Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:37

Səməd Seyidov: «Bəli, korrupsiya var və buna qarşı mübarizə aparılır»


Səməd Seyidov

Səməd Seyidov

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna müsahibə verib. Onunla söhbətə parlamentdə Amnistiya Aktının hazırlanıb-hazırlanmaması haqda sualla başladıq.
- Azərbaycanın dövlət strukturları, o cümlədən parlament insan haqları ilə bağlı təşəbbüsləri gündəmə gətirir. İndi nə vaxt olacaq, necə olacaq, konkret məndə məlumat yoxdur. Mən yalan danışa bilmərəm.

Amma bilirəm ki, bu istiqamətdə xeyli işlər görülüb və ən əsası görüləcək. Həm prezidentin əfv fərmanı, həm bir qədər əvvəl hörmətli Mehriban xanımın təşəbbüsü ilə parlamentdə imzalanmış amnistiya aktı buna misaldır. Yəni bu 1-2 addım deyil, Azərbaycan hökumətinin və parlamentinin apardığı siyasətin tərkib hissəsidir. Ona görə belə təşəbbüsün gündəmə gəlməsi normaldır.
- Səməd müəllim, biz deputatlarla danışanda hamısı xatırladır ki, Amnistiya Aktı təşəbbüsü ilə həmişə Mehriban xanım çıxış edib. Gözlənir ki, yenə o çıxış edəcək. Başqa deputatların belə təşəbbüslə çıxış etmək haqqı yoxdurmu?
- Azərbaycan parlamentində hər bir deputatın qanun layihəsini gündəmə gətirmək və müzakirə etmək ixtiyarı var. Sadəcə bu istiqamətdə - humanist məsələlərlə məşğul olan, Azərbaycan xalqı qarşısında ən aktiv şəkildə fəaliyyətini təşkil etmiş hörmətli Mehriban xanımın işi göz qabağındadır. Bu təqdirə layiq haldır.
- Qayıdaq əfv fərmanına, prezidentin son fərmanından bəziləri narazı qaldı. Gözlənirdi ki, aprel aksiyalarında tutulanlar, gənc fəallar, o cümlədən Bəxtiyar Hacıyev azadlığa buraxılacaq. Siz də bunu gözləyirdizmi? Necə bilirsiz onlar yaxında azadlığa çıxa bilərmi?
- Birincisi, əfv fərmanı Azərbaycan prezidentinin birbaşa müstəsna səlahiyyətidir. Bu məsələyə hər hansı insanın müdaxiləsi həm qanuna ziddir, həm də etik normalara o qədər uyğun deyil. O ki, qaldı razı qalma məsələsinə, həmin fərmanla bağlı müsbət fikirlər, rəsmi rəylər daxil olur. Müsbəti görmək istəyən müsbəti görür, mənfini görmək istəyən də mənfini.
- Səməd müəllim, sizdən konkret soruşmaq istəyirdim ki, millət vəkili kimi 2 aprel aksiyasında tutulanların azadlığa çıxmasını istəyərdizmi?
- Əlbəttə biz istəyərdik ki, məhbusların sayı az olsun. Ancaq məhbussuz hansısa dövləti təsəvvür edirsizmi? Söhbət məhbusun az ya çoxluğundan getmir. Söhbət gedir ki, qanunun aliliyi üçün görülən işlər normaldır ya yox? Mən hesab edirəm ki, bütün lazımı tədbirlər həyata keçirilir.
- Hüquq müdafiəçiləri «Eurovison» mahnı yarışması ərəfəsində qızıl amnistiya və ya geniş əfv fərmanı olacağını deyirlər. Məlumatlı bir insan kimi sizcə, bunun hansı daha realdır?
- Bu humanist aktlar Azərbaycan siyasi rəhbərliyinin apardığı siyasətin tərkib hissəsidir. Hansısa tədbirlə belə aktları birləşdirmək düzgün deyil. O ki qaldı, «Eurovision»a, bu müsabiqə Azərbaycanda ən yüksək səviyyədə təşkil olunacaq. Mən bilirəm ki, Azərbaycan hökuməti «Eurovision»la bağlı bütün tədbirləri görməyə hazırdır.
- Yeri gəlmişkən, beynəlxalq mətbuat yazır ki, bu mahnı yarışması zamanı homoseksuallar paradlar, yürüşlər keçirirlər. Azərbaycan dünyəvi dövlətdir, eyni zamanda öz adət-ənənəsi olan, əhalisinin əksəriyyəti müsəlman olan ölkədir. Belə yürüşlər Bakıda baş tuta bilərmi və təhlükəsizliyi necə olacaq?
- Vallah məndə belə məlumat yoxdur. Ancaq bir də təkrar edirəm ki, mahnı yarışmasının keçirilməsi ilə bağlı Azərbaycan hökuməti təşkilatçılarla çox yüksək qurulub. Bütün məsələlər normal şəkildə həllini tapır.

O ki qaldı, hansısa insanların öz fikirlərini, mövqelərini ortaya qoymasına, bu başqa məsələdir. Azərbaycanda Konstitusiya ilə insan haqları tam təmin olunub. Bu istiqamətdə Azərbaycan Avropada qəbul olunmuş məsələlərlə bağlı addımlar atıb.

Ancaq onu da bilməyik ki, bəzi məsələləri də süni şəkildə ortaya atırlar, qıcıqlandırıcı reaksiya doğurmaq istəyirlər, hansısa məmur belə deməsin, elə desin. Sizdən eşidirəm o parad məsələsini də. Məqsəd paradın keçirilməsi deyil. Məqsəd qıcıqlandırmaq, istədikləri reaksiyanı almaq, Azərbaycanı mənfi gözdə tanıtmaqdır.
- İlham Əliyev yeni il təbrikində dedi ki, korrupsiya ilə amansız mübarizə aparılır. Amma bu günlərdə internet saytlarda bir video görüntü – yol polislərinin günün günorta çağı rüşvət aldığını əks etdirən video görüntü yayımlandı. Bu təzadı necə qiymətləndirirsiz?
- (Gülür) Bu görüntülərin nəzərdən keçirilməsi mən bilən xüsusi bir təşkilat tərəfindən aparılır. Günahkarların cəzalandırılması vacib məsələdir və bu istiqamətdə iş gedir.

Ən əsas olan o deyil ki, qanuna zidd hərəkət baş verib. Ən əsas buna reaksiyadır, aşkar şəkildə ictimaiyyət tərəfindən müzakirə olunmasıdır. Bunlar bəyəm Azərbaycanda baş vermir?

Bəli, bir-iki nəfər yolunu çaşıb, hansısa cinayət işi ilə məşğuldursa, bu hadisə cəmiyyətdə qınanırsa, bu ona dəlalət edir ki, Azərbaycanda vətəndaş cəmiyyəti formalaşır. Məhz buna görə də cənab prezident dəfələrlə vurğulayıb ki, Azərbaycanda demokratik proses gedir.
- Deyirsiz ki, vətəndaş səviyyəsində müzakirə edilirsə.. Amma cəmiyyət adekvat reaksiya gözləyir. Həmin polislərin cəzalandırılmasını...
- Bu yəqin ki, olacaq, işdən çıxarılacaq. Hüquq mühafizə orqanlarından qanunsuz işlərinə görə bir neçə nəfər yox, onlarla insan kənarlaşdırılıb, tutulub.

Bizdə korrupsiya komissiyaları da fəaliyyət göstərir. Ona görə deyirəm, araşdırmaq istəyən statistikanı da əldə edə bilər, nə qədər tutulub, özü də sıravilər yox, vəzifəli şəxslər! «Guya Azərbaycanda korrupsiya ilə mübarizə aparılır» demək düzgün deyil. Bəli, korrupsiya var və buna qarşı mübarizə aparılır.
- Korrupsiya ilə bağlı həmişə mübahisə gedir ki, necə olur xırda məmurlar rüşvət alır, bunlar cəzalandırılır. Amma nazir, nazir müavini korrupsiyaya bulaşmayıb və ya bulaşıbsa cəzalandırılmır?
- «Ola bilər» sözündən hüquqda istifadə qadağandır. Siz bu terminlərdən istifadə etsəniz Stalin dövrünə, 1937-ci ilə çatacaqsız. Demokratik ölkədə əlinizdə sübut olmalıdır. Dəlil varsa, buyurun ortaya qoyun, araşdırılacaq və vəzifəsindən, mövqeyindən asılı olmadan o insanlar işdən uzaqlaşdırılacaq.

Şərhləri göstər

XS
SM
MD
LG