Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01
AzadlıqRadiosunun «İşdən sonra» proqramına qonaq olan AXCP sədri Əli Kərimli İctimai Palatanın perspektivlərindən danışıb. Koordinasiya Şurasına seçkilərə qiymət verən partiya sədri deyib ki, seçkilər tam demokratik əsasda keçirilib:

«Bu seçki nəticəsində İctimai Palatanın Koordinasiya Şurası daha legitim oldu, üzvlərin etimadını qazandı. Sıralarımız bir az da artdı. Bu, İctimai Palatanın 2012-ci ildəki fəaliyyətinə müsbət təsir edəcək».

Əli Kərimli «Eurovision» ilində nəzərdə tutulan fəaliyyətlərindən də danışıb:

«Biz əlbəttə «Eurovision»un Azərbaycanda keçirilməsindən Azərbaycanın demokratikləşməsi üçün istifadə etmək fikrindəyik. Biz bu yarışmanın Azərbaycanda keçirilməsini Azərbaycanın dünyaya açılma fürsəti kimi tanıyırıq. Amma öz fəaliyyətimizi yalnız bu «Eurovision»la məhdudlaşdırmaq fikrində də deyilik. Biz hər zaman hüquqlarımız uğrunda mübarizə aparmalıyıq və Azərbaycandakı rejimin mahiyyətini dünyaya çatdırmalıyıq».

«AZƏRBAYCANA LİVİYA VARİANTI LAZIM DEYİL»

AXCP sədri deyib ki, dünyada demokratiyaya keçid eyni ssenari ilə baş vermir. İctimai Palata olaraq isə onlar demokratiyaya yumşaq keçidi qarşılarına məqsəd qoyublar:

«Azərbaycana Liviya variantı lazım deyil və biz özümüz buna imkan verməməliyik. Azərbaycanın demokratiya təcrübəsi var... Rusiya hazırda daha yumşaq bir keçidə söykənib. Bundan əvvəl Ukraynada və s. ölkələrdə nisbətən daha yumşaq, qansız-qadasız demokratiyaya keçidlər baş verib. Biz onsuz da demokratiyaya keçid işində yubanmışıq. İlklərin sırasında ola bilmədik… İndi biz milli qürurumuzu təmin etməliyik. Gec olsa da, qansız-qadasız, həqiqətən də böyük qarşıdurmalarsız dəyişikliyə nail olmalıyıq...».

«İSA BƏYƏ SƏS VERMƏYƏ ÇAĞIRDIM»

Koordinasiya Şurasına keçirilən seçkilərdə narazılıqlar barədə bəzi yazılara münasibət bildirən Əli Kərimli deyib: «Xalq Cəbhəsi Partiyası üzvlərinə seçkidən öncə Koordinasiya Şurasının tərkibinə, xüsusilə hamılıqla İsa bəyə səs verməyə çağırdım».

Əli Kərimli partiya üzvlərinin onun bu çağırışına qoşulmalarından məmnundur:

«Mən bu məsələləri böyütməyin tərəfdarı deyiləm. 17 nəfərdən biri olmaq Xalq Cəbhəsi və Müsavat partiyalarının sədrlərinin haqqıdır. Buna şübhə olmamalıdır. Əminəm ki, mənim müraciətim kimi İsa bəyin də belə bir müraciəti olub. Kimsə ona axıracan əməl etməyibsə, bu, Müsavatla bizim münasibətlərimizə qətiyyən xələl gətirə bilməz».

Verilişi tam olaraq buradan dinləyin:

Şərhləri göstər

XS
SM
MD
LG