Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:53

«Hüseyniyyə»nin bağlanma səbəbi açıqlandı


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Yasamal rayonu, 1-ci Yasamal küçəsi, 37 ünvanda yerləşən Hüseyniyyə (“Qurangah”) adlandırılan ibadətxananın bağlanmasına münasibət bildirib.
Komitənin mətbuat xidmətinin məlumatına görə, Hüseyniyyə (“Qurangah”) adlandırılan ibadətxana əslində “Azərbaycan Karlar Cəmiyyəti” nin 4 saylı Tədris-İstehsalat Müəssisəsidir. Məlumatda bildirilir ki, namazxana Cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərirmiş:
“Cəmiyyətin prezidenti Tapdıq Xalıqov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktubla müraciət edərək “Qurangah”ın yerləşdiyi sahənin Cəmiyyətin balansında olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul əldə edildiyini bildirmişdir”.
Məlumatda qeyd olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Azərbaycan Karlar Cəmiyyəti”nə cavab məktubunda həmin ünvanda hər hansı dini icmanın dövlət qeydiyyatından keçmədiyini bildirib. Deyilir ki, “Qurangah”ın fəaliyyəti qanuna ziddir:
“Çünki “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər”.
Yasamal rayonunda 15 ilə yaxındır ki fəaliyyət göstərən və “Hüseyniyyə” adı ilə tanınan ibadətxana ötən Aşura mərasimindən sonra, dekabr ayının əvvəlindən bağlanıb. Yerli camaatın dediyinə görə, ibadətxanaya namaz qılmaq və dini tədbirlər keçirmək məqsədilə toplaşırlarmış. Yerli dindarlar AzadlıqRadiosuna ibadətxananın Milli Təhlekəsizlik nazirliyi tərəfindən guya burada dövlət əleyhinə təxribat hazırlanması adı altında qapadıldığını deyiblər. Milli Təhlükəsizlik nazirliyindən isə iddia olunur ki, bu məsələyə qurumun hər hansı aidiyyatı yoxdur.
XS
SM
MD
LG