Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:19
Rəsmi statistikaya görə, 3979 nəfər sakini olan Qala kəndində yanvarın çox da soyuq olmayan günlərində hər kəs öz ocağının başına çəkilib. Kəndin mərkəzi «Qala» küçəsində ins-cins gözə dəymirdi. Odur ki, darvaza-darvaza düşüb kənd camaatı ilə hal-əhval tutmağa başladıq.

QALAYA GEDƏN YOLLAR

Orta əsr kəndi Qalaya gedən yollar onu tarixdən bir qədər ayırır – yeni salınmış yollar, kəndi əhatə edən hasar, təmirli məktəb, göz oxşayan muzey qoruq və s... Tarix «pərdə»nin arxasından boylanır: köhnə yaşayış evləri, məscidlər, qəbirləri naməlum məzarlıq...

1988- ci ildə kəndin tarixi hissəsində salınan Qala qoruğu bu ilin əvvəlində Heydər Əliyev Fondu tərəfindən restavrasiya olunub.

Qala sakinlərinin güzəranına gəlincə, 70 yaşlı təqaüdçü Ağaverdi baba həmyerlilərinin vəziyyətini belə ifadə edir:

- Əşşi, nətər yaşayacaqlar, itin günündə. Ağıllı-başlı qazı yox, işığı yox, hamısı fırıldaq-fırıldaq şeylərdir.

- Amma kəndə girişdə yol boyunca gözəl tikililər bəzədilib...

- Tikiblər özləri üçün, bizim üçün yox.

«Özləri kimdir?» sualıma Ağaverdi baba əlini səmaya uzadıb «Odey onlar» cavab verdi.

Qala kəndinə gedən yol

Qala kəndinə gedən yol

Qala kəndinə gedən xüsusi avtobus yoxdur, Pirallahı avtobusundan düşəndən sonra sakinlər bir xeyli piyada yola davam etməli olurlar.

BİR MAŞIN SU – 30 MANATA

Kəndin sakinlərinin birağızdan səsləndirdiyi digər problem isə su təchizatı ilə bağlıdır. Kənd sakinləri suyu məhəlləyə gələn maşınlardan alırlar.

İrat Şirinov:

«Su qıtlıqdır, tarixən Qala kəndində su olmayıb. Su yoxdur indi də. Alırıq suyu. Maşınla alırıq, tökürük çənə. Bir maşın su 30 manata gəlir. Hardasa ayda 2 maşın su işlədirik».

Yay aylarında əksər qalalılar əkin-biçinlə məşğul olsalar da, qışda maddi imkanları buna icazə vermir. İstixanaları işlətmək üçün sərf edilən qazın pulunu ödəyə bilmədiklərini deyirlər. İrat Şirinovun vaxtilə pomidor əkdiyi istixanada indi qoyun-quzu gəzişir:

««Parnik»lər indi istifadəsiz qalıb. Qaz var, amma ödəmək çətindir. Bahadır, ona görə sərf eləmir. Təsəvvür edin, burda bütün sutka boyu qaz yanmalıdır qışda. Heç olmasa, lap sıxa-sıxa işlətsək, günə 10 manat xərc çəkməliyik. Məhsul onu ödəmir, onun şitili, suyu... Su da problemdir».

Qala kəndində qədimi tikili

Qala kəndində qədimi tikili

Hazırda bu kəndin və yaxınlıqdakı digər kəndlərin su təchizatını yaxşılaşdırmaq üçün su anbarı tikilməkdədir.

KƏNDİN İŞSİZLİK PROBLEMİ

Qala sakinlərinin əsas dolanışıq yeri heyvandarlıqdır. Kənd sakinlərinin fikrincə, zavodu, fabriki olmayan yerdə qoyun, inək onlara qış mövsümünü ortabab yola verməyə kömək edir.

Gülxarət Şirinova deyir ki, cavanlar üçün iş yeri yoxdur:

«Güclə tapırlar işi. Yoxdur iş, yalan nə deyim. Mənim 2 oğlum var. Biri çalğı çalır restoranda, o biri də oturub evdə elə-belə, işi yoxdur. Fəhləçilikdir də».

QALA ARXEOLOJİ-ETNOQRAFİK MUZEY KOMPLEKSİ

Qalalılar işsizlik, yoxsulluqdan xeyli şikayətlənsələr də, kəndin qədimliyi, üstəlik son illər ərazidəki tarixi abidələrin bərpasından ürəklə danışırlar.

Kənddəki Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə yaradılıb. Muzey kompleksində eramızdan əvvəl III və II minilliklərə aid kurqanlar, qayaüstü rəsmlər, məişət və bəzək əşyaları, silah və sikkələr toplanıb. Eksponatlar arasında dəvə və eşşək də saxlanılır.

Şərhləri göstər

XS
SM
MD
LG