Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:53

HƏFTƏNİN SUALI: Bu, hansı romandandır?


Zaur Qəriboğlu
Zaur Qəriboğlu
Keçən həftə dərc etdiyimiz parça məşhur türk yazıçısı Əziz Nesinin Azərbaycan dilinə çevrilərək "Taxtalıköydən məktublar" adıyla çap edilmiş hekayə kitabından idi.

"Oxu zalı"na göndərilən cavablar arasında 11-i düzgün olub. Hamıdan tez isə suala gənc yazar Zaur Qəriboğlu cavab verib.

Zaur Qəriboğlu Bakı şəhərində doğulub. Əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindəndir. www.yazarklub.org e-dərgisinin təsisçi və baş redaktorudur. İndiyəcən 5 kitabı çap edilib.

Zaurun "Oxu zalı"na dediklərindən:

- Əziz Nesinin əsərlərini orta məktəbdən oxuyuram. Onun "Futbol kralı", "Taxtalıköydən məktublar" və s. əsərlərini oxumuşam. Çox sevdiyim yazıçılardandı. Qeyd edim ki, "Taxtalıköydən məktublar"ı 2005 - ci ildə Bakıda nə qədər axtarsam da, tapa bilmədim. Sonradan bir dostum həmin kitabı Gürcüstandakı şəxsi kitabxanasından mənə oxuyub, qaytarmaq şərti ilə verdi. Həmin əsəri çox böyük zövq alaraq oxudum.

Klassik Azərbaycan ədəbiyyatından çağdaş Azərbaycan ədəbiyyatına kimi demək olar ki, bütün müəlliflərdən əsərlər oxumuşam, bu gün də oxumağa davam edirəm. İndi daha çox dünya ədəbiyyatını mütaliə edirəm. Hazırda Nobel mükafatçısı Joze Saramaqonun "İsanın İncili" romanını oxuyuram. Bundan öncə isə Oğuz Atayın "Tutunamaynlar", Elif Şafakın "İsgəndər", F. Nitsşenin "Zərdüşt belə buyurmuşdu" kitablarını oxumuşam.

Mütaliə artıq həyatımın bir parçasına çevrilib. Mən yazmaqdan çox oxumağa üstünlük verirəm və elə bir gün yoxdu ki, oxumayım. Mütaliəsiz yazar taygöz adama bənzəyir...

Qalibi təbrik edir və bu həftənin sualını elan edirik.

Bu, hansı əsərdəndir?

"...Doğrudanmı o oğlan düz deyir ki, azərbaycanlılarla ermənilər orada bir yerdə olublar? On il əvvəl bu faktın özündə heç bir qeyri-adilik ola bilməzdi, lakin indi... onların ölkələri arasında müharibə getdiyi bir vaxtda, Dağlıq Qarabağda bircə nəfər də olsun azərbaycanlının qalmadığı bir vaxtda bu fakt son dərəcə qəribə idi. Bəs sərhəddə nə azarları varmış? O bilirdi ki, son vaxtlarda respublikanın şimal-qərbində Azərbaycan-erməni sərhədini keçənlər olub. Müharibə getsə də, alverçilər və qaçaqmalçılar faydalı bizneslə məşğul idilər, bununla da sübut edirdilər ki, havayı qazanc və gəlir namus və vətənpərvərlikdən asılı deyil. Quldurlar bu işdə "əsl beynəlmiləlçilər idilər, dava gedən tərəflə əlaqə saxlamağı özlərinə ayıb bilmirdilər. Tez-tez sərhəd rayonu olan Qazaxdan qonşu Ermənistana hətta benzin satırdılar və sonra da Azərbaycan benzini ilə işləyən erməni tankları Azərbaycan kəndlərini gülləbaran edirdi..."

Cavabınızı bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibinin adını isə gələn həftənin bazar ertəsi elan edəcəyik.
XS
SM
MD
LG