Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:10
Binəqədi rayon Məhkəməsində narkotik vasitə satmaqda ittiham olunan polis mayoru Dursun Əliyevin məhkəməsi keçirilir. Yanvarın 13-də davam etməli olan məhkəmə prosesi şahidlərin gəlməməsi üzündən təxirə salınıb. Məhkəmə prosesi qapalı keçirilir. Hakim bu qərarını daxili işlər orqanlarının ştatdankənar işçilərinin dindirilməsi ilə əlaqələndirib.

2 QRAM MARİXUANA 20 MANATA

Dursun Əliyev Qarabağ müharibəsi veteranıdır, 30 il polis orqanlarında işləyib, bir neçə dəfə yaxşı xidmətə görə təltif olunub. Ötən il iyulun 5-də işlədiyi Binəqədi RPİ 6-cı bölməsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

İttihama görə, o, Fərahim Qarayevə 2 qram qurudulmuş marixuananı iş otağında 20 manata satıb. Vəkili Əli Hüseynovun sözlərinə görə, Dursun Əliyev məhkəmədə ona qarşı irəli sürülən ittihamları rədd edib. Dursun Əliyevin bacısı Tamilla Əliyeva AzadlıqRadiosuna bildirib ki, qardaşı vaxtilə işlədiyi Binəqədi rayon Polis İdarəsinin rəhbərliyinin sifarişi ilə tutulub.

Dursun Əliyev özü də ifadəsində Binəqədi RPİ rəhbərliyi ilə münasibətlərinin normal olmadığını göstərib. Bildirib ki, idarənin cinayət axtarış şöbəsinin (CAŞ) rəisi ilə münasibətləri pis olub, buna görə də idarədəki baş əməliyyat müvəkkili vəzifəsindən çıxaraq 6-cı bölməyə əməliyyat müvəkkili keçib. Bundan 1 ay sonra şərlənərək həbs olunub.

POLİSİN MUZDLU AGENTLƏRİ

Dursun Əliyev ifadəsində göstərib ki, onun narkotika satdığı iddia olunan Fərahim Qarayev və işdə başqa şahid qismində dindirilmiş Müşfiq Əliyev daxili işlər orqanlarının məxfi və muzdlu əməkdaşlarıdır:

«Müşfiq Əliyevi muzdlu agent kimi tanıyıram. O, özü də mənimlə üzləşmə zamanı etiraf etdi ki, 8 aydır muzdlu agentdir və buna görə ayda 106 manat maaş alır. Hətta o giley-güzar etdi ki, son 2-3 ayda maaşını yubadırlar», bunu ifadəsində Dursun Əliyev deyib.
O, Fərahim Qarayev barəsində deyib ki, bu şəxsi 6 ilə yaxındır polisin agent şəbəkəsinin üzvü kimi tanıyıb, onu «Mixayloviç» və «Fedya» ləqəbləri ilə çağırıb. Narkotik vasitələrlə bağlı əməliyyatlarda onun xidmətlərindən istifadə ediblər.

«HEROİN VƏ MARİXUANANI FƏRAHİMƏ VERMİŞƏM»

Həbsinin baş verməsi barədə isə o, ifadəsində göstərib ki:

«Fərahim idarənin şöbə rəisi Heydər Heydərlinin agentidir. Heydər Heydərli ilə mübahisə etmişdim, ona görə də Heydər təşkil etdi ki, məni 6-cı bölməyə göndərsinlər. Fərahim mənə bir neçə dəfə müraciət edərək qəbul etmək üçün narkotik vasitə istəyib. Fərahim narkotik maddə qəbul edən olduğundan dəfələrlə Heydər Heydərlinin mənə verdiyi heroin və qurudulmuş marixuananı Fərahimə vermişəm».

Arxiv foto

Arxiv foto

Bunları o, ibtidai istintaq zamanı deyib. Ancaq sonradan baş prokurora ərizə yazıb ki, Fərahim Qarayevə narkotik maddəni nəinki satmayıb, heç havayı da verməyib. Yuxarıdakı ifadə isə ondan işgəncə altında alınıb. Dursun Əliyev agentin əli ilə tutulmasını Binəqədi RPİ rəhbərliyinin sifarişi olduğunu yazıb. O, məhkəmədə də belə deyib.

KEÇMİŞ MƏHKUM, NARKOMAN, AGENT

Binəqədi RPİ CAŞ rəisi Heydər Heydərli isə Dursun Əliyevin dediklərini istintaqa təsdiqləməyib. İstintaq zamanı bildirib ki, işlədikləri vaxt ərzində Dursun Əliyevlə onun arasında heç bir narazılıq olmayıb:

«Dursun bunu yalan deyir, mən ona heç vaxt narkotika verməmişəm. Onda narkotika olmasından xəbərsiz olmuşam. Mən onun narkotika satmasına inanmıram, ola bilsin ki, pulsuz verib».

Fərahim Qarayev isə ifadəsində göstərib ki, əvvəllər quldurluğa görə məhkum olunub. Həbsdən çıxandan sonra Binəqədi RPİ-nin yaxınlığında taksi sürücüsü kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl idarənin əməliyyat müvəkkili Dursun Əliyevlə tanış olub. Əməliyyat müvəkkili ona narkotik vasitələr satıb: «Ağrılarıma görə əvvəllər narkotika qəbul edirdim. Son vaxtlar isə narkotikadan istifadə etmirdim, fikirləşdim ki, Dursun Əliyev narkotika satmaqla gənclərin həyatını korlayır. Ona görə də bu barədə məlumat vermək qərarına gəldim».

ƏMƏLİYYATÇILARA NARKOMANLAR KÖMƏK EDİR?
Mahmud Hacıyev

Mahmud Hacıyev


Uzun illər daxili işlər orqanlarında işləmiş Mahmud Hacıyev deyir ki, əvvəllər əməliyyatçıların agent şəbəkələrində narkomanlara az rast gəlmək olardı. İndi əməliyyatçılar agent kimi yalnız narkomanlardan istifadə edirlər ki, bu da yaxşı hal deyil:

«O vaxt qadağa var idi ki, narkomandan agent olmaz. İndi şablon əmələ gəlib, hansı əməliyyat xidmət rəisini dindirsən görərsən ki, şəbəkəsində istifadə etdiyi narkomandır. Narkomanı çağırır ki, sənə ayda 2-3 dəfə narkotika verəcəyəm, gəl mənə müəyyən informasiya ver. Adını salır agentlərin jurnalına. Polisdə belə bir məxfi jurnal olur. Həmin jurnalda agentin adından yalandan informasiya yazır. Narkoman da altına imza atır ki, informasiyanı mən verdim. Sonra da əməliyyatçı yazır ki, informasiya özünü doğrultmadı. Bu da ona görə belədir ki, əməliyyatçıların qarşısında tələb qoyulur ki, agentlə işlə, onlara maaş ver. Əməliyyatçı da bu yola əl atır. Pulu alır, narkomana isə pul əvəzinə narkotika verir».

Mahmud Hacıyevin sözlərinə görə, agentdən həmin şöbədə işləyən əməliyyatçıya qarşı istifadə olunması qanunaziddir.

Daxili İşlər Nazirliyi faktların məhkəmədə araşdırıldığını, baş verənlərə sonda məhkəmə tərəfindən hüquqi qiymət veriləcəyini bildirir və məhkəmənin nəticəsini gözləməyi məsləhət görür.

Polis mayoru Dursun Əliyevin məhkəməsi isə yanvarın 27-də davam edəcək. Bu yaxınlarda istintaqın düzgün aparılmamasına etiraz olaraq onun Bakı istintaq təcridxanasında özünə qəsd etdiyi bildirilirdi.

Şərhləri göstər

XS
SM
MD
LG