Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Hökumətin «straus siyasəti», Ruslan Bəşirlinin işi…


Mətbuat icmalı
Mətbuat icmalı
-
«KÖHNƏ MƏDƏNLƏRƏ YENİ HƏYAT GƏLİB»

Bu sərlövhə ilə manşet verən «Azərbaycan» qəzeti yazır ki, Xəzər dənizində, Qum adasındakı köhnə yataqlar yenidən istismar üçün hazırlanır: «Baş ofisi Qum adasında qərar tutan «Bahar» Enerji Əməliyyat Şirkətinin yeni bir ruh gətirdiyi və ikinci həyat bəxş etdiyi «Qum-dəniz» neft və «Bahar» qaz yataqlarında hələ çox yeniliklər olacaq. Bir-iki ilin söhbəti var!..»

YAZDA AKSİYALAR GÜNDƏMƏ GƏLƏ BİLƏR

«Bizim yol» qəzeti isə politoloq Zəfər Quliyevlə müsahibə yayımlayıb. Zəfər Quliyev hesab edir ki, yazda aksiyalar yenidən aktuallaşa bilər. O deyir ki, rəsmi Bakı «straus siyasəti»ndən qurtulmalıdır: «Artıq dünya total korrupsiyaya uğramış, heç bir yeniliklərə getməyən sərt avtoritar rejimləri qəbul etmir. Bu cür avtoritar rejimlərə qarşı daxili və xarici üsullarla mübarizə ildən-ilə güclənir. Ona görə də, rəsmi Bakı İranın, Şimali Koreyanın vəziyyətinə düşmək istəmirsə, özü dəyişikliklərə start verməli, cəmiyyətin bütün tərəfləri ilə dialoqa başlamalıdır».

AVROPA MƏHKƏMƏSİNİN HAKİMİYYƏTƏ VERDİYİ VAXT BİTİR

«Azadlıq» qəzeti yazır ki, Avropa Məhkəməsinin «Yeni Fikir» Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin işi ilə əlaqədar Azərbaycan hökumətinə verdiyi vaxt yanvarın 17-də başa çatır: «Həmin vaxta qədər hökumət Strasburq məhkəməsinin R.Bəşirli ilə bağlı müraciətinə rəsmən cavab verməlidir».

Ruslan Bəşirli
Ruslan Bəşirli
Vəkil Əlayif Həsənov qəzetə bildirib ki, vaxtın bitməsinə bir həftədən az vaxt qalsa da, hökumətdən hər hansı tərpəniş yoxdur: «Ruslan Bəşirlinin işi Avropa Məhkəməsi tərəfindən icraata götürülüb. Qurum Azərbaycan hökumətinə müraciət göndərib ki, bu şikayətlə bağlı hansı etirazları varsa, bildirsinlər. Hökumətə təklif olunub ki, 2012-ci il yanvarın 12-nə qədər məsələnin dostcasına həlli ilə bağlı addım ata bilirsə, atsın. Amma indiyədək biz Azərbaycan hakimiyyətinin Ruslanla bağlı hər hansı addımını görməmişik…».

R.Bəşirli 2006-cı ildə hakimiyyətin zorla ələ keçirilməsində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

AZƏRBAYCANIN REGİONAL TƏHLÜKƏSİZLİKDƏ ROLU

«Yeni Azərbaycan» qəzeti yazır ki, Azərbaycanın artıq neft ixrac etməklə yanaşı, qaz yataqlarına malik olması faktı ölkə qarşısında yeni perspektivlər açır: «Məhz bu amil Azərbaycanın regional təhlükəsizlikdə oynadığı rolunun gələcəkdə daha da dərinləşməsinə şərait yarada bilər. Prezident İlham Əliyev təbrik nitqində bildirib ki, 2011-ci ildə aşkar etdiyimiz yeni qaz yataqları və keçən il aşkarlanan qaz yataqlarımız qaz potensialımızı böyük dərəcədə artıra bilib. Biz uzun illər bundan sonra böyük qaz dövləti kimi dünyada öz sözümüzü deyəcəyik…».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG