Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:48

Nəqliyyat intellektual idarə olunurmu?


Dayanacaqlarda qurulmuş monitorların hər biri dövlətə 10 min dollara başa gəlib

Dayanacaqlarda qurulmuş monitorların hər biri dövlətə 10 min dollara başa gəlib

Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqinə başlanıb. Dekabrın 29-da prezident İlham Əliyevin iştirakı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı da olub.

Rəsmi məlumata görə, bu sistemin işləməsi üçün dayanacaq və avtobuslarda 40 mindən çox avadanlıq qurulub, nəqliyyatın hərəkəti ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə edilir.

«6 DƏQİQƏ YAZILIB, 10 DƏQİQƏYƏ GƏLİR»

Yeni sistemin hazırda necə fəaliyyət göstərdiyini, sərnişinlərin informasiya terminallarından necə yararlandıqlarını öyrənmək üçün şəhərin bir neçə dayanacağında olduq:

- İşləmir, vaxtları düzgün göstərilmir.

- Elə olur ki, avtobus burada göstərilən vaxtdan tez gəlir, amma bu sistemin olması çox yaxşıdır.

- Mən 25 nömrəli avtobusu gözləyirəm, aydınlaşdırmaq istəyirdim ki, nə vaxt gələcək. Gecikmələr olur, burada 2 dəqiqə yazılsa da, gec gəlir və ya əksinə olur, marşrut gəlir, amma burada qeyd olunmur.

- Bir dəfə maraqlandım, baxdım ki, vaxt üst-üstə düşmür. Orada 9 dəqiqə yazılmışdı, avtobus 9 dəqiqəyə gəldi, amma oradakı vaxt dəyişmədi. Bir də görürsən ki, 6 dəqiqə yazılıb, amma 10 dəqiqə sonra gəlir.

«AÇIĞI BU APARATDAN BAŞIM ÇIXMIR»

Dayanacaqlarda qurulmuş monitorların hər biri dövlətə 10 min dollara başa gəlib. Ümumilikdə isə nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılmasına 70 milyon manatdan çox pul ayrılıb, rəsmilər bu məbləğin arta biləcəyini də istisna etmirlər. Dayanacaqlardakı monitorlar sərnişinlərin avtobusların hərəkət cədvəli, çatma müddəti barədə məlumatlar əldə etməsi üçün nəzərdə tutulub. Amma söhbət etdiyimiz sərnişinlər hələ ki, bu sistemdən yararlana bilmədiklərini deyirlər.

Elə sürücülərlə də vəziyyət eynidir. Sürücü Malik Məmmədov bizimlə söhbətdə etiraf edir ki, çalışdığı marşrutda quraşdırılan avadanlığı idarə etməyi bacarmır:

«Bu aparatla bağlı gərək sürücüləri kursa göndərsinlər. Kursa tam aydınlıq gətirsinlər, biz də bilək ki, nə nə üçündür».

«BU TIXACLARDA BU SİSTEMİ İŞLƏTMƏK MÜMKÜN DEYİL»

Malik Məmmədovun idarə etdiyi avtobusda quraşdırılmış avadanlığa göz gəzdiririk. Buradakı monitorda bu avtobusdan əvvəl və sonra gələn avtobusların hazırda hansı istiqamətdə hərəkət etdiyi və iki avtobus arasındakı məsafə göstərilməli olduğu halda yalnız sonrakı avtobusla bağlı məlumatlar var. Sürücü Malik Məmmədov bunu bütün dayanacaqlarda monitorların işləməməsi ilə əlaqələndirir. Həmsöhbətimizin fikrincə, hətta bütün avadanlıqlar işləsə belə bu sistem özünü doğrultmayacaq:

Sürücü Malik Məmmədov

Sürücü Malik Məmmədov

«Tıxaclarda bu sistemi işlətmək mümkün deyil. Hər yer tıxacdır. Bir də kiçik minik maşınları ki var, başqa ölkələrdə onlar avtobuslara yol verirlər, bizdə isə əksinə yolu kəsirlər, avtobusun qadağında «tormoz» verirlər, min hoqqa çıxarırlar. Hər şeydən əvvəl yolları genişləndirmək lazımdır».

Sürücü Malik Məmmədovun da dediyi kimi, bəzi dayanacaqlarda informasiya terminallarının ümumiyyətlə işləmədiyinin biz də şahidi olduq, xüsusən də, 20 yanvar dairəsindəki dayanacaqlarda. Baxmayaraq ki, bundan bir müddət öncə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Azadlıq Radiosuna demişdi ki, sistemin birinci mərhələsi dekabrın sonunda işə düşəcək və sistemin ilkin olaraq biri 20 yanvar dairəsi olmaqla 6 istiqamətdə işləyəcəyi nəzərdə tutulur.

«HƏLƏ BİR NEÇƏ AYA DA EHTİYAC VAR»

Nəqliyyat Nazirliyi indi isə intellektual idarəetmə sistemi ilə bağlı yaranan problemləri, sistemin hələ tam işlək olmamasını təbii hesab edir. Nazirliyin mətbuat katibi Namiq Həsənov deyir ki, hələ ki layihənin ilkin mərhələsini həyata keçirirlər, başqa sözlə kompyüterlərə proqramların yüklənməsindən başlamış kabellərin birləşdirilməsinədək olan işləri görürlər. Qurum rəsmisinin dediyinə görə, nəqliyyatın intellektual idarəedilməsi üçün hələ bir neçə aya da ehtiyac var və bu layihənin bu ilin mayınadək başa çatdırılacağı nəzərdə tutulub:

«Şəhərdə indi 3000-dən çox avtobus fəaliyyət göstərir, 664 dayanacaq var. Bu dayanacaqların bəzisinin hələ mərkəzlə əlaqəsi quraşdırılmayıb. Siqnal mərkəzə ötürülməlidir ki, orada məlumat getsin də. Ola bilsin ki, bəzi dayanacaqlarda monitorlar Məhəmməd Talıblı

Məhəmməd Talıblı

işləmir, amma bu o demək deyil ki, sistem işləmir».

«SÖHBƏT BİR NEÇƏ AYDAN GETMİR»

İqtisadçı Məhəmməd Talıblı da hesab edir ki, ölkədə belə bir layihənin gerçəkləşdirilməsi üçün müəyyən vaxta ehtiyac var, amma ekspertə görə, söhbət bir neçə aydan getmir:

«Azərbaycanda nəqliyyat sistemində islahatların həyata keçirilməsi üçün çox tələsik addımlar atılır. Ən pis odur ki, sistem tam hazır olmayınca, bunun həyata keçirilməsi mezanizmləri aydın olmayınca belə ideyalar ortaya atılır və həyata keçirilir. Mənə elə gəlir ki, bu, daha çox nazirliklər arasında büdcədən daha böyük vəsaitlər əldə etmək uğrunda aparılan mübarizədir».

İqtisadçıya görə, Hesablama Palatası hər il bu cür yarımçıq, özünü tam mənada doğrultmayan layihələrlə bağlı tənqidlər səsləndirməli, hökumət tərəfindən ciddi tədbirlər görülməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG