Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:30
Nizami Rayon Mədəniyyət Mərkəzindən mənzərə...

Həyətin bir küncündə qalaqlanmış daş-kəsək, boş qutular, cırıq sellofanlar. Pillələr sökülüb-dağılır. Divarlarda çatlar. Zala girmək təhlükəlidir, tavan tamam əyilib. Yerdə yağış sularının qalığı, ovulub tökülən boya qırıntıları. Bu mədəniyyət mərkəzinin axırıncı dəfə nə vaxt təmir olunduğunu heç əməkdaşlar da xatırlamır. Təəccüblənməyin, bu dediklərim bir mədəniyyət mərkəzinin təsvirinə uyğun gəlməsə də, reallıqdır.

Zal qəzalı olduğundan Sovetdən qalma, bəziləri sökük-cırıq qırmızı oturacaqlar balaca foyedə düzülüb. Tədbirlər foyedə baş tutur, tamaşalar qonşu məktəblərdə oynanır.

Keşlə qəsəbəsindəki Nizami rayon mədəniyyət mərkəzi belə qarşılayır bizi. Bina XIX əsrin ortalarında tikilib, indi də təmirə dayanacağı günü gözləyir. Fövqəladə Hallar Nazirliyi onun qəzalı vəziyyətdə olduğunu desə də, əməkdaşlar işə gəlib-gedirlər.

«BİZ CAVAB GÖZLƏYİRİK»

Direktor Əbdürrərman Əmirxanov:

«Son yağışlardan sonra – 3 gün dekabrda yağışlar yağdı – ondan sonra artıq dam əyildi. Bu, ola bilər. Çünki köhnə binadır. Bu vaxta qədər də məlumat vermişik ki, binaya təmir lazımdır. Biz cavab gözləyirik. Deyilib ki, 2012-ci ildən nəsə tədbir görülməlidir. İcra hakimiyyəti də bunu deyir, Baş İdarə də».

SOBA BAŞINDA YIĞIŞAN ƏMƏKDAŞLAR VƏ DÖZÜMLÜ DİREKTOR

Mərkəzin 3 qadın əməkdaşı darısqal otaqda elektrik soba başına yığışıb, paltolarını da çıxartmayıblar. Onlar da etiraf edirlər ki, hava soyuqdur deyə dərnəklərə gələn-gedən çox azdır. Məşqlər şənbə-bazar günü olur. Direktorun otağında oturduğumuz müddətdə yalan olmasın biz də buz bağladıq. Hətta direktorun dözümünə heyran qalıb sözünü kəsməli olduq.

- Dekabrın 28-də Şirvanşahlar sarayında tədbir keçirdik.

- Əbdürrəhman müəllim, üşümürsüz burda?
- Vallah üşüyürük deyəndə… Bina çox köhnədir və qəzalıdır deyə qaz kəsilib. Nəsə daş düşə bilər, nə olar. Fövqəladə Hallar Nazirliyindən dedilər ki, təmirdən sonra qazı bərpa edəcəyik. İşığımız var hələ ki, zəif də olsa.

- Gələn-gedən varmı?

- Soyuq aylarda gələn azdır. İstilik olmur. Amma xalq teatrı var, ansambl var… Ancaq zal elədir ki, imkan yoxdur onu verək ansambla. Ansambl elə mənim otağımda məşq edir.

GƏNCLƏRƏ LAZIMDIR, AMMA ONLAR DA MARAQ GÖSTƏRMİR

Əbdürrərman Əmirxanov

Əbdürrərman Əmirxanov

Bu yerdə özümü saxlamayıb soruşuram, qəzalı, soyuq, üzvləri barmaqla sayılacaq mədəniyyət mərkəzi lazımdırmı? Direktor deyir ki, lazımdır: «Gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün mədəniyyət evləri lazımdır. Özü də hər rayonda, hər qəsəbədə olmalıdır…»

Amma direktor da etiraf edir ki, gələnlər məktəblilərdir, bir də stolüstü oyunlara qocalar maraq göstərir:

«Siz nə öyrənmək istəyirsiz? Bilmək istəyirsiz ki, bu mədəniyyət mərkəzi lazımdır ya yox? Onu bizdən yox, baş idarədən öyrənin».

Bunu isə NZS kimi tanınan qəsəbədəki Şövkət Ələkbərova adına mədəniyyət mərkəzinin direktoru Venera Quliyeva deyir. O, müsahibədən də imtina edir, qapıları açıb zalı göstərməkdən də. Sözarası mərkəzin təmirə ehtiyacı olduğunu da deyir.

«O KLUB ÇOXDAN TƏMİR OLUNMALIYDI»

Nizami Rayon Mədəniyyət Mərkəzi yaxınlığında sakinlərin də fikirlərini öyrənirik.
10 yaşlı Rəvan İbadzadə mədəniyyət mərkəzindən xəbərsizdir:

- Yox getməmişəm.

Anası Arzu İbadzadə isə deyir ki, özü həmin mərkəzə uşaqlıqda gedib.

- İndisindən xəbərim yoxdur.

Fərhad Ağayev:

- Klubu deyirsiz? Ora təmir lazımdır. Əl gəzdirmək lazımdır.

Eldəniz Məmmədov:

- Qəzalıdır bina. Köhnədən tikilib. Heç orda fəaliyyət göstərmək düzgün deyil. Çox qəzalıdır. Düzdür, klub müdiri özü nəsə edir. Amma kömək yoxdur. Uşaqlar üçün təhlükəlidir. 10 il əvvəldən təmir olunmalıydı ora, indi yox. Nəsə eləsinlər də. Mədəniyyət klublarının faydası da var. Uşaqlarımız şəhərə getməzlər. Nazirlikdən kömək etsələr nəyi pisdir.

Nizami Rayon Mədəniyyət Mərkəzinin səhnəsi

Nizami Rayon Mədəniyyət Mərkəzinin səhnəsi

13 yaşlı Orxan Fətullazadə mərkəzdə idmana gedir. Amma o da istəyir ki, bina təmir olunsun, otaqları qızdırılsın, duş almaq üçün şərait yaradılsın.

TƏMİR OLACAQMI?

Nizami Rayon Mədəniyyət Mərkəzinin bu il təmirə dayanacağı sual altındadır hələ. Bakı Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Eşqin Şadlinski deyir ki, 2011-2013-cü illərdə Qobustan adına mədəniyyət mərkəzi, Müşfiqabad mədəniyyət evi, Bibiheybətdə mədəniyyət evi, Nardarandakı klub təmir ediləcək. Nizami Rayon Mədəniyyət Mərkəzinin təmirə dayanıb-dayanmaması isə icra hakimiyyətindən asılıdır. Amma Eşqin Şadlinskinin yadına salırıq ki, həmin büdcə bu ildən onun işlədiyi İdarəyə verilib. Onun cavabı:

- İndiki hələ ilin əvvəlidir. Konkret məlumat yoxdur ki, nə qədər maliyyə ayrılacaq.

- Yəni mədəniyyət evlərinə nə qədər vəsait ayrılması bəlli deyil?

- O haqda məlumat yoxdur.

Maraqlıdır ki, nə Mədəniyyət Mərkəzinin direktoru, nə İdarənin məsləhətçisi, nə də Nizami rayon İcra Hakimiyyətinin rəsmiləri konkret suallara konkret cavab vermədilər. Məsələn, «bir mədəniyyət evinə il ərzində nə qədər vəsait ayrılır?» sualı cavabsız qaldı.

2012-ci ilin dövlət büdcəsindəsə deyilir ki, mədəniyyət obyektlərinin yenidən qurulmasına və ya əsaslı təmirinə 3 milyon manat ayrılıb.

Şərhləri göstər

XS
SM
MD
LG