Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:34

Sulutəpədəki hadisələrə görə məsuliyyətə cəlb olunan yoxdur


Sulutəpədə sökülən evlərdən biri
Sulutəpədə sökülən evlərdən biri
ARDNŞ təhlükəsizlik xidmətinin işçiləri tərəfindən döyülənlərdən biri olduğunu deyən Seminarist Şərifov səbəbi hüquq-mühafizə orqanlarının həmin şirkət qarşısında aciz olmasında görür:

«MÜSTƏNTİQ DEDİ BELƏ İŞLƏRƏ GİRİŞƏ BİLMİRİK»

«Keçən ay Binəqədi polisinin müstəntiqi işi ləğv elədi. Dedi, “Neft Şirkətinin işçiləri adamları döysələr də biz o işə girişə bilmirik»».

Məcburi köçkün Seminarist Şərifov deyir ki, oğlunun Sulutəpədə tikdiyi evdə Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən döyülüb. Deməsinə görə, keçən ilin yanvarında həyətə gələn ARDNŞ işçiləri evin neft torpaqları üzərində qanunsuz tikildiyini deyərək ailə üzvləri qarşısında şərt qoyublar ki, ya pul verməlisiniz, ya da evinizi sökəcəyik. O, da buna etiraz edib, nəticədə döyülüb. Bu barədə Binəqədi rayon Polis İdarəsinə və Prokurorluğuna dəfələrlə şikayət ərizələri yazsa da, onu döyənlər bir ildir ki, cəzasız qalıblar:

«Oğlumdan 100 manat istəyirdilər, deyirdilər pulu verməsən, hasarını uçuracağıq, oğlum da o pulu vermədi, gəldilər, gəlinin qolundan tutub çölə atdılar, qarşılarına mən çıxdım, məni də hamının yanında döydülər, hasardan da 2-3 daş salıb getdilər».

EKSPERTİZA RƏYİ, ŞAHİD İFADƏLƏRİ VƏ XİTAM QƏRARI

Onun sözlərinə görə, oğlunun evində Dövlət Neft şirkətinin işçiləri tərəfindən döyülməsi ekspertiza rəyində, qonşularının və ailə üzvlərinin polis idarəsində yazdıqları şahid ifadələrində də təsdiqini tapıb. Binəqədi polis idarəsində həmin işçilərlə üzləşmə zamanı onu döyənləri də tanıyıb.

Seminarist Şərifov deyir ki, müstəntiq buna qədər də bir neçə dəfə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) başlanmış cinayət işinə xitam verib. Hər dəfə Binəqədi rayon Prokurorluğuna şikayət edəndən sonra Prokurorluq Polis İdarəsinə vətəndaşın şikayəti üzrə xüsusatları yenidən araşdırmasını tapşırsa da müstəntiq işə yenə xitam verib.

XİTAM QƏRARI LƏĞV EDİLİB...

Eldar Sultanov
Eldar Sultanov
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, Seminarist Şərifov ötən il yanvarın 23-də bir qrup şəxs tərəfindən yaşadığı ünvanda döyülməsi ilə bağlı Binəqədi rayon Prokurorluğuna müraciət edib. Mayın 27-də Binəqədi rayon prokurorluğunda həmin fakta görə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Aidiyyəti üzrə istintaqın aparılması üçün iş Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. İstintaq şöbəsində istintaq hərəkətləri aparıldıqdan sonra oktyabrın 14-də cinayət işinin icraatına xitam verilib.

Eldar Sultanov:

«Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən 14 oktyabr 2011-ci il tarixli xitam qərarı əsassız və qanunsuz olduğuna görə noyabrın 14-də rayon prokuroru tərəfindən ləğv edilib. Cinayət işi istintaqının davam etdirilməsi üçün Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Hazırda cinayət işi rayon polis idarəsinin istintaq şöbəsinin icraatındadır».

...AMMA İŞİN İCRAATI DAYANDIRILIB

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, Seminarist Şərifovun Dövlət Neft Şirkətinin təhlükəsizlik xidməti əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə şikayəti idarənin istintaq şöbəsində bir neçə dəfə araşdırılıb. Onun xəsarət alması barədə ekspertiza rəyi olsa da, konkret ARDNŞ işçiləri tərəfindən döyülməsi faktı təsdiqini tapmadığına görə birinci dəfə işə xitam verilib. Rayon prokuroru xitam qərarını ləğv edəndən və işi yeniləyərək rayon polis idarəsinə qaytardıqdan sonra – ötən ay istintaq şöbəsində cinayət işinin icraatı dayandırılıb:

«İttiham üçün kifayət qədər əsaslar olmadığına görə cinayət işinin icraatı dayandırılıb. Bu, lap sonuncu qərardır».

Seminarist Şərifov bu qərardan yenə də rayon prokuroruna şikayət edəcəyini deyir.

14 DEKABR HADİSƏLƏRİNƏ GÖRƏ ARAŞDIRMA GETSƏ DƏ...

Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşları sonuncu dəfə dekabrın 14-də Xocasənin Yuxarı Sulutəpə yaşayış massivinə gəlmişdilər. Bir neçə evi sökmüş, söküntüyə qarşı çıxan sakinləri döymüşdülər. Həmin vaxt döyülmüş Sulutəpə sakini Rəhman Tağıyev deyir ki, döyülmə faktı ekspertiza rəyi ilə də təsdiqlənib. Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən döyülməsi barədə Binəqədi rayon polisinə ərizə ilə müraciət edib, ancaq polis hələ də onu döyənləri məsuliyyətə cəlb etməyib.

DİN-dən Orxan Mansurzadə isə həmin gün baş verənlərlə bağlı Binəqədi rayon polis İdarəsinin İstintaq Şöbəsinə material daxil olmadığına görə heç bir araşdırma aparılmadığını dedi.
XS
SM
MD
LG