Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:44

ABŞ vətəndaşı İranda edama məhkum edilib


Amir Mirzaei Hekmati
Amir Mirzaei Hekmati
İran məhkəməsi amerikalı Amir Mirzaei Hekmatini ABŞ-ın kəşfiyyat idarəsinə işləməkdə suçlu bilib və onu ölüm cəzasına məhkum edib. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

İran Məhkəməsinin sözçüsü Gholamhossein Mohseni-Ejei agentliyə deyib ki, Amir Mirza Hekmati düşmən ölkə olan Amerika ilə əməkdaşlıq və ABŞ-ın kəşfiyyat idarəsinə casusluq etdiyinə görə barəsində ölüm hökmü verilib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi AzadlıqRadiosuna bildirib ki, onlar İran mətbuatının bu günkü məlumatından xəbərdardırlar, amma hələlik bir söz deyə bilməzlər.

Hekmati İraq və Əfqanıstanda ABŞ hərbi bazasında təlim keçməkdə ittiham olunur.

İran məhkəməsi daha əvvəl deyib ki, Hekmati Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri olduğunu etiraf edib, amma söyləyib ki, bununla İrana ziyan vurmaq niyyəti güdməyib.

Dekabrda İranın dövlət televiziyasında yaydığı video süjetdə Hekmati ABŞ hərbisində təlim keçdiyini və Mərkəzi Kəşfiyyat İdarəsi üçün Tehrana ikitərəfli casus kimi göndərildiyini söyləyib.

ABŞ rəsmilərinin fikrincə, açıq-aydın görünür ki, Hekmati bu etirafı təzyiq altında edib.

HEKMATİ ABŞ-IN HƏRBİ BAZALARINDA TƏRCÜMƏÇİ OLUB

Hekmatinin ABŞ-dakı qohumları da hesab edirlər ki, o, bu sözləri deməyə məcbur olub. Onlar söyləyirlər ki, keçmiş ABŞ hərbi dənizçisi Hekmati ABŞ-ın Əfqanıstandakı və İraqdakı hərbi bazalarında tərcüməçi kimi çalışıb. Qohumlarının sözlərinə görə, o, dörd ay öncə İrana nənəsinə baş çəkməyə getdiyi zaman həbs olunub.

Hekmtinin ailəsi dekabrda şikayət edib ki, məhkəmə ədalətli keçirilmir. Onların bəyanatında bildirilir ki, hökumət tərəfindən təyin edilmiş vəkil onunla məhkəmənin birinci gününə qədər görüşməyib.

Amir Mirzaei Hekmati
Amir Mirzaei Hekmati
Ailəsi onu da əlavə edib ki, onlar boş yerdən Hekmati üçün 10 ayrı-ayrı vəkil tutmağa cəhd göstəriblər.

28 yaşlı Hekmati ABŞ-ın Arizona ştatında doğulub, Michiganda orta təhsil alıb. Atası Ali Hekmati Michiganda kollecdə professordur.

Ali Hekmati deyir ki, oğlu ABŞ kəşfiyyatının casusu deyil və onun qohumları Dövlət Departamenti ilə ötən ilin sentyabrında, oğlu həbs olunandan sonra əlaqə yaradıblar.

DİPLOMATLARA GƏNCLƏ GÖRÜŞMƏYƏ İCAZƏ VERİLMƏYİB

ABŞ Hekmatinin azadlığa buraxılmasını tələb edir. Dövlət Departamenti deyir ki, İran İsveçrə səfirliyinin diplomatlarına Hekmatini məhkəmədən əvvəl və ya proses zamanı görməyə imkan yaratmayıb. ABŞ-İran əlaqələrinin olmadığı üçün İsveçrə rəsmi Vaşinqtonun maraqlarını bu ölkədə təmsil edir.

Bu gün səhər saatlarında İranın kəşfiyyat naziri deyib ki, onlar ABŞ kəşfiyyatına işləyən və martın 2-də keçiriləcək parlament seçkisini pozmağı planlaşdıran bir neçə adamı həbs ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG