Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:51

Aslan Quliyev "Gecə gəzintisi" (Hekayə)


Aslan Quliyev


GECƏ GƏZİNTİSİ

Türkiyəyə pul göndərməliyəm, amma pasportu evdə unutmuşam, Azada zəng eləyirəm, onun da pasportu özündə deyil, Eyvaz isə bizi Azəri-türk bankının qabağında gözləyəcəyini deyir, pasportunu da götürəcək.

Bank Xətai metrosunun yaxınlığındadır.

Metronun qabağında görüşür, banka gedib pulu göndəririk. Azadın qardaşlarının yaxınlıqda restoranı var, əməliyyatı uğurla başa çatdırmağı qeyd eləməyi qərara alırıq.

Rəhim Əliyevə də zəng eləyirik. Rəhim də gəlir, qeyd eləyirik, ədəbiyyat haqda, jurnalımız haqda, müxtəlif mövzularda danışır, gecədən bir qədər keçmiş ayağa qalxırıq. Rəhimlə Eyvaz gedir, Azadla ikimiz qalırıq, biz metroyla getməliyik. Lakin restorandan çıxanda mənim yadıma düşür ki, «Kapital» bankdan maaşımı almalıyam.

Restoranın işçisindən yaxınlıqda bankın filialı olub-olmadığını soruşuram. İşçi filialın beş addımlıqda olduğunu deyir, hələ bir əliylə istiqaməti də göstərir, düz gedin, Ali Məhkəmənin arxasındadır.

Hər ehtimala qarşı Azaddan soruşuram:

- Harda olduğunu bildin?

- Mən? – əlini sinəsinə qoyur.

- Hə də.

- Bankın harda olduğunu?

- Hə də.

- Səndən heç gözləməzdim!

Nə qədər olmuş olsa belə Azad şəhərdə yaşayır, şəhərli hesab olunur, onun şəhəri tanımasını şübhə altına almağım Azada toxunur, əslinə qalarsa belə əsasssız şübhəyə görə özümə də acığım tutur. Qardaşının restoranı burda, günü buralarda keçir, mənsə hələ bir soruşuram da, harda olduğunu bildinmi? Əlbəttə bilir, sən durub belə yersiz suallar verirsənsə, niyə də xətrinə dəyməsin?

Nə isə, gedirik «Kapital» banka doğru. Bank beşcə addımlıqda olmalıydı, bizsə yarım saatdı yol gedirik, bankdan əsər yoxdu, yol boyunca dükanlar sıralanıb. Külək əsir, xəfif külək mənə erkən yazda qırovu ərimiş yaşıl-sarı otların üzəriylə əsib gələn çöl küləyimizi xatırladır. Azadın şəhəri tanıdığına zərrəcə şübhə eləməsəm də, qəlbimdə şübhələr baş qaldırıb. Beş yox, azından min addım getmişik, bəs niyə yaxınlıqda olan banka çata bilmirik? Cürətsiz halda soruşuram:

- Düz getdiyimizə əminsən?

- Mən? – əlini sinəsinə qoyur.

- Hə də.

- Düz getdiyimizə?

- Hə də.

- Səndən gözləməzdim!

Bu dəfə yöndəmsiz suallara görə özümə acığım tutmur, məlum işdir, Azad buraları əlinin içi kimi tanıyır, amma nə bəladısa, biz beş addımlıqda olan bankı tapa bilmirik. Daha yarım saat gedirik, küçə fanarlarının işığında Azadın sifətində inamsızlıq, tərəddüd ifadələri görürəm və növbəti dəfə düz gedib-getmədiyimizi soruşuram. Bu dəfə Azad əlini sinəsinə qoymur, dayanır, sağa-sola baxır, mən belə qənaətə gəlirəm ki, o buraları birinici dəfədi görür. Bir az düşünür, əmin addımlarla qarşısında dayandığımız dükana girir, mən də onun arxasınca. Dükançıdan bankın yerini soruşuruq, deyir, əks istiqamətə gəlibsiz, geri qayıdın, düz gedib sola dönün.

Azad özünə haqq qazandırır, deyir, mən bankın məhz orda olduğunu bilirdim, amma başımız söhbətə qarışdığından hara getməli olduğumuzu unutmuşam. Söhbət məsələsində onu qınaya bilmirəm, bu arada bizim söhbətlərimizin əsas mövzusu «Yazı» jurnalıdı, iş o yerə gəlib çatıb, bəzən mənə elə gəlir Azadı bizim öz taleyimizdənsə, jurnalın taleyi daha çox düşündürür və belə mühüm mövzuda müzakirələr gedəndə əlbbəttə bankın harda olduğunu unutmaq olar.

Dükançı deyən kimi də eləyirik, gəldiyimiz yolu geriyə qayıdırıq və gəlib banka çatırıq, dayanırıq binanın qarşısında. Binanın qarşısında olsaq da mənim hələ də bankı tapdığımıza inanmağım gəlmir. Azad əlini təntənə ilə banka doğru uzadır: «Bu da bank!» Hər halda mən bu təntənənin arxasından onun nə demək istədyini başa düşürəm, yəni inanmırdın, soruşurdun, suallar verirdin, amma görürsən də, sayəmdə bankı tapdıq. Gözəl gecədir, bizim çöl küləyini xatırladan xəfif külək əsir, belə gözəl gecədə təbii ki, mən ona sənin yox, dükançının sayəsində deməyə lüzum görmürəm. Sənin sayənə qalsaydı biz bir saat da gedəndən sonra Sumqayıta çatmalıydıq deməyə isə heç lüzum görmürəm. Bizə bank lazımdı, bankı da tapmışıq.

Pulumu götürürəm, burdan metroya getməliyik. Hər ehtimala qarşı məndən sonra növbəyə dayanmış cavan oğlandan metronun yerini soruşuram. Oğlan metronun yaxınlıqda olduğunu deyir və əliylə istiqaməti də göstərir, düz gedin, sağa dönün, birbaşa gedib metroya çıxacaqsınız.

Azaddan soruşuram:

- Harda olduğunu bildin?

- Mən? – əlini sinəsinə qoyur.

- Hə də.

- Metronu?

- Hə də.

- Səndən heç gözləməzdim!

Bu dəfə ağ elədiyimi özüm də başa düşürəm, dolaşıq-qarışıq küçələrdə alçaq-hündür binaların arasına sığınmış bank başqa, Azadın gündəlik gəlib-getdiyi metro başqa. Mənasız sualdı, adam yerində inciyirdi. Yola düzəlib gedirik metroya tərəf. Əlbəttə, Azad metronun bütün stansiyalarını beş barmağı kimi tanıyır, amma nədənsə yarım saatdı yol gedirik, metrodan soraq yoxdu. Qaranlıq küçələrdən keçirik, bahalı restoranın həyəti ilə gedirik, restoranın pəncərələri qaranlıq küçəyə baxır, içərisi isə şam və elektrik işıqlarıyla işıqlandırılıb. Mən qaranlıq küçələrə baxan pəncərələrdən içəridə oturan adamları aydın görürəm, ölkədə məşhur olan adamlardılar. Yeyib içir, yarım saatdı metroya doğru yol gedən yazıçıları donuq baxışları ilə seyr edirlər.

Burda nəyinsə qaydada olmadığını hiss eləyirəm, yenidən cürətsiz halda soruşuram.

- Düz getdiyimizə əminsən?

- Mən? – əlini sinəsinə qoyur.

- Hə də.

- Düz getdiyimizə?

- Hə də.

- Səndən gözləməzdim!

Heç nə başa düşə bilmirəm, Azad əmindir, hələ bir ondan soruşuduğuma görə inciyir də, elə isə niyə gedib metroya çıxa bilmirik? Mənim hesabımla biz çoxdan metroya çatmalıydıq. Bir xeyli də gedirik və mən özümü saxlaya bilməyib yenidən soruşuram:

- Əminsən də?

- Bir dəqiqə! – Azad yerində dayanır, düşünür və inamla deyir: – Səhv gəlmişik, metro o biri küçədədir.

Dönürük və o biri küçəyə gedirik. Şəhərə son üç-beş ildə nələr oldu, hər tərəfi hasarlayıblar, bircə iki adamın yanaşı yeriyə bilmədiyi darısqal səki qalıb, biz bu qaranlıq səkiylə qaranlığa doğru addımlayırıq və metronun o qaranlıqda olmasına mənim heç əminliyim yoxdur. Maşınlar qaranlıqdan sıyrılıb çıxır, qoşa işıqları sinəmizə saplanır və mən hər dəqiqə ildırım sürəti ilə şütüyən maşınların yazıçıları metroya yox, o biri tərəflərə yola salacağı qənaətinə gəlirəm. Hər tərəf hasardır, heç yerə dönə, çıxa bilmirik. Azaddan soruşmağa da ehtiyac görmürəm, onsuz da səhv gəldiyimiz hər halından bəllidir.
Piramida şəklində tikilmiş hündür binaya yaxınlaşırıq, binanı gözəl işıqlandırıblar. Bəxtimizdən hardansa iki nəfər cavan oğlan çıxır. Azad onlardan metronun yerini soruşur, bizə cavab verən oğlan türk imiş, «geri kayıdın, deyir, kovşağdan sağa dönün, düz gedin». Azad «kovşağ»ın nə olduğunu bilmir, dərd deyil, yanında türk dili mütəxəssisi var, kovşağın nə olduğunu başa salıram, sözün düzü, bir qədər gec başa salıram və indi də gedirik kovşağa doğru. Amma yolayrıcına çatanda da ilişib qalırıq, bu dəfə heç birimizin əminliyimiz yoxdur, sağa dönməyə ürək eləmirik, sağa gedəriksə metronu tapmayacağımızı düşünürük.

Elə bu zaman hardansa Fövqəlade Hallar Nazirliyinin işçisi gəlir, özünün də o tərəfə getdiyini deyir, onun arxasınca düşürük. Fövqəlade hallar nazirliyinin işçisi nizami addımlarla addımlayır, cənablarınız da o cümlədən, Sovet Ordusunun ehtiyatda olan əsgəri kimi onun ardınca nizami addımlarla addımlayıram və geri qanrılıb Azada da səslənirəm: «Beni takib ele!» Türk qardaşımız gecənin qaranlığında ikicə dəqiqənin içində mənə türkcə danışmağı təlqin eləyib.

Mənə elə gəlir bu işçini itirəriksə, bir daha metronu heç vaxt tapa bilməyəcəyik. Azad isə arxada qalıb və nədənsə ucadan gülür. Bu da Fövqəlade hallar nazirliyinin işçisini tez-tez geri qanrılmağa məcbur eləyir, amma tez-tez geri qanrılmağı ona əsla nizami addımlarla addımlamağa mane olmur, o cümlədən mənə də.

İşçi birdən dayanır, dabanları üstə fırlanıb əlini irəli tuşlayır:

- Düz gedin, sağa dönün?

- Bəlkə sağa dönməyək? – etiraz eləyirəm.

- Niyə?

- Sağa dönəndə metronu tapa bilmirik.

- Dönün, tapacaqsız!

Fövqəlade hallar nazirliyinin işçisi mənim etirazımı qulaq ardlına vurub yoluna davam eləyir, biz də düz gedirik. Azad artıq gəlib mənə çatıb, deyir, məni çaşdıran «Kapital» bank oldu, yoxsa metronun yolunu əsla itirməzdim.

Düz gedir və sağa dönürük, birbaşa metroya çııxırıq. Azad farağat dayanıb əlini irəli tuşlayır: «Bu da metro!» Nə dediyi aydındı, yəni şübhə eləyirdin, inanmırdın, amma sayəmdə metroun tapdıq.

«Kapital» bankı axtarmağa isə heç ehtiyac yox imiş, metroda bankın bankomatı var imiş.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG