Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:37

"Merkozi" təhlükədə...


Angela Merkel və Nikola Sarkozi
Angela Merkel və Nikola Sarkozi

Avropa iqtisadiyyatını nə gözləyir? “Röyters” agentliyinin şərhi bu bardədir.

Agentliyin analitikləri hesab edirlər ki, avrozonadakı proseslər nikbinliyə əsas vermir.

Şərhdə deyilir ki, yeni il bayramı Avropadakı böhran mövzusunu bir qədər arxa plana keçirsə də, mövzu yenidən gündəmə gəlir, özü də daha kəskin formada.

Çünki Avropa liderləri qarşısında ard-arda siyasi, iqtisadi və maliyyə maneələri dayanmaqdadır.

Yunanıstanda maliyyə böhranı 2 il qabaq başlanıb. Və zaman ölkə liderlərinin əleyhinə işləyir.

DANIŞIQLAR HƏFTƏLƏRDİR UZANIR

Çünki onlar ölkənin müflis olmaması üçün Avropa Birliyindən və Beynəlxalq Valyuta Fondundan daha 130 milyard dollar borc almalıdırlar. Bundan ötrü isə Yunanıstan bəzi şərtlərə əməl etməlidir. Hökumət banklarla istiqraz dəyişdirilməsinə dair anlaşma əldə etməlidir.

Hökumət banklardan və investisiya fondlarından xahiş edir ki, öz dövlət istiqrazlarının dəyərinin 50 faiz itirilməsinə razı olsunlar. Dövlət də həmin pulla öz borclarını ödəyə bilsin. Amma danışıqlar həftələrdir uzanır.

Müstəqil ekspertlər hesab edirlər ki, əgər Yunanıstan nizamsız şəkildə iflasa uğrasa, bu, böhranla üzləşmiş ölkələrə, xüsusən İtaliyaya da çox mənfi təsir edə bilər.

Bundan başqa Yunanıstan və Fransada qarşıdakı aylarda seçkilər olacaq və seçkilərin nəticələri həmin ölkələrin bundan əvvəl qəbul etdiyi qərarların icrasının yubadılması, yaxud ümumiyyətlə qərarların dəyişdirilməsi ilə nəticələnə bilər.

Yunanıstan paytaxtı Afinada hökumətin kütləvi ixtisar planları etirazlar, 20 oktyabr 2011
Yunanıstan paytaxtı Afinada hökumətin kütləvi ixtisar planları etirazlar, 20 oktyabr 2011
Bu isə Avropa Birliyi üçün yaxşı hal deyil. Çünki birliyin qəbul etdiyi qərarlar bütün üzv dövlətlərin razılığı ilə qəbul edilir.

Bundan başqa Avropa Birliyi Beynəlxalq Valyuta Fonduna vermək üçün pulu tam şəkildə toplaya bilməyib. Birliyin üzvü olan Britaniya öz payına düşən pulu verməyib.

İTALİYA VƏ İSPANİYA ÖZÜNÜ SINDIRMIR

200 milyard avrodan artıq nəzərdə tutulmuş pul Beynəlxalq Valyuta Fonduna ona görə verilməliydi ki, böhranın dərinləşməkdə olduğu ölkələr, İtaliya və İspaniyaya önləyici kreditlər verilsin.

Amma həmin pulun toplanması da hələ o demək deyil ki, İtaliya və İspaniya o pulları götürməyə razı olacaq.

Həcmcə Avropanın üçüncü və dördüncü iqtisadiyyatı olan bu ölkələr həmin pulu almağa qətiyyən həvəs göstərmirlər.

Onlar nə özlərinin pis durumda olduqlarını etiraf etmək istəyirlər, nə də borcu almaq müqabilində Yunanıstan kimi kütləvi ixtisarlara getmək niyyətindədirlər.

Fransada isə tezliklə prezident seçkiləri olmalıdır və indiki dövlət başçısı Nikola Sarkozinin yenidən seçiləcəyini yüz faiz söyləmək çətindir, məsələ ikinci tura qala bilər.

İndiyəcən Avropa Birliyindəki mühüm qərarlar Sarkozinin Almaniya kansleri Merkellə
Mario Draghi
Mario Draghi
əməkdaşlığı sayəsində baş tuturdu.

Jurnalistlər bu əməkdaşlığa yarızarafat “Merkozi” adı da qoyublar.

Sarkozi yenidən seçilməzsə, böhranın ən ağır günlərində Avropa Birliyinin həcmcə ən böyük iqtisadiyyatları olan bu ölkələrin rəhbərləri dil tapmazsa, nə olacaq? Bu, ən pis ssenari olardı.

İndi yanvarın 30-da Avropa Birliyinin yeni sammiti olacaq.

Sammitdən yaxşı xəbərlər gözləməyə əsas verəcək amillər isə çox deyil.

Yalnız bir məsələ nikbinliyə bir qədər əsas verir. Avropa Mərkəzi Bankının yeni sədri Mario Draghi əvvəlki sədr kimi mühafizəkar deyil.

O, banklara qısa müddətli ucuz kreditlər verməyə meyllidir.

Bu isə avrozona iqtisadiyyatına indiki ağır məqamda müəyyən köməkdir.
XS
SM
MD
LG