Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:20

1000 dollara gen analizi mümkün olacaq


Arxiv foto
Arxiv foto
Bir gün ərzində bir adam haqqında nələri öyrənmək olar? Uzaqbaşı onun gözünün rəngini, boyunu, bacısının-qardaşının olub-olmamasını, boş vaxtlarında nələrlə məşğul olduğunu öyrənə bilərsiniz.

Məsələn, bir adamın bağırsaq xərçəngi riski olub-olmadığını, yaxud nə vaxtsa keçəl olacağını öyrənmək necə, mümkündürmü? Əslində bunları öyrənəcəyiniz gün elə də uzaqda deyil.

«İon Proton Sequencer» adlı yeni qurğu sayəsində bunları öyrənmək mümkün olacaq. Bu, ilk belə avadanlıqdır ki, insanın DNA-nı bir günə, təxminən 1000 dollara deşifrə edir. Əvvəllər isə bu analiz həftələrlə çəkirdi və qiyməti də bundan on dəfə baha idi.

HƏLƏLİK BU APARAT MÜALİCƏ ÜÇÜN YOX, YALNIZ TƏDQİQAT MƏQSƏDİLƏ NƏZƏRDƏ TUTULUB

Aparatı istehsal edən ABŞ-ın Life Technologies adlı texnologiya şirkəti yanvarın 10-dan sifarişlər alır. Şirkətin marketinq üzrə vitse-prezidenti Maneesh Jain deyir ki, DNA analizində vaxtın və xərcin belə azalması müasir genetika elminin inkişafına səbəb olacaq:

«Təsəvvür edin, eyni məbləğə siz daha çox iş görə bilirsiniz. Bu o deməkdir ki, daha çox nümunələri nəzərdən keçirərək daha çox tədqiqat apara biləcəksiniz. Sərf olunan zamanın azalması isə o deməkdir ki, indi eyni vaxtda daha çox eksperiment aparmaq olar. Bu isə tədqiqatların xeyli sürətlənməsi deməkdir».

ABŞ-dakı Baylor Tibb Kollecindəki İnsan Geni Sintezi Mərkəzinin direktoru Richard Gibbs deyir ki, 1000 dollara gen analizi illər əvvəl xəyal idi.

İnsan Geni Sintezi Mərkəzi bu aparatı birinci olaraq əldə edəcək 3 tibbi mərkəzdən biridir. ABŞ-dan kənarda isə bu aparatı yalnız bu ilin sonunda əldə etmək mümkün olacaq.

Ekspertlər deyirlər ki, bundan daha ucuz olan bu cür oxşar aparatlar bir gün xəstəxanalarda və həkimlərin müayinə otaqlarında adi avadanlıqlardan birinə çevriləcək.

GEN ANALİZİ ETİK PROBLEM YARADACAQMI?

Lakin bütün potensial faydaları ilə yanaşı genetik informasiyanın belə sürətlə əldə olunmasının bəzi etik narahatlıqları da var. Pensilvaniya Universitetinin bioetika mərkəzinin direktoru Arthur Caplan deyir ki, bu narahatlıqların başında şəxsi sirr məsələsi dayanır:

«İnsanın DNA-dan bir parça əldə etmək o qədər də çətin deyil. Biz bunu maraqlandığımız adamın paltarından, gözlüyündən də götürə bilərsiniz. Yəni biz gizli test riski ilə üz-üzəyik - kimsə sizin xəbəriniz və ya razılığınız olmadan genetikanızı yoxlaya bilər. Bu valideynlik iddialarından tutmuş ailə quracağınız insanın hər hansı xəstəliklə bağlı risk faktorunun olub-olmadığı ilə bağlı müxtəlif məsələləri ortaya çıxarır».

Bəs, sığorta şirkətləri sığorta xərclərini müəyyən etmək üçün müştərilərinin genetik profilini əldə etsə, ya da valideynlər doğulmamış uşaqlarının hansısa xəstəliyə meylli olduğunu qabaqcadan öyrənsələr necə olar?

Caplanın fikrincə, şəxsi sirlə bağlı hüquq normaları genetik informasiya sahəsinə də şamil olunmalıdır. Lakin Life Technologiesdən Maneesh Jain deyir ki, gen analizinin deşifrələnməsinin etik suallar doğurmağından çox faydaları var. Məsələn, ötən payız bu aparatın əvvəlki versiyası Almaniyada onlarla insanın ölümünə, yüzlərlə insanın xəstəliyinə səbəb olmuş öldürücü «e.coil» bakteriyası haqqında həkimlərə çox mühüm məlumatlar vermişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG