Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:44
İstədiyimiz şəkildə və istədiyimiz tezlikdə olmasa da yəqin bu suallar, zaman-zaman beynimizdə dolaşır: “Şəhər nədir?”, “Şəhər estetikası nə deməkdir?”, “Məkan, çevrə və təbiət təsəvvürümüz necədir?” və s. və i.a.

Mənzil sıxıntısı, gecəqonduların çoxalması, yoxsulluğun və qanun, demək ki, həm də hüquq pozuntularının artması, varlılarla yoxsullar arasındakı uçurumun dərinləşməsi, çox güman, doğma Bakının da həlli ertələnməz problemlərindən sayılır.

Hələ sağlıq-səhiyyə məsələləri, tıxaclar, çevrə kirliliyi, səs-küy və gurultunun dözülməzliyi, stress və intiharlar necə gözardı edilsin? Hələ ara-sıra gözə çarpan dilənçilik və ya hər an özünü xatırladan işsizliyə nə deyək? Bu mövzuları dilimizə gətirib, eninə-uzununa dartışaqmı?

Çevrəmizi Tanrı şəkilləndirir, ya bizlər?

Haradasa oxumuşam ki, çevrəmiz Uca Yaradanın bir təzahürüdür. Bəs belə isə, ozon qatının dəlinməsi, iqlim dəyişikliyi, quraqlıq və s. fəlakətlər nədən qaynaqlanır? İnsanlar nədən təbiətin imkanlarını zorlamağı üstün tuturlar? Niyə Tanrıdan üz çevirirlər?

Eyni dərəcədə bəsit və ya dərin görünəcək suallar bitmək bilmir.

Mənəvi şəhərdə yaşayaq?

Evə bir sığınacaq, binaya iş yeri, idarə və dükan kimi baxsaq, demək, yaşadığımız şəhərə də imkanlarını tükətdiyimiz bir zövq məkanı kimi yanaşmalıyıq. Doğru deyil?
Bu şəhərdə bizlərdən öncə yaşayanların izini silək, ya saxlayaq? Bu şəhəri dəyişən dəblərin, sayrışan kapitalın, dibsiz iştahın, ötərgi şıltağın, gəzərgi turistlərin məkanına çevirək, yoxsa inancımızın və duyğumuzun, beynimizin və qəlbimizin, dünənimizin və sabahımızın işartılarına yurd edək?

Bəlkə Bakının “ən ünlü adam”ını axtaraq?

Bəlkə Bakının “ən qədim ağac”ını tanıyaq?

Bəlkə “ən qədim quyu”sunu qoruyaq?

Bəlkə “ən qədim məzar”ını saxlayaq?

Bəlkə “ən şirin söz”ünü öyrənək?

Bəlkə “ilk Avropalı”sını tapaq?

Bəlkə, bəlkə, bəlkə... Bəlkə yüzillər boyu “ən gözəl gəlin”ini, “ən müdrik nənə”sini, “ən təhsilli sakin”ini, “ən parlaq toy”unu, “ən dərdli yas”ını, “ən peşəkar papaqçı”sını, hətta “ən mahir cibgir”ini tanıyıb-tanıdaq?

Bəlkə, elə bu “Can Bakı”da, elə bu yerdə danışaq-dartışaq və SBP-ni -- Sakinlərin Baş Planını yazaq?

Şərhləri göstər

XS
SM
MD
LG