, Bakı tikilir. Düzdü, rayonlarda inkişaf bir o qədər görünmür, rayonların içinə girmək lazımdır. Amma bu abadlıq işlərini götürsək, qüsurlu cəhətləri olsa da, biznes mənafeləri olsa da, hər halda görünür ki, inkişaf var. Ancaq demokratiya baxımından elə yüksək inkişaf görmürəm.

Fəzail bəy düz dedi, ziyalı bütün bu hadisələrin fövqündə durmalıdır. Mən başqa yazılarımda da göstərmişəm, çıxışlarımda da demişəm. Bu Ziyalılar Forumu təşkilat deyil, qurum deyil, təxminən Roma klubu kimi bir şeydir. Ziyalılar yığışa bilərlər, fikrilərini söyləyə bilərlər. amma yenə deyirəm, bu, hadisələrin, cəmiyyətdə baş verənlərin fonunda olmalıdır. Rüstəm müəllim bunun diaqnozun vaxtında çox düz qoyub ki, biz ağrıyıq. Yəni biz həkim deyilik ki, bunu müalicə edək, biz ağrını göstərə bilərik. Bu baxımdan mən qabaqkı yazılarımda da demişəm, biz həmişə çalışmışıq ki, daim ortada olaq, müxalifətlə hakimiyyətin arasında. Ona görə ki müxalifətdə siyasi iddia var, hakimiyyət də siyasi hakimiyyətdədir. Bura yığışan ziyalıların heç birində mən indiyə kimi bu iddianı görməmişəm. Ola bilər kiminsə yazısında hiss olunur, bilmirəm. Mən Ziyalılar Forumunun işində hiss etməmişəm ki, kimdəsə siyasi iddia var, ola bilər ki kimsə hakimiyyətə can atır, sabah hansısa siyasi partiyaya qoşulacaq. Qoşulmağı da pis deyil, yəni burdan gedib ora qoşula bilər. Siyasi partiyaların haqqıdır hakimiyyətə gəlmək. Amma əfsuslar olsun ki, elə qüvvələr də var ki, istəyirlər Ziyalılar Forumunu həmin o ortadan itələsinlər. Özü də daha çox siyasi müxalifət tərəfə. Biz bunu istəmirik və qarşısını alırıq.

Fəzail bəyin bəzi adlar çəkməsinə gəlincə, bu onun haqqıdır. Əgər biz bu gün ziyalılıqdan danışırıqsa, ən birinci, azad fikrə hörmət etmək lazımdır. Bir tərəfdən yaxşıdır ki, plüralizm, müxtəlif fikirlər var. Amma bir şey də var ki, hər bir fərdin özünün də xüsusiyyəti var. Bir fərddə xüsusiyyət bir cür olar başqasında başqa cür. Onu deyim ki Ziyalılar Forumunda həmişə konsensus var. Yəni bir məsələ müzakirə olunanda, bunun əsas məqsədi ictimai fikri formalaşdırmaqdır, ona təkan verməkdir. Bu barədə həmişə konsensus var.

İlqar Rəsul:

Bu Forumu ayrı-ayrılıqda Rüstəm İbrahimbəyov, Eldar Namazov hansısa bir tərəfə yönəldə, çəkə bilərmi?

Rafiq Əliyev:

Onların belə bir arzusu, ideyası yoxdur. İkincisi də ki, yenə deyirəm, həmişə ümumi fikr və bir-birini eşitmə bacarığı var.
Bizim cəmiyyətdəki indiki vəziyyətdən fərqli olaraq burda insanların bir-birini eşitmək qabiliyyəti var

İlqar Rəsul:

Fəzail müəllim, sizin Ana Vətən Partiyasında da kifayət qədər ziyalı var. Demək olarmı ki, onlar tükəndiyi üçün gəlib partiyaya üzv yazılıb siyasətə qoşulublar?

Fəzail Ağamalı:

Rafiq müəllimin akademiyadan çıxarılmasına ilk mənfi reaksiya verənlərdən biri də mən oldum. Bu, mənim vicdanımın səsi idi, düşünürdüm ki, dünya şöhrətli bir alimin o akademiyadan, kafedradan getməyi o kafedra və akademiya üçün itkidir. Rafiq müəllim heç nə itirmir. İtirən o akademiya, məktəb və o kafedradakı alimlərdir ki, müəyyən lahiyələr üzərində işləyirlər, onların başında duran, önündə gedən şəxs onlara rəhbərlik edə bilmir. Bu elmdir. Elmdə də başlıcası məktəbdir və o məktəbi yaradandır. O məktəbi yaradanı kənara qoyursansa, belə çıxır ki, orta məktəbin ibtidai sinfində oxuyan uşaqları müəllimsiz qoyursan ki, özün özünə dərs keç, əlifbanı, hesabı öyrən və s. Təxminən buna bənzər bir vəziyyət yaranır. Ona görə mən buna etirazımı bildirdim. Doğrusu budur ki, mənim Rafiq Əliyevə yanaşmam fərqlidir. Onun özünü cəmiyyətə təqdimi məndə başqa fikir, digərlərində isə başqa fikir formalaşdırıb.

Bu da təbiidir, çünki neçə insan varsa o qədər də xarakter və fikir var, plüralizm var. Mən buna hörmətlə yanaşıram. Fəxri Uğurlunun da indi yanaşması çox orijinal oldu, çox xoşuma gəldi. Bunlar hamısı çox gözəl, bunların hamısı cəmiyyətə lazımdır. Rafiq müəllim söylədi ki, biz çalışırıq ortada qalaq. Amma Rafiq müəllim siz ortada yox, bütün hadisələrin fövqündə qalmalısınız. Fövqündə dayanandan sonra cəmiyyətdə gedən proseslərin həllinə ziyalı olaraq tövhənizi vermək istəyəcəksinizsə, real addımlarla, təmkin və səbrlə çıxış edəcəksinizsə, təbii ki, cəmiyyət tərəfindən də, siyasi qüvvələr tərəfindən də tanınacaqsınız. Siz indiyədək alim kimi tanınmısız.

Alim olaraq sizə böyük hörmət var. Artıq indi siz başqa bir müstəvidə özünüzü cəmiyyətə təqdim edirsiniz. Bunun üçün zamana ehtiyac var. Cəmiyyət götür-qoy etməli, öz süzgəcindən keçirməlidir ki, Ziyalılar Formunun dedikləri nə qədər ambisiyadan
Fəxri Uğurlu və İlqar Rəsul (sağda)

Fəxri Uğurlu və İlqar Rəsul (sağda)

kənardır, nə dərəcədə həqiqətən millətin və dövlətin inkişafına yönəlmiş arzulardır, istəklərdir, iradədir. Siz forum olaraq işə təzə başlamısınız. Başladığınız zaman kəsiyində də kifayət qədər aktual bir şəkildə cəmiyyətin müzakirə obyektinə çevrilmisiniz. Bunun özü pis deyil, lakin bu müzakirələrdən elə çıxmaq lazımdır ki, cəmiyyət Ziyalılar Forumunu həqiqətən ziyalıların forumu kimi tanısın. Orada sizin kimi məsələlərə təmkinli münasibət bəsləyən də var. Açıq deyim, Eldar Namazov da təmkinli insandır. ancaq hadisələrə hədsiz dərəcədə emosional, bazar jarqonuyla mediaya çıxarılan münasibəti də var. Düşünürəm ki, cəmiyyət bunu qəbul eləməz. Ziyalının ağzından nur tökülməlidir.

Ziyalının dilindən elə sözlər çıxmalıdır ki, hər kəs onun qarşısında fikirləri ilə razı olduğunu ifadə edə bilsin. Qaldı sizin sualınıza, Ana Vətən Partiyasında diplomlular, ali təhsillilər və onların içərisində ziyalılar da var. Eyni zamanda bu ziyalılar həm də siyasi proseslərdədirlər. Öz iradələrini siyasətdəki kimi açıq şəkildə ortaya qoyurlar. Onların baxışı artıq siyasi baxışlardır. Ziyalıların isə baxışı daha geniş anlayışı özündə ehtiva edən baxışdır. Çünki orada siyasi ambisiya yoxdur. Mən açıq etiraf edirəm, mən siyasətdə ambisiyamı ortalığa qoyuram ki, siyasətdə qalım, öz fikirlərimi Milli Məclisin deputatı kimi ifadə edim. Bu, artıq mənim siyasi ambisiyamdır, amma ziyalıda bu ambisiya olmalı deyil.

İlqar Rəsul:

Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov təklif edir ki, Ziyalılar Forumu «Narazı Ziyalılar Klubu» adlandırılsın. Deyir “Ziyalılar Forumuna daxil olanların narazılıqları da əslində ictimai motivli deyil. Deməli, kimsə hansısa problemini həll etmək istəyir, bunun üçün bir dəstə adamı başına yığıb ictimai fon yaratmağa çalışır. Kim başqalarının problemlərinin həll olunması üçün ictimai fon yaratmaq rolunu oynamaq istəyirsə, bu, onun öz işidir. Amma əvvəl-axır aldandığını başa düşəcək”.

Fəxri bəy, necə düşünürsünüz, ziyalıların bir araya gəlib nəsə etmək istəyinə belə bir münasibəti nədən irəli gəlir?

Fəxri Uğurlu:

Əvvəla, mən ölkəni idarə edən bir partiyanın ikinci şəxsinin Ziyalıların Forumuna, dünya şöhrətli ziyalılarımıza belə bir ironik münasibətini tamamı ilə qeyri-məqbul hesab edirəm. İkincisi də ziyalı həmişə narazı olmalıdır. Ziyalı öz vicdanının elçisidir. Burda bizim böyük şairimiz Ramiz Rövşənin şeirindən iki misra yadıma düşür. “Deyəsən çoxdur günahım, Allah mənə inanmır” - yəni insanın haqqa güvənməyi, insanın haqqı çağırmağı asan məsələdir. Namərd də, cəllad da işini görəndə, oğru da oğurluğa gedəndə “Ya Allah kömək ol” deyir. Əsas odu haqq insana güvənsin. Yəni haqqın güvəndiyi adamlar bu ziyalılardır, öz qəlbinin vicdanının səsini duyuran adamlardır. Bu cür dünya şöhrətli ziyalılara bu cür ironik münasibət heç kimə başucalığı gətirmir. Sabah bizim millətin xətti imzalar içində olacaqsa, bu millət, bu dövlət yaşayacaqsa, bu ziyalılara görə yaşayacaq, Əli Əhmədov kimi siyasətçilərə görə, yox.

Rafiq Əliyev:

Əvvəla, o, düz deyildi ki, biz siyasətlə məşğul deyilik, qəti belə bir iddiamız yoxdur. Burda ancaq vicdanın səsi var. Sabah bizim nəvələrimiz bizdən soruşacaq ki, siz bunları görüb niyə susmusunuz? Susmaq isə ən böyük günahdır. Cəmiyyətdə olan bu qədər əxlaqsızlığa görə, dünyada gedən proseslərlə uzlaşmamağa, fikir azadlığına yasaq qoyulduğuna, insanların iqtisadi durumunun aşağı olmasına görə - bunların hamısını görə görə susmaq mümkün deyil. Biz öz bəyanatlarımızda da, sözlərimizdə də, Ziyalılar Forumunun yekun sənədlərində də bunları həmişə demişik. Ancaq burda susmaq mümkün deyil. Burda Ziyalılar Forumu haqqında fikrilər deyildi, mən Fəxri bəylə razıyam. Bir az düşünmək lazımdır. Rüstəm İbrahimbəyova nə lazımdır? - Hakimiyyət? Yox! -Maddiyyatmı lazımdı? Yox! İmic lazımdır? Yox! Azərbaycanda Allah eləsin hər il Oskar olsun. Amma baxın, türk dünyasında neçə Oskar mükafatçısı var? Ramiz Rövşən ən böyük şairimizdir, ən böyük rejissorumuz, dramaturqumuzdur Rüstəm İbrahimbəyov. Fərq qoymaq istəməzdim, amma ən böyük yazıçılarımızdandır Əkrəm Əylisli. Eldar Namazov çox ziyalı bir adamdır, gözəl politoloqdur, təcrübəli bir insandır. Bu insanların heç birini mən narazılar kateqoriyasına aid etməzdim. Yaxud da mən nədən narazı olmalıyam? Mən heç nə istəməmişəm, heç nə istəməcəyəcəm də. Mənim olanlarım kifayətdir.

Bizim Yurd TV-də “Əxlaq və cəmiyyət” adlı verilişimiz vardı, orda hörmətli rejissorumuz Mehriban Ələkbərzadə Mövlanədan rəvayət dedi. Mən də onu həmişə yazılarımda deyirəm: “İki dost olur biri dövlətli, biri kasıb ailədən olur. Bunlar bir gün gəzməyə gedirlər. Meşədə oturub nahar edəndə bu dövlətli uşaq çantasından qızardılmış ət və başqa ədviyyatlar, kasıbsa şor-çörək çıxarır. Dövlətli uşaq soruşur ətdən yemək istəyirsən, kasıb başı ilə “hə” deyir. Varlı deyir onda xoruz kimi banla, bir tikə verim. O banlayır, bu da bir tikə verir. Kasıbın yenə ətdə gözü qalır. Bu dəfə varlı deyir, yenə istəyirsənsə, onda it kimi ula, verim. Bu vaxt onları kənardan bir ixtiyar qoca izləyirmiş. Gözündən yaşlar axır. O, bir söz deyir: Nəfs!

Bax bu adı çəkilən insanların heç birinin o qızardılmış ətə tamahı yoxdur.

İlqar Rəsul:

Fəxri Uğurlu, sizin fikrinizcə, indiyə qədərki hadisələrin fonunda gələcəkdə öz babalarından "niyə susurdunuz" soruşan çox olacaq?

Fəxri Uğurlu:

Onu gələcək göstərəcək. Baxır o gələcək nəsil indikilərə nisbətən
Ziyalılar Forumunun toplantısı

Ziyalılar Forumunun toplantısı

hansı mövqedə olacaq, hansı cəmiyyətdə yaşayacaq və cəmiyyətin orta statistik intellektual göstəricisi necə olacaq. Əgər indikindən yüksək olacaqsa, yəqin ki o suallar veriləcək və hər kəs özlüyündə o suala cavab axtarmalıdır.

İlqar Rəsul:

Rafiq müəllim, ortaq mövqe tapmaq mümkündürmü ki, proses getsin, amma işıqlar sönməsin?

Rafiq Əliyev:

Mən bilmirəm niyə optimistəm, görünür həm faktlara, həm fəhmimə əsaslanıram. Düşünürəm ki, dünyanın sürəti ilə olmasa da, vəziyyət dəyişəcəyik. Yəni işıqlar sönməyəcək, aydınlıq olacaq. Mən tez-tez bu sözü işlədirəm ki, dünya ədalətə hamilədir, özü də yarımçıq ədalətə yox. Ədalət olacaq. Onda işıqlar da sönməyəcək və işıqları sönməyə qoymayan ziyalılar olacaq. Çünki ziyalının missiyası budur ki, işıq versin.

İlqar Rəsul:

Fəxri bəy, işlərin yolunda olması üçün, Fəzail Ağamalının dediyi kimi, ziyalının bu hadisələrin fövqündə dayanması üçün nə lazımdır, sizcə?

Fəxri Uğurlu:

Əvvəla, bu barədə uzun illər çox danışmışıq, çox yazmışıq. Biz deyirik ziyalı orta mövqedə olmalıdır, çünki fövqündə bir az yerinə düşmür. Belə deyək ki, ziyalının bir əli göydə, bir əli yerdə olmalıdır. Tam cəmiyyətin fövqünə qalxsa, "sən də düz edirsən, o da düz edir" desə, bu, ikiüzlülük, riyakarlıq olar, fövqündə durmaq yox. Amma baxaq görək bu dediyimiz orta mövqe qoyulubmu cəmiyyətdə? Əgər bir cəmiyyət ki, "kim mənimlə deyilsə, kim mənim kimi düşünmürsə, mənim düşmənimdir" prinsipi ilə idarə olunursa, o cəmiyyətdə orta yer varmı? Məşhur bir misal var. İstehkamın üstü olmur, ya o tayı olur ya bu tayı. Bax bu orta yeri azad etmək, ziyalılara saxlamaq üçün siyasi iradə olmalıdır. Kimlərsə çox narahatdır ziyalıların çıxıb azad söz bildirməsindən, öz fikirlərini, ideyalarını açıq şəkildə ifadə etməsindən. Mən sual verirəm, nə var burda təhlükəli, kimin hakimiyyəti əlindən gedir? Kimin kreslosu altından qaçdı? Bunlar hamısı uydurulmuş, qondarılmış təhlükədir. Heç bir real təhlükə yoxdur. Ziyalıdır, sözün deyir, eşidirsən eşit, eşitmirsən eşitmə. Eşitsən, sənin xeyirinədir, eşitməsən, sənin ziyanınadır.

Rafiq Əliyev:

Ümumiyyətlə, bir məsələyə toxunmaq istəyirəm. Xarici ölkələrdə ziyalılıq anlayışı barədə mənə elə gəlir ki, mətbuatda yanlış fikir var. Qərb dünyasında ziyalılıq anlayışı var və bu, ictimai fikrə təsir edən bir şeydir. Məsələn, niyə deyirlər ki, Viktor Hüqo Fransanın vicdanıdır, ayrısını deyərdilər. Çünki böyük yazardı. Niyə deyirlər Dostoyevski Rusiyanın vicdanıdır, ayrısını demirlər?

Fəxri Uğurlu:

Sadəcə orada siyasətçi də ziyalıdır. Fərqimiz budur

Rafiq Əliyev:

Tamamilə düzdür. Cəmiyyətdən cəmiyyətə fərq var. Ziyalılıq millətin humanitar aurasını yaradır. Bir də buna ingiliscə “Soft power” deyirlər. Onlar ziyalılığa yumşaq güc deyirlər. Yəni bu o deməkdir ki, ziyalı ictimaiyyətə, siyasi hakimiyyətə, müxalifətə təsir edə bilsin. Fəxri Uğurlu qeyri-səlis məntiqdən danışdı. Yəni "kim bizdən deyilsə, bizə düşməndir, orta yoxdur" fikrini nəzərdə tuturam. Aristotel deyirdi, ya bu qıraq var, ya o biri qıraq. Lütfi Zadədən əvvəl bir dənə Lukaseviç dedi ki, orta var. Zadə isə dedi ki, çoxlu orta var. İndi heç o ortanı da vermək istəmirlər bizə.


PROQRAMIN VİDEOYAZISINA TAM ŞƏKİLDƏ YUXARIDA BAX

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG