Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:25

Adam harada dincələr...


XVIII əsr hamamı yeni təmirdə
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid
1 il 8 ay davam edən bərpadan sonra İçərişəhərdəki Ağa Mikayıl hamamı açılıb. Daha doğrusu, hər şey hazırdır, bir neçə gündən sonra darağını-boğçasını yığıb hamama gələnlərin üzünə açıq olacaq.

SUYA VƏ RÜTUBƏTƏ DAVAMLI

İçərişəhərdə Hamamçılar məhəlləsindəki Ağa Mikayıl hamamını başqa hamamlardan fərqləndirən başlıca xüsusiyyət onun tarixiliyidir. Hamam XVIII əsrdə tikilib. Ana divarın qalınlığı 1 metrdir. Köhnə hamamdakı ab-hava təmirdən sonra da qalır. Suya və rütubətə davamlı daşlardan tikilən hamam 4 ana sütun üzərində qurulub. Mərkəzi hissədəki günbəzin rolu təkcə görünüşü qabartmaq deyil. Hamamın müdiri Qorxmaz Xəlilov:

«Tavanı düz olan hamamların tavanında su yığılır, damcı-damcı tökülür adamın üzünə. Burda elə deyil. Bu günbəz əsas ona görədir. Burada su divarla süzülür, yerə tökülür. Hamam isə 18-ci əsrdən bu sütunların üzərində dayanır».

Hamamın mərkəzi hissəsində qədim üslublu vedrələr, mis qablar, su kranları, hovuzlar var. Hamamda ayrıca türk,
Cümə günü qadın günü, qalan günlər kişi günləri olacaq
Cümə günü qadın günü, qalan günlər kişi günləri olacaq
fin hamamı da var.

HƏFTƏ HAMAMININ BİR AYRI LƏZZƏTİ VAR

İçərişəhərli Kübra Xəlilova deyir ki, onun evində hamam olsa da, o, həmişə həftədə bir dəfə hamama gedir. Deyir ki, el hamamının ayrı ləzzəti var:

«Hamam mədəniyyəti deyilən bir şey var. Yaxşı-yaxşı çimirsən, bu hamamda buxar yaxşı olur. Həm də qadınlardır da. Bir yerə düşdün, maraqlı söhbət də olur, oğluna qız bəyənənlər də olur. Əsas odur ki, adamın canına yatır».

BURA TURİSTLƏR ÜÇÜN NECƏ CƏLBEDİCİ OLACAQ?

Azərbaycanın məşhur «O olmasın, bu olsun» filminin bəzi epizodları burada çəkildiyindən çoxları buranı «Məşədi İbad hamamı» da adlandırır.

Mir Teymur
Mir Teymur
​«İçərişəhər» Dövlət Qoruğunun məlumatında bildirilir ki, abidə öz fəaliyyəti ilə İçərişəhərə gələn turistləri şərq mədəniyyətinin ayrılmaz atributlarından olan hamam mədəniyyəti ilə tanış edəcək. Hamamın müdiri Qorxmaz Xəlilov deyir ki, turistlər gəlib ancaq giriş hissəsi ilə tanış ola bilər. İçəri ilə ən yaxşı tanışlıq isə hamamda çimməkdir.

İçərişəhər icmasının rəhbəri, rəssam Mirteymur deyir ki, lap qədimlərdən İçərişəhərdə hər məhəllənin, yəni 9 məhəllənin öz hamamı olub. İndi isə onlardan cəmi ikisi hamam kimi fəaliyyət göstərir:

9 HAMAMDAN 2-Sİ İŞLƏYİR

«İşləyən Ağa Mikayıl hamamıdır, bir də Qız Qalasına çatmamış sağ tərəfdəki hamam. Düz 60-cı illərə qədər Qasım bəy hamamı da işləyirdi. Sonra Yaşıl Aptek oldu. O biri hamamlar hamısı dağılıb. Bunlar bərpa olunmalıdır. O ki qaldı turistləri cəlb etməyə, qoy bəzi günlər muzey kimi, bəzi günlər isə hamam kimi işləsin. Necə ki, İspaniyada belə hamamlar var».

Rahib Azəri
Rahib Azəri
«İçərişəhər» Dövlət Qoruğunun mətbuat katibi Rahib Azəri deyir ki, Ağa Mikayıl hamamı kimi, digər abidələr də növbəsi çatdıqca, bərpa olunacaq:

«Əlbəttə, bu işlər dayanmayacaq. Növbə çatdıqca, məscidlər, hamamlar bərpa olunacaq. Bunlar tarixi abidələr, İçərişəhərin əsas görməli yerləridir. Hamısında təmir-bərpa işləri davam edəcək».

CÜMƏ GÜNÜ – QADIN GÜNÜ, QALAN GÜNLƏR...

Hamamdan çıxandan sonra bir stəkan çay içmək də yaddan çıxmasın. Bunun üçün hamamda bir guşə var.

Hamamın müdiri Qorxmaz Xəlilov deyir ki, həftənin cümə günü qadın günü, qalan günlər kişi günləri olacaq. Qadınların tələbatı artsa, bir gün də əlavə olunacaq. Qiymət 10 manatdır. Bu qiymətə çin, fin hamamlarından və müasir jakuzidən istifadə daxildir.
XS
SM
MD
LG