Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:40

İctimai Palata 2012-ci ildə ilk sessiyasını keçirir. Yanvarın 8-də Müsavat partiyasının qərargahında toplaşan İctimai Palata üzvləri bu gün Koordinasiya Şurasının tərkibi seçməlidirlər.

Azərbaycan dövlət himnini oxumaqla sessiyaya başlayan İctimai Palataya Müsavat başqanı İsa Qəmbər sədrlik edir.

İsa Qəmbər qurumun ötən ilki fəaliyyəti ilə bağlı qısa hesabat verib dedi ki, onlar ölkənin demokratik qüvvələrini bir araya toparlamağa və hakimiyyətə alternativ qüvvə kimi çıxış etməyə nail olublar:

“Biz demokratiyaya keçid yol xəritəsini hazırlamışıq, aksiyalar keçirmişik. Hədəfimiz o idi ki, parlament buraxılsın, yeni seçki keçirilsin”.

İP-İN BUİLKİ HƏDƏFİ NƏDİR?

İsa Qəmbər bildirdi ki, İctimai Palatanın bu ilki hədəflərini müəyyənləşdirməlidirlər:

“Parlamentin buraxılmasında yenəmi təkid etməliyik, yaxud daha tez nail ola biləcəyimiz daha zəif təkliflər səsləndirməliyik, ya da tələblərimizi daha da sərtləşdirməliyik? Hədəflərimizi müəyyənləşdirməliyik. Şəxsən mənim fikrimcə, biz İlham Əlievin istefasını tələb etməliyik və bunun üçün aksiyalar keçirməliyik”.

AXCP sədri Əli Kərimli həbsdə olan 2 aprel məhbuslarının azadlığa buraxılması üçün ciddi fəaliyyət göstərilməsinin vacibliyini vurğuladı: “Ən mühüm proritetimiz vicdan məhbuslarının azadlığa buraxılması olmalıdır”.

"RAFİQ TAĞININ QƏTLİNDƏ HAKİMİYYƏTİN MƏSULİYYƏTİ DƏ VAR"

Əli Kərimli çıxışında yazıçı Rafiq Tağının öldürülməsinə toxundu: “Rafiq Tağının 40-ı da çıxıb, amma hələ də qətlin üstü açılmayıb, bunun əlamətləri də görünmür. Qətl olan vaxtı ortada bir neçə versiya vardı, amma indi cəmiyyətdə bir versiya daha çox vurğulanır. Azərbaycan hakimiyyəti də məmnundur ki, diqqət bu versiyanın üstünə yönəlsin və məsuliyyətdən kənarda qalsın. Xeyr, Rafiq Tağının qətlində bu hakimiyyətin də məsuliyyəti var”.

AXCP sədri Fransa Senatının erməni soyqırımının olduğunun inkarının cinayət hadisəsi sayılması ilə bağlı qanuna diqqət yönəldib dedi ki, ölkənin demokratik düşərgəsi bu məsələdə Türkiyə ilə birgədir və Azərbaycan hakimiyyəti də öz mövqeyini ortaya qoymalıdır.

Əli Kərimli çıxışında ölkədə köklü dəyişiklik istəyən bütün qüvvələri birgə mübarizəyə səslədi.

“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu isə çıxışında ölkədə azad iqtisadi münasibətlərin olmadığından danışdı, bildirdi ki, minlərlə adamın əmlakı əlindən alınıb, orta sahibkarlıq məhv edilib:

“Hakimiyyətə gəlmək üçün adamların çoxsaylı suallarına cavab vermək lazımdır”.

Sabiq baş nazir Pənah Hüseyn isə Ziyalılar Birliyi ilə bağlı hakimiyyət rəsmilərinin dediklərini tənqidi yanaşdı. O, öz çıxışında bildirdi kİ, bu dəfə ölkənin problemləri cəmiyyətin “qaymağı”, ziyalısı sayılan təbəqənin dilindən səslənir və hakimiyyət bunun qarşısında tab gətirməyəcək.

İctimai Palatada az sonra Koordinasiya Şurasına seçki başlayacaq.

Koordinasiya Şurasına namizədlər təqdim olunur. 20 nəfərlik namizəd siyahısında AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, politoloq Leyla Əliyeva, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, sabiq baş nazir Pənah Hüseyn, ədliyyə generalı Vidadi Mirkamal, siyasi analitik Zəfər Quliyev və başqaları da var.

Hazırda namizədlər özlərini təqdim edir. Koordinasiya Şurasında 17 nəfər olmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG