Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:59
Gülgün

Üç yaşım vardı, ona görə də danışdıqlarımın çoxu yadımda deyil.

Yeni ilə az qalmışdı, anam mənimlə Gülnurəni Şaxta Babanın yanına apardı.

Atam o vaxt Moskvada idi.

Şaxta Babaya “Keçi” şeirini dedim.

Şaxta Baba mənə konfet verdi.

Şəkil də çəkdirdik.

O şəkil indi də məndə durur.

Anam boz plaşındadır, mən qucağındayam.

Bacım da yanımızda dayanıb, arxada isə Şaxta Baba.

Bir əli anamın çiynindədir, bir əli də bacının.

Qar qız yoxdu nədənsə.

Ana dedi ki, gülün, mən də gülürdüm, bacı da.

Şəkli ataya göndərdik.

Bayram gecəsi atayla danışdım.

Ona da dedim “Keçi” şeirini.

Bacı da dərslərindən danışdı ataya.

Ataya məktubu bacı yazırdı həmişə.

Anam deyirdi, bacı yazırdı.

Bayramdan üç-dörd gün sonra ata gəldi.

Bizə deməmişdi gələcəyini.

Qapını döydü, bizi heç öpməmiş ananın üstünə qışqırdı, güldanı ona atdı.

Bacıyla mən başladıq ağlamağa.

Biz qorxduq, qonşumuz Gülnaz xala gəldi.

Bizi apardı.

Daha anamızı görmədik.

Atamızı da.

Anamı həkimlər apardı, atamı polislər.

Biz nənəgildə qaldıq.


Şaxta Baba

İncəsənət Universitetində oxuyanda Aydını oynamaq istəyirdim. Ən böyük arzum bu idi. Təyinatımı M. şəhərində teatra verdilər. Kefim pozulmadı. O qədər böyük aktyor sənətə əyalətdə başlayıb sonra parlayıb ki.

Amma burda işlərim düz gətirmədi. Düz-əməlli bir tamaşa qoyulmurdu. İcra başçısının atası dramaturq idi. Ancaq onun əsərlərini qoyurdular. Polisin rəşadəti, Qarabağ, vətənpərvərlik haqda dramlar yazırdı. Mənə də elə-belə rollar verirdilər. Cəmi 150 manat maaş alırdım. Yarıac dolanırdım. Toya da getməyə ürəyim gəlmirdi. Bütün boş vaxtımda kitab oxuyurdum. Rayon kitabxanasında kitab qoymamışdım. Axırda evə internet çəkdirib kompyuterlə oxumağa başladım.

Bir gün bir dram yazdım. Onu rejissora göstərdim. Oxudu. Dedi sonra qoyarıq. Sonra ondan dramı istədim. Nə qədər axtardısa, tapa bilmədi. Dedi itirmişəm. Yaxşı ki, kompyuterimdə vardı. Bir müddət sonra dram səhnəyə qoyuldu. Amma müəllif yerində icra başçısının atasının adı vardı. Əvvəlcə xeyli əsəbləşdim. Sonra vecimə almadım. Yaxşı ki, baş rolu mənə verdilər. Pis oynamadım. Premyeradan sonra müəllif bizi qonaqlığa apardı. Cibimə yüz manat qoyub dedi ki, nə problemin olsa zəng vur. Təşəkkür elədim.

Kirayə pulunun əlindən cana yığılmışdım. Bir gün baş rejissor məni yanına çağırdı. Dedi ki, gözətçi ştatı almışam, onu sənə verim, gecə də burda qalarsan. Razılaşdım. Kitablarımı, kompyuterimi gətirdim. Gəlirim də 100 manat qalxdı.

Baş rejissor hamımıza Şaxta Baba paltarı aldı. Dedi bundan sonra kim istəsə, evlərə gedib Şaxta Babalıq edəcək. Aktrisa az olduğu üçün Şaxta Babaların çoxu tək işləyirdi. Qar Qızla bir yerdə 40, təkcə Şaxta Baba üçün isə 20 manat alırdıq. Pulun da yarısı teatrın idi. Yarım saata 10 manat qazanırdım.

Sonra məni göndərdilər Parkdakı yolkanın yanına. Günə 30-40 manat pul qazanırdım. Uşaqlara şeir dedizdirirdim, onları əyləndirirdim. Bir dəfə iki oğlu ilə gələn ata mənə 50 manat verdi. Öz şəhərimdə yəqin ki, park Şaxta Babası olmağa razı olmazdım, utanardım. Amma burda məni teatrın işçilərindən başqa heç kim tanımırdı.

Bir gün iki qızla anası gəldi. Qızın biri balaca idi, o birisi böyük. Şeir dedilər, onlara konfet verdim. Anası mənə gizlicə iki bağlama verdi. Onu da uşaqlara verdim. Sonra şəkil çəkdirdik. Sağollaşıb getdilər. Balacanın üzü elə gülürdü ki, səhərki dilxorçuluğum da keçdi.

Dörd-beş gün sonra bir cavan oğlan gəldi. Əlində də bir şəkil. Soruşdu ki, bu sənsən? Qızların anaları ilə çəkdirdiyim şəkil idi. Dedim ki, hə mənəm. Cibindən çıxartdığı bıçağı ürəyimə soxdu. “Sən kimsən ki, əlini mənim arvadımın çiyninə qoyursan?”. Eşitdiyim son söz bu oldu. Yerə yıxıldım. Xəstəxanada ayıldım. 1 ay xəstəxanada yatdım.


Nailə

Məktəbdə yaxşı oxuyurdım. Jurnalist olmaq istəyirdim. Şeir də yazırdım. Amma heç kimə göstərmirdim. O, əmimin oğlu idi. Məndən beş yaş böyük idi. Onlar kənddə yaşayırdılar, biz M. şəhərində. Uşaq vaxtı bir yerdə çox oynamışdıq.

Məktəbi qurtarıb qardaşlarının yanına, Moskvaya getdi. Mən 11-ci sinifdə oxuyanda qayıtdı. Bizə gəldi. Görüşdük. Hədiyyələr gətirmişdi. Şokoladlar, konfetlər, kolbasalar... Mənə əl vermədi. Dedim, yəqin böyümüşəm, artıq utanır.

Sabahısı gün anam məni mətbəxə çəkdi. Dedi Elman səninlə evlənmək istəyir. Razı olmadım. Dedim universitetdə oxumaq istəyirəm. Anam da qayıtdı ki, onsuz da bizim səni oxutdurmağa imkanımız olmayacaq, Elman səni Moskvada oxutduracaq. Rus sektorunda oxuyurdum. Mosvada universitet oxuyacağım arzusuyla qanadlandım. Elman da razılaşdı. Məni gəzməyə dəvət elədi. Onda dedi ki, özüm oxumamışam, heç olmasa sən oxu. Səylə imtahanlara hazırlaşdım. Moskva Dövlət Universitetinə daxil oldum. Yayda toyum oldu. Bir yerdə getdik Moskvaya.

Universitet evimizdən çox uzaq idi. Amma hər gün dərsə gedirdim, yaxşı da oxuyurdum. Amma bir gün Elmanın üzü döndü. Evə gəlib məni döydü, dedi ki, hamı lağ edir mənə. Deyirlər ki, yaxşı kişinin arvadı hər gün dərsə gedib başqa kişilərlə oturmaz. Mən təslim olmadım. Dərsə getməyə davam elədim. Hər gün davamız düşürdü. Axırda təslim oldum. Başqa neyləyə bilərdim ki? Bu yad, böyük şəhərdə öz gücümə necə qala bilərdim?

Birinci kursun axırında hamilə idim. Ərizə yazıb fasilə götürdüm. Gülnur doğuldu. O üç yaşına çatmamış Gülgün də doğuldu. Gülnurun məktəb yaşı çatanda Elman dedi ki, mən Moskvada qız oxuda bilmərəm. Qızlarımı da götürüm M.-ə qayıtdım. Elman da 4-5 aydan bir gəlib bir həftə, on gün qalırdı. Bizə vaxtlı-vaxtında pul da göndərirdi.

Nəhayət o gün... Gülnur ağlayırdı ki, məni Şaxta Babaya apar. Ağlı hələ kəsməyən Gülgün də ona qoşulmuşdu. Qızlarımı götürüb apardım parka. Şaxta Babaya şeir dedilər. Əvvəlcədən özüm düzəltdiyim hədiyyələri gizlicə Şaxta Babaya verdim. Qızlarım çox sevinmişdilər. Şəkil çəkdirdik. Şaxta Baba əsasını tutduğu əlini yüngülcə çiynimə qoymuşdu. İki nüsxə çıxartdırdım şəkli. Axşam qızıma yazdırdığım məktubla bir yerdə şəklin birini də zərfə qoyub ərimə göndərdim. Qoy qızlarını görüb sevinsin dedim. Axşam telefonla da danışdıq. Qızlar da danışdı. Şaxta babadan da danışdılar atalarına.

Yanvarın üçü idi. Bir də gördüm, qapı bərk-bərk döyüldü. Gözlükdən baxdım. Ərim idi. O gəlməli deyildi axı. Tez qapını açdım. Qapı açılan kimi uşaqlar onu gördü. Üstünə qaçdılar. Qızlara fikir vermədi. Məni itələdi, divana yıxıldım. Çox qəzəbli idi. Onu belə görməmişdim heç vaxt. Qayıdıb dedi ki, sənin əlindən Moskvada da qala bilmirəm. Kim şəkli görürsə, deyir ki, Şaxta Baba arvadını əlləyir, gör şəkildə belədirsə, şəkildən sonra neyləyiblər. Ağladım. Ona yalvardım ki, qulaq asma bu cür axmaq şeylərə.

Uşaqların ağlaşması məni lap dəli eləmişdi. Bu qədər əziyyət çək, onlara atalıq elə, analıq elə, müəllimlik elə, ataları da gəlib səni bu vəziyyətə salsın. Axırda bezdim. Dedim, sən yaxşı kişi olsan, uşaqlarının üstündə olarsan, gedib orda rus qızlarıyla gəzməzsən. Bunu deyən kimi gözümə qaranlıq çökdü. Yerə yıxıldım. “Rədd ol get matişkə məşuqənin yanına”. Eşitdiyim sön söz bu oldu. Cehiz xalçama qan damırdı. Elə o xalçanın üstündə öldüm.


Elman

Əmim əsgərlikdən sonra elə Moskvada qalmışdı. Əvvəlcə böyük, sonra ortancıl qardaşım onun yanına getdi. Mən hələ məktəbdə oxuyurdum. Əmimin qızını alan böyük qardaşım kəndə gəlmişdi. Dedi, məktəbi qurtar, əsgərlik işini pulla düzəldək, gəl yanımıza.

5 min manata hərbi bilet alandan bir həftə sonra getdim Moskvaya. Aeroportda məni ortancıl qardaşım qarşıladı. O subay idi deyə, onunla qalacaqdım. Bazarda meyvə satırdılar. Beş-on gün sonra bazarda meyvə satmağa başladım. Qardaşlarım meyvəni alıb gətirirdilər, mən də satırdım. Bir az sonra xalam qızını aldı qardaşım. Mən tək qaldım. 2-3 il sonra anam xəbər göndərdi ki, əmin qızı Nailəni sənə almaq istəyirik. Mən razı oldum. Gözümün qabağında böyümüşdü Nailə. Burda bir qızım vardı, mənə kömək edirdi bazarda. Onunla olurdum, amma onu almaq ağlımdan da keçmirdi. Bunlar kef çəkmək üçün idi, evlənmək üçün deyildi.

Nailəni mən görəndə balaca qızı idi. İndi xeyli qəşəngləşmişdi. Deyirdi, oxumaq istəyirəm. Başqa yolum qalmadı, dedim Moskvada universitetə gir, orda oxuyarsan. Girdi də. Amma qardaşlarım, bazardakı yoldaşlarımın əlindən bezar oldum. Bütün günü mənə lağ edirdilər, arxamca danışırdılar. Deyirdilər ki, universitetdə qızlar boş otaqlarda sevişirlər. Qızları yataqxanaya aparıb orda kef çəkirlər. Mən də dözə bilmirdim. Bir-iki dəfə işimi atıb universitetə, onun dalınca getdim. Tək çıxdı. Avtobusa mindi. Düz bir həftə arxasınca getdim. Bir-iki dəfə də gözünə göründüm, yalandan dedim ki, burda işim vardı. Məqsədim oydu ki, narahat olsun, bilsin ki, onu izləyirəm, ağlına başqa şey gətirməsin.

Bir gün işdən çıxandan sonra vurmağa getdik. Mağazadan 3 araq götürüb getdik “Şəki” kafesinə. Orda xeyli vurduq. Məclis yaxşı gedirdi. Lap axırda mənim satıcı qonşum qayıdıb dedi ki, istəyirəm işdən tez çıxıb universitetə gedim, yaxşı qızlar olur orda, bəlkə birini tutdum. Rusca düz-əməlli bilmirdi, qız tutan-zad da deyildi, sadəcə, mənə ilişirdi. Mən də stolun üstündəki butulkanı götürüb ona vurdum. Bizi sakitləşdirdilər. Daha oturmayıb evə gəldim. Nailəyə dedim ki, daha universitetə-zada getmirsən, qaxılıb oturursan evdə. Nailə ağladı, mən də dediyimi dedim, üstəlik qətiyyətimi göstərmək üçün bir-iki dənə də ilişdirdim. 2-3 ay gününü göy əskiyə bükdüm. Amma çox vurmurdum. Hamilə idi çünki. Uşağa bir şey olardı. Analıq məzuniyyətinə çıxdı. Daha qoymadım getməyə. Birinci uşağımız oldu. Adını da Nailə qoydu: Gülnur. Ad xoşuma gəlmişdi. Ona görə də razılıq verdim.

Gülnurdan sonra Gülgün oldu. Gülnurun 6 yaşı olanda Nailəyə dedim ki, mən Moskvada qız uşağı oxudan deyiləm, qayıt Azərbaycana. Bir az pul yığmışdım, ev aldım ona M.də.

Tez-tez gedirdim yanlarına, hər ay 500 dollar göndərirdim. Iki-üç gündən bir telefonla danışırdıq. Yeni İl qabağı gəlmək istəyirdim, amma heç cür alınmadı. Uşaqlara yeni il üçün 300 dollar göndərdim. Onlar da mənə məktub yazmışdılar. Şaxta Baba ilə çəkdirdikləri şəkli də göndərmişdilər. Əvvəlcə şəkildə bir şey hiss eləmədim. Şaxta Babanın ağac tutduğu əli Nailənin çiyninə dəyirdi, o biri əlini də Gülnurun çiyninə qoymuşdu.

Şəkli stolumun üstündən asdım. Beş-altı gün sonra bütün bazar bu şəkildən danışmağa başladılar. Özü də məni əsəbləşdirmək üçün mənə Şaxta Baba deyirdilər. Biri söz çıxartmışdı ki, Şaxta Baba məktəbdə müəllimdir, Nailənin məşuqəsidir. Bir nəfər guya onları bir yerdə evdən çıxanda görüb. Əvvəlcə vecimə almadım. Amma bu uzun müddət davam etmədi. Qardaşlarımdan da xəbərsiz təyyarəyə minib M.-ə gəldim.

Əvvəlcə parka gedib Şaxta Babanı tapdım. Şəkli göstərib dedim ki, bu sənsən? “Hə” deyən kimi bıçağı düz ürəyindən vurdum. Sonra evə gedib Nailəni vurdum. Bıçağı cibimə qoyub polisə getdim. Qardaşlarım pul töküb məni ömürlük həbsdən qurtardılar. 15 il iş aldım. Keçən dəfə evə zəng vurub anama dedim ki, uşaqları gətirin yanıma. Qızlarım məni görmək istəməyiblər. İndi Gülgünün 15 yaşı var, Gülnurun 18.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG