Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:49

Onlar svastika formalı sırğanın satışdan çıxarılmasını tələb edirlər

Nyu-York yəhudi icmasının nümayəndələri Bruklindəki Bejeweled zərgərlik mağazasının hərəkətini qınaqla qarşılayıblar.

Onlar mağazada svastika formasındakı sırğaların satışa çıxarılmasına narazılıqlarını bildiriblər. İcma təmsilçiləri belə hesab edir ki, bu cür məmulat cəmiyyətə antisemitizm meyllərini qızışdıra bilər.

Fox News xəbər verir ki, bu sırğalar “Tibet buddistlərinin əbədilik simvolu” adı ilə satışa qoyulub. Mağazanın meneceri deyir ki, onun Hindistandan gətirdiyi sırğaların nasistlərə heç bir aidiyyəti yoxdur.

Nyu-Yorkun Manhetten rayonunun başçısı Scott Stringer Fox News -a müsahibəsində bildirib ki, svastika heç bir halda dəbli bir aksessuar sayıla bilməz:

“Bu, cəmiyyətimiz üçün ən xoşagəlməz simvollardan biridir. Bu işarə hər bir sivil insanı təhqir edir”.

Nyu-York ştatının deputatı Dov Haykind də bu müzakirələrə qatılıb. Onun dediyinə görə, menecerin özünü təmizə çıxarması mümkün deyil:

“Bu təhqiredici, alçaldıcı bir hərəkətdir. Çünki istənilən normal insan svastikanı qəddarlıq rəmzi kimi qəbul edir”.

Barəsində söz açılan sırğanın cütü 6 ABŞ dollarına satılır. Bu zərgərlik məmulatları həqiqətən də svastika formasına hazırlanıb. Sadəcə sırğalardakı xaçın ucları nasistlərdə olduğu kimi saat əqrəbi istiqamətində yox, əks tərəfə qatlanıb.

Nasistlərdən əvvəl svastika işarəsi bir çox dinlərdə günəş və sonsuzluq rəmzi kimi qəbul olunub. Hazırda buddizm və iudaizmdə də bu simvoldan gen-bol istifadə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG